Ötən
əsrin 90-cı illərindən başlayaraq təhsil sahəsində
aparılan eksperimentlərin, tətbiq olunan yeniliklərin
səmərəliliyinin artırılması, nəticələrin izlənilməsi,
proqnozlaşdırılması və korreksiya işlərinin vaxtında
həyata keçirilməsi məqsədi ilə təhsildə monitorinq və
qiymətləndirmə mexanizmi tətbiq olunmağa başlanmışdır.
Hazırda nəinki ölkəmizdə, hətta dünyanın inkişaf etmiş
bir sıra digər ölkələrində də təhsildə monitorinq və
qiymətləndirmə sistemi kifayət qədər mükəmməl qurulmayıb
və əksər hallarda bu, lokal xarakter daşıyır. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il
tarixli qərarı ilə "Azərbaycan Respublikasının ümumi
təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" təsdiq
olunmuşdur. Sənəddə müasir dövrdə şagird
nailiyyətlərinin qiymətləndirilməsi sisteminin
vəzifələri, əsas xüsusiyyətləri, bu sahədə mövcud olan
problemlər Konsepsiyanın yaradılması üçün zəruri
səbəblər, əsas qiymətləndirmə növləri, qiymətləndirmə
standartlarının və vasitələrinin hazırlanması və sair
məsələlər əks olunmuşdur. Konsepsiyada təlim-tərbiyə
işlərini müasir dövrün tələblərinə müvafiq qurmaq
məqsədilə qiymətləndirmə fəaliyyətinin aşağıdakı
tələbləri təmin etməsi qeyd edilir:
- təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm
vasitə rolunun yerinə yetirilməsi; təhsilin keyfiyyəti
üçün əsas göstərici olan şagirdin təlim nəticələri
haqqında etibarlı məlumatın verilməsi;
- qiymətləndirmə vasitəsilə şagirdin bilik və
bacarıqları haqqında kifayət qədər məlumat əldə
edildikdən sonra fənn kurikulumlarında və dərsliklərdə
müvafiq dəyişikliklərin aparılması;
- təhsildə olan bəzi neqativ hallara qarşı mübarizə
vasitəsi funksiyası;
- qiymətləndirmədə yeni yanaşmaların yaddaşa əsaslanan
qiymətləndirmənin əksinə olaraq, məntiqi təfəkkür
vərdişlərinin inkişafına xidmət etməsi.
Sənəddə qiymətləndirmə fəaliyyətinə qoyulan tələblərin
əməli vəzifəsi, hər şeydən əvvəl, məktəblərimizdə
təlim-tərbiyə işlərinin məzmun, forma, vasitə və
metodlarını təkmilləşdirmək yolu ilə təhsilin
keyfiyyətini əsaslı surətdə yaxşılaşdırmaqdan,
müəllimlərin yaradıcılığını artırmaqdan və məktəb
işlərinin keyfiyyətini bütünlüklə müasir dövrün
tələbləri səviyyəsinə qaldırmaqdan ibarətdir.
Qeyd etmək istərdik ki, respublikamızın ümumtəhsil
sistemində monitorinq və qiymətləndirmə həmişə mövcud
olmuşdur. Buraya şagirdlərin bilik səviyyələrini
dəqiqləşdirmək üçün aparılan yoxlama işləri, imtahanlar
və inspektor yoxlamaları aiddir. Lakin təcrübə göstərir
ki, bütün bu ənənəvi yoxlama (monitorinq) formaları
lazımi effekt vermir və onların bir sıra çatışmazlıqları
meydana çıxır:
- birinci, tədrisin vəziyyətinə nəzarət mütəmadi deyil,
epizodik xarakter daşıyır və buna görə də tədris
prosesindəki dəyişikliklərin dinamikasını müşahidə etmək
mümkün olmur;
- ikinci, əsasən, tədris prosesinin nəticəsi öyrənilir.
Bu halda tədris prosesinin özü, yəni bilik, bacarıq və
vərdişlərin formalaşdırılması yoxlayıcıların diqqətindən
kənarda qalır;
- üçüncü, bü növ yoxlamaların nəticələri yetərincə
şəffaf aparılmır, nəticələr təhlil olunduqda balla
qiymətləndirmədən istifadə edilir, bu isə şagirdlər
tərəfindən tədris kursunun mənimsənilməsi səviyyəsini
araşdırmağa imkan vermir.
Göstərilən çatışmazlıqlar əsas problemləri - şagirdlərin
biliklərindəki bu və ya digər boşluqların səbəblərini,
müəllimlərin işində olan çatışmazlıqları, şagirdlərin
təlim-tərbiyə prosesinə təsir edən mənfi amilləri
müəyyənləşdirməyə imkan vermədiyindən mahiyyət etibarilə
idarəetmədə dəqiq diaqnoz qoymaq mümkün olmur. Bu halda
təhsil prosesinin özü, onun yekunlarını müəyyənləşdirən
bilik və bacarıqların formalaşması diqqətdən kənarda
qalır. Nəticələrin yoxlanılması və təhlili zamanı
istifadə olunan qeyri-dəqiq məlumatlar, subyektiv qiymət
balları və yoxlama, tapşırıqlara verilən qiymətlər
bütövlükdə şagirdlərin təlim materiallarının məzmununu
nə dərəcədə qavrayıb-qavramadığını aydınlaşdırmağa imkan
vermir. Buna görə də təlim-tərbiyə prosesinin
nəticələrinin ardıcıl öyrənilməsi sisteminin yaradılması
və onun işləməsinin qaydaya salınması ümumtəhsil
məktəblərinin idarəetmə fəaliyyətində mühüm məsələyə
çevrilir.
Aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki,
ümumtəhsil məktəblərində sistemli, məqsədyönlü,
elmi-pedaqoji cəhətdən əsaslandırılmış qiymətləndirmə
sistemindən istifadə təmin edilmədiyindən məktəbdə təlim
- tərbiyə prosesinin keyfiyyət göstəriciləri getdikcə
aşağı düşmüşdür. Bu baxımdan ümumtəhsil məktəblərində
keyfiyyətin daha dəqiq, obyektiv ölçülməsi, bütövlükdə
müəssisənin fəaliyyətinin monitorinqi və
qiymətləndirilməsi üçün elmi cəhətdən əsaslandırılmış
yeni, etibarlı bir mexanizmin yaradılması zərurətə
çevrilmişdir.
Monitorinq və qiymətləndirmə ümumtəhsil məktəblərində
təhsilin keyfiyyətinin müəyyənləşdirilməsi üçün vacib
sayılan amillərdən biridir. Apardığımız müşahidələr
zamanı müəyyən olunmuşdur ki, hazırda ümumtəhsil
məktəblərində təhsilin keyfiyyətinin müəyyənləşdirilməsi
üçün mövcud qiymətləndirmə sistemində aşağıdakı
problemlər mövcuddur:
- şagirdlərin təlim nailiyyətlərinin
qiymətləndirilməsində obyektivliyin, şəffaflığın və
müstəqilliyin təmin olunmaması;
- şagirdlərin təlim nailiyyətlərinin
qiymətləndirilməsində biliyin keyfiyyətini
qiymətləndirmə meyarlarının olmaması;
- təlim prosesində şagirdlərdə formalaşdırılacaq
keyfiyyətlərin (ümuminsani, milli-mənəvi və s.)
məzmununun olmaması;
- didaktik sistemlərin, pedaqoji texnologiyaların
keyfiyyətinin qiymətləndirmə meyarlarının olmaması;
- müəllimin tədrisə hazırlığının keyfiyyətinin
müəyyənləşdirilməsi üçün meyarlar sisteminin olmaması;
- müəllimin tədris nailiyyətlərinin qiymətləndirilməsi
üçün meyarların olmaması;
- məktəb rəhbərlərinin mövcud nöqsanları aradan
qaldırması üçün təlim-tərbiyə prosesinin keyfiyyətinin
yüksəlməsinə yönələn təlim nəticələrinin müntəzəm
qiymətləndirilməsi sisteminin olmaması;
- məktəbin tədris fəaliyyətinin qiymətləndirilməsinin
vaxtaşırı monitorinqinin aparılması üçün meyarların
olmaması.
Müasir anlamda ümumtəhsil məktəblərində monitorinq və
qiymətləndirmənin başlıca məqsədi təhsil müəssisəsi
rəhbərlərinə, müəllimlərə, həm də şagirdlərə məktəbdə
təlim-tərbiyə prosesinin vəziyyəti haqqında obyektiv
məlumat vermək və təhsilin keyfiyyətini daha da
yüksəltmək imkanı yaratmaqdır.
Ümumtəhsil məktəblərində pedaqoji prosesin
səmərəliliyini və inkişafını müəyyənləşdirmək, ilk
növbədə, pedaqoji prosesin əsas iştirakçılarının
fəaliyyətinin məqsədəmüvafiqliyi üçün məlumatların
toplanması prosesidir. Bu zaman ekspertlərin
qiymətləndirməni aşağıdakı prinsiplərə əsasən aparması
məktəbin təlim-tərbiyə prosesinin keyfiyyəti haqqında
tam, müfəssəl təsəvvür əldə etməyə şərait yaradar:
- qiymətləndiriləcək obyekt (pedaqoji proses və yaxud
onun hər hansı elementi) barədə dəqiq və etibarlı
informasiyaların toplanması;
- monitorinq nəticəsində əldə olunmuş materiallar təhlil
olunduqdan sonra təhsilin keyfiyyətini qiymətləndirərkən
kəmiyyət ölçmələrindən istifadənin dəqiq aparılması;
- bunun üçün əvvəlcədən xüsusi normativ-hüquqi
sənədlərin hazırlanması;
- monitorinq müşahidələri ilə qiymətləndirmə zamanı
şəffaflığın təmin olunması məqsədilə nəticələr barədə,
həm də qiymətləndirmənin yerinə yetirilməsi haqqında
ictimaiyyətin və rəsmi orqanların mütəmadi
məlumatlandırılması;
- təhsilin keyfiyyətinin qiymətləndirilməsinin
beynəlxalq standartlara uyğun aparılması.
Ümumtəhsil məktəblərində real vəziyyətin obyektiv və
şəffaf təsvir olunması, müvafiq korreksiya işlərinin
aparılması, idarəetmə qərarlarının verilməsi üçün
sadalananların dəqiq müəyyənləşdirilməsi vacib hesab
edilir.
Ümumtəhsil məktəblərində təhsilin dinamik inkişafı üçün
hər dərs ilinin sonunda onun müvafiq göstəricilər
əsasında monitorinqinin və qiymətləndirilməsinin
aparılması müəssisənin gələcək fəaliyyət istiqamətini
düzgün müəyyənləşdirməyə imkan yaradır. Bu halda
aşağıdakı bir sıra vacib məsələlərin həlli ön plana
çəkilir:
- təhsilin keyfiyyətini müəyyən etmək üçün dövlət təhsil
standartlarının (parametrlərin, meyarların) işlənib
hazırlanması;
- ümumtəhsil məktəblərində şagirdlərin hazırlığının
keyfiyyəti barədə mütəmadi obyektiv məlumatın
toplanması;
- təhsilin keyfiyyətinin ictimai ekspertizası
(monitorinqi) üçün şəraitin yaradılması;
- təhsilin keyfiyyətinin monitorinqi və
qiymətləndirilməsi üçün yeni metodiki modellərin işlənib
hazırlanması;
- təhsilin keyfiyyətinin monitorinqi və
qiymətləndirilməsi məsələləri üzrə idarəetmə
qərarlarının qəbulu zamanı subyektivliyin minimuma
endirilməsi;
- məlumatların toplanılmasında dəqiqliyin, etibarlılığın
və nəticələrin şərh edilməsində şəffaflığın təmin
edilməsi;
- təhsilin keyfiyyətinə dair monitorinq və
qiymətləndirmənin nəticələrinin respublika səviyyəsində
vaxtında işıqlandırılması.
Bu mövqe təhsil sistemində, onun demokratik prinsiplərlə
idarə edilməsində və təhsilinin keyfiyyəti haqqında
düzgün informasiyaya əsaslanaraq qərarların qəbul
edilməsində xüsusi əhəmiyyət kəsb edir.
Müasir dövrdə təhsilin keyfiyyətinin idarə olunması,
inkişaf dinamikasının izlənilməsi və proqnozlaşdırılması
üçün real vəziyyətin öyrənilməsi vacib hesab edilir. Bu
işdə isə qiymətləndirmə mühüm pedaqoji vasitə kimi qəbul
edilir. Qiymətləndirmə təlim-tərbiyə prosesini
təkmilləşdirməyə, təlim prosesinin səmərəliliyini
yüksəltməyə, şagirdlərin nəyi mənimsədiklərini, nələri
öyrəndiklərini, hansı bacarıqlara malik olduqlarını və
onlarda hansı keyfiyyət dəyişikliklərinin formalaşdığını
müəyyənləşdirməyə obyektiv şərait yaradır.
Məhz qiymətləndirmə vasitəsilə təhsil müəssisəsi
rəhbərləri müəssisədə təlim-tərbiyə işinin səviyyəsi,
müəllim və şagirdlərin fəaliyyəti haqqında lazımi
informasiya toplayır və bunun əsasında işin
yaxşılaşdırılması üçün müvafiq qabaqlayıcı tədbirlər
həyata keçirirlər. Fikrimizcə, hazırda təhsilin
keyfiyyətinin müəyyənləşdirilməsi üçün tətbiq olunan
qiymətləndirmənin məqsədi aşağıdakı məsələlər haqqında
tam aydın təsəvvür əldə etməyə geniş imkanlar yaradar:
- məktəb kurikulumu üzrə şagirdlərin müvəffəqiyyət
göstəricilərinin güclü və zəif cəhətlərinin
araşdırılması;
-şagirdlərə verilən bilik, bacarıq və vərdişlərin
cəmiyyətin tələbatına uyğunluğunun müəyyənləşdirilməsi;
- fənn materiallarının çətinlik səviyyəsinin şagirdlərin
fiziki və anlaq səviyyəsinə uyğunluğunun
müəyyənləşdirilməsi;
- kurikulumun necə yerinə yetirilməsinə, əhalinin
təhsilə olan tələbat səviyyəsinin öyrənilməsi;
- şagirdlərin təlim göstəricilərinin fənlər üzrə
toplanmış nəticələr əsasında fənn kurikulumunun
dəyişilməsinə ehtiyacın olub-olmamasının
aydınlaşdırılması üçün müvafiq təkliflərin hazırlanması;
- müxtəlif şəhər, rayon və kənd məktəblərində fənlər
üzrə şagirdlərin təlim nailiyyətlərinin müqayisəli
təhlilinin aparılması və milli təhsil sistemindəki
vəziyyəti əks etdirən rəsmi hesabatların hazırlanması;
- müəllimlər tərəfindən istifadə edilən didaktik
vasitələrin, pedaqoji texnologiyaların, təlim
strategiyalarının təkmilləşdirilməsi;
- müəllimlərin elmi-pedaqoji hazırlıq səviyyəsinin
müəyyənləşdirilməsi və təkmilləşdirilməsi üçün müvafiq
tədbirlərin görülməsi;
- təhsil xidmətlərinin keyfiyyət dinamikasının
öyrənilməsi;
- təhsilin keyfiyyətli idarə olunmasının səmərəliliyinin
müəyyənləşdirilməsi.
Göründüyü kimi, təhsildə qiymətləndirmə sistemi təhsil
işçisinin səmərəli fəaliyyətinin üzə çıxarılması və
pedaqoji prosesin təkmilləşdirilməsi üçün vaxtında tələb
olunan tədbirlərin görülməsi məqsədini daşımalıdır.
Çünki qiymətləndirmə pedaqoji prosesi tənzimləməyə,
keyfiyyətini yüksəltməyə, həm də mövcud çatışmazlıqlar
barədə təhsili idarə edənlərin və valideynlərin
məlumatlandırılmasına xidmət edən yeganə pedaqoji vasitə
olduğundan, qiymətləndirmənin düzgün təşkili və
qiymətləndirmə aparılarkən məqsədin aydın olması
təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol
oynayır. Ona görə də ümumtəhsil məktəblərində elmi,
pedaqoji və psixoloji cəhətdən əsaslandırılmış
monitorinq və qiymətləndirmənin aparılması təhsil
prosesinin keyfiyyətinin yüksəldilməsinin ən mühüm
şərtlərindən biridır.
Təlim-tərbiyə prosesinin keyfiyyətinin, şagirdlərin
təlim nəticələrinin mütəmadi monitorinqi təhsilin
məzmununun yeniləşməsi, təhsil standartlarının tətbiqi,
dərs yükünün normallaşdırılması, təhsilalanların
sağlamlığının qorunması və möhkəmləndirilməsi mənəvi
tərbiyə problemlərinin kəskinləşdiyi şəraitdə də xüsusi
əhəmiyyət kəsb edir. İndi məktəbin qarşısında duran əsas
məsələlərdən biri ümumtəhsil məktəbində monitorinq və
qiymətləndirmə sisteminin yaradılmasıdır.
İlham CAVADOV,
Təhsil Problemləri İnstitutunun monitorinq və
qiymətləndirmə şöbəsinin müdiri,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent |