Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

Bayram tədbiri maraqlı çıxışlarla yadda qaldı

 

Böyütmək üçün şəkili seçinBakıdakı 20 nömrəli məktəb-liseydə dördüncülərin 28 may Respublika Gününə həsr olunmuş bayram tədbiri keçirildi. Dahi bəstəkar Ü.Hacıbəylinin "Koroğlu" operasının  uvertürasının sədaları  altında al-əlvan bəzədilmiş zala daxil olan dördüncülərin sonsuz sevinc və həyəcan hissləri aydın sezilirdi.

Öncə  Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Aparıcılar Zemfira və Cabir səhnədə 28 may Respublika Gününə həsr olunmuş bayram tədbirinin başlanmasını elan etdilər. "Canım Azərbaycan" mahnısı tədbir iştirakçılarında xoş ovqat yaratdı. Sonra məktəbin əlaçı şagirdlərindən olan Cabir Məmmədov 28 mayın Azərbaycanın şanlı tarixinə Respublika Günü kimi daxil  olduğu, hər il bu günün böyük təntənə ilə qeyd olunduğunu diqqətə çatdırdı. Dedi ki, 1918-ci il mayın 28-də bütün müsəlman Şərqində ilk dəfə vətənimizdə demokratik respublika yarandı və xalqımız azadlığa çıxdı.

Dördüncülərdən Qəmər Əsgərova, Kənan Məmmədov, Rəna Ağazadə, İsmayıl Bəşirli milli və dünya xalqlarının rəqslərini məharətlə ifa etdilər, vətənpərvərlik mövzusunda səslənən şeirlər, ifa olunan mahnılar iştirakçıları məmnun etdi.

Aytən, Nigar, Rəvan, Sənubər, Nihat, Zemfira, Həsən, Tahir, Məryəm, Mirsəid  və başqaları isə öz qısa çıxışlarında müstəqilliyimiz dövründə qazanılan uğurlardan söz açdılar, torpaqlarımızın  suverenliyi uğrunda canından keçən Milli Qəhrəman Mübariz İbrahimovun  şərəfli həyat yolundan bəhs etdilər. Ekranda Qarabağ savaşından görüntülər nümayiş olundu.

Tədbir bir də onunla əlamətdar idi ki, dördüncülər məhz həmin gün ibtidai təhsil pilləsini başa vururdular. Sevimli müəllimləri  Mehparə Həbibli ilə son görüşləri olsa da, qarşıda onları bir neçə fənn müəlliminin nəvazişi ilə əhatə olunmaq gözləyirdi.

Məktəbin direktor əvəzi Elşad Məmmədov çıxışında tədbiri yüksək dəyərləndirdi və rəngarəng çıxışlar hazırladıqlarına görə dördüncülərə, eləcə də onların sinif müəllimi Mehparə Həbibliyə  təşəkkürünü bildirdi. Qeyd etdi ki, bir neçə metodiki vəsaitin müəllifi olan M.Həbibli 54 ilə yaxın pedaqoji fəaliyyəti dövründə həmişə nümunəvi işi ilə gənc müəllimlərə örnək olub.

Tədbirdə çıxış edən valideyn B.Məmmədov övladının məhz Mehparə müəllimin sinfində təhsil aldığından məmnunluğunu ifadə etdi. Söylədi ki, lap kiçik yaşlarından uşaqların əllərindən tutub xoşbəxt gələcəyə aparan müqəddəs sənət sahiblərinin - müəllimlərin qarşısında baş əyirik. Ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan söz açan valideyn çıxışının sonunda gələcəyin qurucuları olan gül balaları bir daha təbrik etdi, onlara uğurlar arzuladı.

Bütün fəaliyyəti boyu öz işinə məsuliyyətlə yanaşdığını bildirən dördüncülərin sinif rəhbəri M.Həbibli hər zaman yetirmələrinin uğurlarından ruhlandığını söylədi. Artıq ona öz övladları qədər doğma olan builki dördüncülərin də gələcəyinə böyük ümidlərlə baxdığını vurğulayan M.Həbibli şagirdlərinin hər birinə təhsillərində və həyatlarında bol-bol nailiyyətlər dilədi. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov