| 
						
						
						 Azərbaycanın 
						birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti 
						Mehriban Əliyeva iyunun 2-də Vatikan Apostol Kitabxanası 
						ilə tanış olmuşdur. 
						
						Vatikan Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes 
						məlumat verərək bildirmişdir ki, dünyada tanınan ən 
						qədim kitabxanalardan olan Vatikan Apostol 
						Kitabxanasının əsası 1475-ci ildə qoyulmuşdur. Burada 
						tarixin müxtəlif dövrlərinə aid 1 milyondan artıq kitab 
						saxlanılır. 2007-ci ilin iyulunda bağlanan kitabxana 
						2010-cu ilin sentyabrında yenidən ziyarətçilər üçün açıq 
						elan olunmuşdur. 2014-cü ilin martından kitabxanada olan 
						3 mindən artıq nüsxənin rəqəmsallaşdırılmasına 
						başlanılmışdır. Bu prosesin dörd il ərzində həyata 
						keçirilməsi nəzərdə tutulur. 
						
						Mehriban Əliyevaya kitabxananın fəaliyyəti və texniki 
						imkanları, Heydər Əliyev Fondu ilə birgə həyata 
						keçirdiyi layihələr barədə ətraflı məlumat verilmişdir. 
						Diqqətə çatdırılmışdır ki, kitabxanada mövcud olan bir 
						çox əlyazmalar, o cümlədən Azərbaycana və regiona aid 
						müxtəlif əlyazmalar Fondun dəstəyi ilə bərpa 
						olunmaqdadır. Birinci mərhələdə 48, ikinci mərhələdə 16 
						əlyazma bərpa olunur. Üçüncü mərhələdə isə 11 əsərin 
						bərpası həyata keçiriləcəkdir. 
						
						Azərbaycanın birinci xanımına 50-yə yaxın qədim 
						əlyazmanın bərpa olunmuş variantları təqdim edildi. 
						
						Kitabxananın tərkib hissəsi olan Vatikan Məxfi Arxivi 
						XVII əsrin əvvəllərində kitabxanadan ayrılaraq müstəqil 
						bir qurum kimi fəaliyyət göstərməyə başlamışdır. Arxivdə 
						150 min nüsxə mövcuddur. 2012-ci ildə Vatikanın Məxfi 
						Arxivində saxlanılan Azərbaycana aid sənədlərin surəti 
						ölkəmizə təqdim olunmuşdur. Respublikamıza gətirilən 
						sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, 
						Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Roma 
						papalarına yazdıqları və onlara göndərilmiş cavab 
						məktublarından, müxtəlif missionerlərin Azərbaycandakı 
						siyasi cərəyanlarla bağlı gizli hesabatlarından 
						ibarətdir. Ümumilikdə, Vatikanın Apostol Kitabxanasında 
						Azərbaycana aid 60 qədim əlyazma aşkar olunmuşdur. Bu 
						sənədlər IX əsrdən XVIII əsrədək olan dövrü əhatə edən 
						çox nadir əlyazmalardır. Onların arasında Nizaminin, 
						Füzulinin, Nəsiminin və digər dünya şöhrətli Azərbaycan 
						şair və mütəfəkkirlərinin nadir əlyazmaları, eləcə də 
						indiyədək ölkəmizdə məlum olmayan bir çox orta əsr 
						alimlərinin elmin müxtəlif sahələrinə aid qiymətli 
						əsərləri vardır. 
						
						Azərbaycanın birinci xanımı Xəzər dənizi regionu və Orta 
						Şərq bölgəsini əhatə edən xəritələrə də baxdı. 
						Bildirildi ki, bu xəritələr kitabxananın qiymətli 
						nümunələri sırasındadır. 
						
						Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 
						və Vatikan Apostol Kitabxanasının direktoru Jan Lui 
						Bruqes "2015-2016-cı illərdə yeni əlyazmaların bərpa 
						edilməsi və onların rəqəmsallaşdırılması"na dair yeni 
						müqavilə imzaladılar. 
						
						Vatikan Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes 
						bu təşəbbüsə görə Azərbaycanın birinci xanımına 
						minnətdarlığını bildirdi və gələcəkdə əməkdaşlığın daha 
						da dərinləşəcəyinə ümidvar olduğunu söylədi. 
						
						Heydər Əliyev Fondunun qədim əlyazmaların bərpası işinə 
						məmnunluqla dəstək verdiyini qeyd edən Azərbaycanın 
						birinci xanımı qədim əlyazmaların ümumbəşəri dəyərlər 
						olduğunu vurğuladı. 
						
						Sonda qarşılıqlı hədiyyələr təqdim edildi. 
						
						AzərTAc |