Müasir
dövrümüzdə valideynlərin tez-tez "bizim dövrümüzdə
yeniyetmələr belə deyildi, biz belə hərəkətlər etməzdik,
biz bu cür danışmazdıq" kimi fikirlərlə övladlarını
tənqid etdiklərinin şahidi oluruq. Çox qəribədir ki, hər
dövrün orta yaşlı ata və anası düşünür ki, onlar öz
dövrlərində fərqli olublar. Məsələ burasındadır ki, hər
bir dövrün yeniyetməsi və gənci özünə daha çox bənzəyir,
nəinki keçmişə. Keçmişin onları qəbul edə bilməməsinin
səbəbi isə valideynlərin məsələyə subyektiv
yanaşmasıdır. Əslində illərdir ki, valideynlərin
yeniyetmələrlə bağlı şikayətlərinin səbəbi də məhz
bunlardır.
Yeniyetməlik dövrü 11-12 yaşdan başlayaraq 14-15 yaşadək
orta məktəbin beşinci-səkkizinci sinif şagirdlərini
əhatə edir. 11-13 yaşlı oğlan və qızları adətən kiçik
yeniyetmə, 13-15 yaşlıları isə böyük yeniyetmə
adlandırırlar, lakin yeniyetməlik dövrünün
başlanmasına və qurtarmasına dəqiq sərhəd qoymaq
olmaz. Müxtəlif amillərin təsiri altında həmin yaş dövrü
bir il tez və ya gec başlaya, yaxud əksinə, bir il və ya
gec başa çata bilər. Bu dövr özünün praktik əhəmiyyəti,
pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin
dinamikasında baş verən psixoloji xüsusiyyətləri ilə
diqqəti cəlb edir. Yeniyetməlik dövrünün əsas
xüsusiyyətləri uşağın öz "mən"ini qabartması, heç kəsi
qəbul etməməsi və özünün fikirlərinin hər kəsinkindən
daha düzgün hesab etməsidir. Sadalanan bu fikirlər
valideynlərə sözün əsl mənasında dəhşətli gəlir.
Dünənədək uşaq saydığı, asanlıqla öz fikirlərini
yeritdiyi və yönləndirə bildiyi övladı ilə ünsiyyət
qurmaq valideyn üçün müşkülə çevrilir. Valideynlə
yeniyetmə övladı arasında ən kəskin konfliktlər daha
çox erkən yeniyetməlik dövrünə təsadüf edir. Bu dövrün
özəlliyi ondan ibarətdir ki, valideyn övladının
böyüməsindən xəbərsizdir. O həmişəki tələbkarlığı edir,
amma əvəzində etiraz görür. Ata-ana çaşqınlığa düşür və
nə edəcəyini bilmir.Valideynlərə bu məsələni kimsə
xatırlatdıqdan sonra sanki onlar ayılırlar. Bəs ata-ana
övladının yeniyetməlik yaş dövrünə qədəm qoyduğunu nədən
bilməlidir? Aşağıdakı əlamətlərə fikir verək:
*
Səsin qalınlaşması və ya dəyişməsi.
*
Tər vəzilərinin aktivləşməsi.
*
Bədəndə fizioloji dəyişikliklər.
*
Bədən səthində tüklərin sərtləşməsi.
*
Uşağın özünün xarici görünüşü ilə həddindən artıq
maraqlanması.
*
Geyim və danışıq tərzində baş verən dəyişikliklər.
*
Müdaxilələrə qarşı verilən sərt reaksiya.
*
Tənqidə qarşı kəskin reaksiya.
*
Yaşıdlarına və sosial mühitə qarşı sonsuz maraq.
*
Əks cinsə qarşı meyil.
Valideynləri və müəllimlərlə daha çox konfliktlər
yaşayan yeniyetmə üçün ən qəbuledilməz şey onu tənqid
eməkdir.Yetkin insanların bu yaş dövründə olan övladını
anlaması çox çətindir. Buna görə də onlar yeniyetməni
dəyişmək üçün tənqid etməyə başlayırlar. Düşünürlər ki,
tənqiddə fayda var. Halbuki valideynin həmin yaş
dövründə olan övladını tənqid etməsi onları hər gün bir
az da valideyndən uzaqlaşdırır və yadlaşdırır.Yeniyetmə
bu zaman daha təhlükəli olur. Ailəsindən qopan
yeniyetmələr kənar destruktiv qruplara meyil göstərirlər
ki, bu da onların neqativ vərdişlərə yiyələnməsi ilə
nəticələnir.
Yeniyetməlik dövrünu "dönüş dövrü" və "böhran dövrü" də
adlandırırlar. Sözsüz ki, bu adlar çoxluğunun yaranması
tamamilə təbii xarakter daşıyır. Uşaq öz həyatının bir
mərhələsindən digərinə, yeniyetməliyə keçir. Bu vaxt
istər fiziki, istərsə də psixi inkişafda sürətli
irəliləyişlər özünü göstərir. Yeniyetmələrin əsas
problemlərindən biri valideynlərlə qarşılıqlı
münasibətdə yaranan anlaşılmazlıqlardır. Bu yaş dövründə
yeniyetmələrdə uşaqlıq asılılığından çıxmaq və
valideynlərlə qarşılıqlı inam, hörmət, etibar və s. kimi
münasibətlərə keçməyə tələbat yaranır. Valideynlər isə
əksinə, inkişaf edən belə bir bərabərliyə meyilli
olmurlar.
Valideyn-övlad münasibətlərində anlaşılmazlıqlar
əvvəllər də olub, ancaq o dövrlərdə həyat tərzi bir
qədər qapalı idi. Hazırkı dövrümüzdə isə, çox təəssüf
ki, valideyn-övlad münasibətləri getdikcə gərginləşib.
Burada günahı təkcə uşaqların üstünə atmaq olmaz. Söhbət
əgər qarşılıqlı hörmət və düzgün tərbiyədən gedirsə, bu
məsuliyyətli vəzifə əsasən valideynlərin üzərinə düşür.
Belə ki, valideynin uşağa nisbətən daha çox həyat
təcrübəsi var. Ata-ana bilməlidir ki, övladından yüksək
tərbiyə, hörmət gözləyirsə ilk növbədə özləri bu
keyfiyyətlərlə ona nümunə olmalıdırlar. Bir ailədə ki,
valideynlər övladlarına qarşı şiddət və zorakılıq
nümayiş etdirirlər, təbii ki, o ailədə böyüyən uşaqlarda
mənəvi-psixoloji travmalar yaranması ehtimalı çoxdur.
Bundan əlavə, əksər ailələrdə analar uşaqları ata ilə
qorxudurlar. Bu yaş dövründə valideynlər, çox təəssüflər
olsun ki, uşaqları ilə münasibətləri həll etmək üçün
dünənə qədər özlərinin düzgün saydıqları tərbiyə
üsullarından istifadə edirlər. Bu da çox zaman
yeniyetmənin faciəsi ilə nəticələnə bilər. Artıq uşağın
ataya qarşı hörmət və sevgisi birmənalı olaraq qorxu
hissinə çevrilir.
Valideynlər əslində uşağın öz dünyasını kəşf edə bilməsi
üçün ona imkan verməli, onlarda özlərinə qarşı inam
hissi yaratmalıdırlar.
Bəzən yeniyetməlik haqqında belə deyilir: "Bu dövrün
əsas xüsusiyyətləri ondan ibarətdir ki, o özünü dünənə
qədərki uşaqların arasında görmür, valideynləri isə
onları böyüklərin sırasına buraxmır". Əgər ata-ana
övladına azadlıq vermirsə, güvənmirsə, etibar etmirsə,
bu həmin yeniyetmənin ailədən tədricən uzaqlaşması ilə
nəticələnir. O özünə başqa bir sığınacaq axtarmağa
başlayır, bununla da yetkinlik yaşında olanlarda
psixoloji gərginliklər yaranır. Məsələn, elə valideynlər
var ki, geyim seçimlərində belə uşağa sərbəstlik
vermirlər. "Sən heç nə bacarmırsan", "sən işə
yaramırsan" və s. kimi sözlərlə uşaqların özlərinə qarşı
olan inamlarını qırırlar. Bu atmosfer altında
böyüyən uşaqlar təbii ki, gələcəkdə də daim
valideynlərinə qarşı rəqib münasibətində olurlar. Bunu
valideyn-övlad arasında gərginliklərin yaranmasının
ilkin səbəblərindən biri kimi göstərmək olar.
Valideynlə övlad arasında bu yaş dövründə hər hansı bir
konfliktin baş verməməsi üçün aşağıdakı məsləhətlərdən
yararlanmaq olar:
*
Övladlarınızı birbaşa tənqid etməyin.
*
Onların maraq aləminə daxil olun.
*
Fikirlərini sizinlə paylaşmasına çalışın.
*
Övladlarınızın dostu olmağı bacarın.
*
Özünüzü nümunə göstərməyin.
*
Yeniyetmə oğul və ya qızınıza həssaslıqla yanaşın.
*
Onları yaşıdları ilə müqayisə etməyin.
*
Övladlarınızın fikirlərinə önəm verin.
*
Onları qıcıqlandıra biləcək məsələlərə toxunmayın.
*
Uşaqlarınıza yaş dövrü haqqında informasiya verməyə
çalışın.
*
Onların geyim və görünüş məsələlərinə çox müdaxilə
etməyin.
*
Sevdikləri şeylərə qarşı birbaşa tənqid yağdırmayın.
*
Övladlarınızı olduğu kimi qəbul edin.
Aidə NƏBİYEVA,
Müasir Psixologiya Mərkəzinin baş psixoloqu |