| 
						
						Hörmətli forum nümayəndələri!  
						
						Sizi və sizin simanızda bütün Azərbaycan gəncliyini 
						səmimi qəlbdən salamlayır, növbəti ali toplantınızın işə 
						başlaması münasibətilə təbrik edirəm. 
						
						1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü 
						və iştirakı ilə keçirilmiş ilk gənclər forumu ölkəmizin 
						həyatında dərin iz buraxmışdır. Həmin mötəbər 
						toplantıdan sonra paytaxt və regionlarda gənclərlə 
						aparılan iş nəzərəçarpacaq dərəcədə canlanmış, böyüməkdə 
						olan nəslin problemlərinə diqqət xeyli artmışdır. 
						 
						
						Əsası ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər 
						siyasəti bu gün uğurla davam etdirilir. Azərbaycanın 
						ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, 
						intellektual və mənəvi inkişafının təmin olunması, 
						sosial problemlərinin həlli, innovativ ideya və 
						təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının 
						üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər 
						görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa 
						imkan verir.  
						
						Təqdirəlayiq haldır ki, bu gün cəmiyyətin ən fəal 
						hissəsi olan gənclər respublikamızın sosial-iqtisadi və 
						ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Onlar 
						elm, təhsil, mədəniyyət, idman və hərbi hazırlıq 
						sahəsində uğurlar qazanaraq Azərbaycanın dünyada 
						tanıdılmasına, Vətənimizin qorunmasına və dövlət 
						müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli 
						töhfələrini verirlər. 
						
						Ölkəmizdə demokratik cəmiyyətin və bazar 
						iqtisadiyyatının bərqərar olduğu şəraitdə yüksək savada 
						və geniş dünyagörüşünə malik olan, müasir 
						texnologiyalardan istifadə etməyi bacaran peşəkar 
						mütəxəssis və menecerlərə tələbat artır. Buna görə də 
						gənclərimiz mükəmməl təhsil almaq və biliklərə dərindən 
						yiyələnmək üçün daha inadla çalışmalıdırlar.  
						
						Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə 
						xalqımızın zəngin mədəniyyətinin və dilinin, 
						adət-ənənələrinin və milli-mənəvi dəyərlərinin qorunub 
						saxlanması müstəsna əhəmiyyət kəsb edir. Hesab edirəm 
						ki, forumda bu məsələ ətrafında da ciddi fikir 
						mübadiləsi aparılacaq, yeniyetmə və gənclərin 
						vətənpərvərlik ruhunda və azərbaycançılıq məfkurəsi 
						əsasında tərbiyəsinə xüsusi diqqət yetiriləcəkdir. 
						
						Müstəqillik illərində Azərbaycanda güclü vətəndaş 
						cəmiyyəti formalaşmışdır. Sevindirici haldır ki, bu 
						sahədə gənclər təşkilatları öz fəallıqları ilə 
						seçilirlər. Onlar dövlətdən hərtərəfli dəstək alaraq, 
						gənclərin intellektual və fiziki inkişafına, ictimai 
						fəallığının və təşəbbüskarlığının artırılmasına yönəlmiş 
						layihələr həyata keçirirlər. 
						
						Ümid edirəm ki, forumda aparılacaq müzakirələr və qəbul 
						olunacaq qərarlar qarşıdakı dövr üçün gənclər 
						siyasətinin prioritetlərinin müəyyənləşməsinə 
						əhəmiyyətli töhfə verəcəkdir. Ali toplantınızın işinə 
						uğurlar, hər birinizə möhkəm cansağlığı və gələcək 
						fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.  
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 2 iyun 2014-cü il
 |