Qafqaz Universiteti Texnoparkının ideya müəllifi və
təşkilatçısı olduğu "Yeni Fikir Müsabiqəsi"nin bu il
üzrə layihəsi başa çatıb. Bu münasibətlə Bakı Biznes
Mərkəzində müsabiqənin final mərhələsi və qaliblərin
mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə qeyd olunub ki, Qafqaz Universiteti
Texnoparkının Azərbaycanda sahibkarlığın və sənayenin
inkişafını dəstəkləmək, eləcə də texnoparkda ekosistemin
inkişaf etdirilməsi məqsədilə həyata keçirdiyi
layihələrdən biri olan "Yeni Fikir Müsabiqəsi"nin əsas
hədəfi gənclərdə sahibkarlıq hissini gücləndirməkdir.
Müsabiqə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin
inkişafına dəstək verir.
Artıq ikinci ildir ki, təşkil olunan "Yeni Fikir
Müsabiqəsi"ndə bu il bir sıra yeniliklər olub. Belə ki,
ilk növbədə gənclər arasında müsabiqəyə maraq artıb və
bunun nəticəsi olaraq təqdim edilən layihələr çoxalıb.
Əgər ötən il yarışmaya ilkin mərhələdə 57 layihə təqdim
olunmuşdusa, bu il onların sayı 229 olub. Keçən il qalib
layihələr üçün pul mükafatı nəzərdə tutulmadığı halda bu
il həmin məqsəd üçün kifayət qədər vəsait ayrılıb.
Sonra finala vəsiqə qazanmış 10 layihənin təqdimatı
olub: layihə rəhbərləri öz işlərini münsiflər heyətinə
təqdim ediblər. Finalçıların çıxışları maraqla
qarşılanıb. Münsiflər heyətinin yekun
qiymətləndirməsinin nəticələrinə əsasən real biznesə
yaxın 5 layihə qalib elan olunub. Birinci yerə layiq
görülən layihənin müəlliflərinə müvafiq diplomla bərabər
10 min, ikinci yerin sahiblərinə 5 min, üçüncü yerin
sahiblərinə isə 3 min manat mükafat verilib.
Mərasimdə çıxış edən Qafqaz Universitetinin rektoru,
professor Ahmet Saniç, münsiflər heyətinin sədri, "Yeni
Həyat" şirkətlər Qrupunun Direktorlar Şurasının üzvü
Mədət Rüstəmov qalibləri təbrik edib və yarışmanın
əhəmiyyətindən danışıblar.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |