Amerika alimləri universitet mühazirələrini
qeyri-səmərəli hesab edir |
Amerika tədqiqatçıları ənənəvi universitet
mühazirələrinin qeyri-səmərəli olması qənaətinə
gəliblər. Vaşinqton Universitetində çalışan
tədqiqatçı-alim Skott Friman 225 kursda tədris
metodunu araşdırıb. O, standart universitet
mühazirələrinin səmərəsiz tədris forması
olduğunu bildirib. Bu məlumat bəhs olunan
modelin son on illər ərzində köhnəlməsinə dair
fikirləri bir daha təsdiq edir. İlk Qərbi
Avropa universitetlərinin bizim eramızın
təxminən 1050-ci ilində yaranmasından sonra
mühazirələr tədris forması kimi dominantlıq
təşkil edib. Lakin müasir texnologiyalar
hazırkı universitet mühazirələrini daha maraqlı
etməyə imkan verə bilər. Skott Friman artıq
böyük universitet auditoriyalarında öz
konsepsiyasının tətbiqinə başlayıb. Qeyd
olunmalıdır ki, tədqiqat yeni metodun bir neçə
milyon insanın iştirak etdiyi açıq
onlayn-kurslarda nə qədər səmərəli olmasını
nəzərə almır. Lakin ABŞ Təhsil Departamenti
hesab edir ki, onlayn-mühazirə və
auditoriyalardakı ənənəvi mühazirələr arasında
hər hansı fərq yoxdur. |
|
Britaniyada universitet məzunlarının hər beş
nəfərdən biri milyonerdir |
Böyük
Britaniyada ali məktəb məzunlarının hər beş
nəfərdən biri milyonerdir. Bu barədə ölkənin
Milli Statistika Xidmətinin rəsmi açıqlamasında
qeyd olunur. "The Telegraph" qəzetinin
məlumatına görə, universitet təhsilli ölkə
vətəndaşlarının 20 faizi milyon funt-sterlinq
həcmində sərvətə malikdir. İqtisadi böhrana
baxmayaraq, son 4 il ərzində ölkədə varlı
insanların sayı iki dəfə artıb. Maraqlı haldır
ki, ayrı-ayrı milyonerlərin şəxsi
hesablarındakı pullar dövlət xəzinəsinin
vəsaitlərindən 6 dəfə çoxdur. Ekspertlər
universitet məzunlarının var-dövlət əldə etmək
səylərinin əsasında ali təhsilə çəkilmiş
xərclərin kompensasiya olunmasının dayandığını
bildirir. |
|
Rusiyada 90 universitet yenidən təşkil olunacaq |
Rusiyada
ali məktəblərin keyfiyyət monitorinqi üzrə
İdarələrarası komissiyanın ekspert qrupunun
növbəti iclası başa çatıb. "Uçitelskaya
qazeta"nın yazdığına əsasən, iclasda 8 dövlət
və bələdiyyə ali məktəbi, onların 206
filialının, eləcə də 85 özəl ali məktəb və
onların 226 filialının yenidən təşkil olunması
tövsiyə olunub. Rusiya Rektorlar Birliyi isə
monitorinqi ölkənin bütün təhsil sisteminin
dağılması faktoru kimi qiymətləndirib. Rusiya
Təhsil və Elm Nazirliyinin açıqlamasına görə,
iclasda 1000-dən artıq dövlət və özəl ali məktəb
və onların filiallarının fəaliyyətinə dair
analitik təhlil müzakirə olunub. İclasda yekdil
səslə 46 dövlət və bələdiyyə ali məktəbi və
onların 172 filialının, 26 özəl ali məktəb və
onların 7 filialının fəaliyyəti isə
məqsədəmüvafiq elan olunmayıb. |
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında |