İldən-ilə təhsil proqramları və üsulları mürəkkəbləşir,
mükəmməlləşir və uşaqların sərbəst yaradıcılıq imkanları
artır. Lakin məktəblilərin təlim-tərbiyə prosesi zamanı
elə problemlərlə rastlaşırıq ki, onları müəllim, həkim
və valideynlərin birgə səyi nəticəsində həll etmək
mümkündür. Belə problemlərdən biri və ən vacibi fiziki
fəallıqdır. Hərəkət bütün canlılara məxsus olan həyat
əlamətidir. Orqanizmin hərəkətə olan bioloji tələbatı -
"kinezofiliya" adlanır. Hərəki fəallıq uşaq və
yeniyetmələrin sağlam həyat tərzinin əsas komponenti
hesab edilir.
Sağlamlıq və sutkalıq hərəki fəallıq qarşılıqlı olaraq
əlaqəlidir. Hərəkətin və fiziki tərbiyənin
sağlamlaşdırıcı rolu aşağıdakılardan ibarətdir:
- Patogen mikroorqanizmlərin və ətraf mühitin əlverişsiz
amillərinin təsirinə orqanizmin qeyri-spesifik
davamlılığını artırır, nəticədə xəstələnmələrin
azalmasına səbəb olur,
- Böyümə və inkişaf proseslərini stimulə edir,
orqanizmin mühim sistemlərini inkişaf etdirir,
funksiyaları təkmilləşdirir,
- İstilik tənzimi reaksiyalarının güclənməsi nəticəsində
soyuqdəymə xəstəliklərinə qarşı orqanizmin davamlılığını
artırır,
- Hərəki analizatorların vaxtında formalaşması, əsas
fiziki keyfiyyətlərin (güc, itilik, cəldlik, dözümlülük,
müvazinət, koordinasiya) inkişafı nəticəsində orqanizmin
normal iş qabiliyyəti təmin edilir,
- Baş-beyin qabığı tonusunun artması və müsbət
emosiyaların yaranması ilə ruhi sağlamlığın mühafizəsi
və möhkəmləndirilməsinə səbəb olur.
Hərəkət azlığı "hipokineziya" və ya "hipodinamiya"
adlanır. Hərəki azlığın hansı səviyyədə olması və nə
qədər davam etməsindən asılı olaraq orqanizmdə baş verən
dəyişikliklər müxtəlif olur. Gündəlik həyatda hərəki
fəallığın kifayət qədər olmaması ilk əvvəl orqanizmin
adaptasiyasına və yeni fəaliyyət səviyyəsinə uyğun
olaraq yenidən qurulmasına səbəb olur. Belə fizioloji
yenidənqurulma orqanizmin vəziyyətində zahirən əks
olunmur. Lakin orqanizmin rezerv imkanlarını səfərbər
etmək lazım olan ekstremal vəziyyətlərdə hipokineziyanın
nəticələri özünü büruzə verir.
Hərəki fəallıq məhdudiyyətinin davam etməsi patologiya
(xəstəlik) qabağı vəziyyətlərin inkişafına gətirib
çıxarır. Bu vəziyyətin səciyyəvi əlamətlərinə aiddir:
- Orqanizmin ümumi qeyri-spesifik rezistentliyinin
azalması (tez-tez xəstələnmə),
- Fiziki iş zamanı tez yorulma,
- Vegetativ funksiyaların aşağı funksional imkanları və
hərəki keyfiyyətlərin inkişafının geri qalması,
- Fiziki inkişafda dəyişikliklər - adətən, artıq piy
hesabına kütlə artıqlığı (fiziki inkişafın pozulması,
artıq çəki), qamət pozulmaları, skoliozlar, kifozlar və
s.
Hələ Ərəstun (Aristotel) öz zamanında söyləmişdi: -
"Uzunmüddətli fiziki hərəkətsizlik qədər insanın məhvinə
səbəb olan başqa bir şey yoxdur". Texnologiyaların
yüksək səviyyədə inkişaf etdiyi, texnoloji komfort
şəraiti yaranan müasir dövrümüzdə isə azhərəkətli
həyat tərzi problemi, xüsusilə də, hərəki fəaliyyətə
böyük ehtiyacı olan uşaq və yeniyetmələr üçün aktual
məsələlərdən hesab edilir.
Uşaq və yeniyetmələrin oturaq həyat tərzinə keçməyinin
bir sıra səbəbləri vardır. Bu səbəblərdən biri dövrün
tələbi olan məktəb tədrisinin intensifikasiyasıdır. Elm
və texnika inkişaf etdikcə məktəblilərin gələcək
həyatları üçün daha çox informasiyanın, biliyin alınması
zərurəti yaranır. Bu, məktəblilərin tədrisə ayırdığı
vaxtın artmasına gətirib çıxarır. Kiçik siniflərdə 5-6,
yuxarı siniflərdə 7-8 dərs uşaq və yeniyetmələrin 4-7
saatını məktəbdə oturaq vəziyyətdə keçirməsinə səbəb
olur. Daha sonra ev tapşırıqlarının yerinə yetirilməsi
gün ərzində onları 2-4 saat ərzində masa arxasında
oturmağa məcbur edir. Yuxarı siniflərdə, ali məktəblərə
hazırlıq dövründə isə bu vaxt artaraq hətta 7-8 saat,
bəzən də daha çox təşkil edir. Digər tərəfdən,
həyatımıza sıx daxil olmuş müxtəlif kompüter
texnikaları, videooyunlar, sosial şəbəkələr, televiziya
verilişləri öz təsirini göstərir. Əvvəllər hər asudə,
hətta boş olmayan vaxtlarında belə həyətə can atan uşaq
və yeniyetmələri, hazırda asudə vaxtlarının böyük
hissəsini kompüter və televizor arxasında keçirən nəsil
əvəz etmişdir. Beləliklə, müasir uşaq və yeniyetmələrin
ayıq qalma vaxtının 80-90 faizi oturaq vəziyyətdə keçir.
Oturaq həyat tərzi keçirən uşaqlarda tez yorulma baş
verir, iş qabiliyyəti enir, tez-tez baş ağrıları olur.
Bundan əlavə, vaxtının çox hissəsini kompüter və TV
arxasında keçirən məktəblilərdə görmə problemləri ilə
yanaşı, emosional gərginlik yaranır ki, bu da yuxunun
pozulması, iş qabiliyyətinin aşağı enməsinə səbəb olur.
Oturaq həyat tərzi nəticəsində qan dövranı yavaşıyır,
orqan və toxumalara qan vasitəsi ilə daşınan oksigen və
qida maddələri azalır. Nəzərə alsaq ki, bu yaşlar
orqanizmin böyümə və inkişafı, formalaşması dövrüdür,
orqan və sistemlərin qidalanmasının belə pisləşməsi
onların normal inkişafının pozulmasına gətirib çıxarır
və patologiyaların yaranmasına səbəb olur. Belə
uşaqlarda tədricən onurğa əyilmələri, yaxından görmə,
həzm sistemi problemləri, müxtəlif xəstəliklər inkişaf
edir, bir sıra xəstəliklərin isə rüşeymi qoyulur.
Məlumdur ki, inkişaf dövründə skelet və əzələlər düzgün
formalaşmırsa, nəinki dayaq və hərəkət funksiyaları,
həmçinin vegetativ funksiyalar - qan dövranı, tənəffüs,
həzm, ifrazat və nəsil artırma funksiyaları da pozulur.
Hərəki fəallığın azalması əsas mübadilə səviyyəsinin,
arterial qan təzyiqinin enməsinə, əzələ kütləsinin, qan
plazmasının həcminin və eritrositlərin sayının
azalmasına səbəb olur.
Bəs bunun qarşısını necə almaq olar? Əlbəttə, ilk
növbədə, uşaqların gün rejiminin düzgün qurulması mühüm
əhəmiyyət daşıyır. Gün rejiminin mühüm əhəmiyyətli
sağlamlıq amili olan komponenti açıq havada
gəzintilərdir. Məktəblilərin gün rejimində fəal
istirahətə kifayət qədər vaxt ayrılmalı və bu vaxta
riayət edilməlidir. Bu komponent fəaliyyət prosesində
orqanizmin enmiş funksional vəziyyətinin və iş
qabiliyyətinin bərpası üçün ən səmərəli istirahət
növüdür. Gəzintilərin səmərəliliyi qanın oksigenlə
zənginləşməsi, oksigenləşdirmə proseslərinin və toxuma
tənəffüsünün yaxşılaşdırılması, üzv və toxumalarda
yerləşmiş reseptorlardan gələn impuls sellərinin
baş-beyin qabığına və qabıqaltı törəmələrə olan
tonuslaşdırıcı təsiri ilə əlaqədardır. Açıq havada
hərəkətli oyunlar, orqanizmin möhkəmləndirilməsi,
ultrabənövşəyi şüa çatışmazlığı və hipodinamiyanın
profilaktikasında da təsirli vasitədir. Məktəblilər ev
tapşırıqlarından əvvəl və sonra, gecə yuxusundan əvvəl
açıq havada olmalıdırlar. Məktəbli 1,5-2 saat açıq
havada olduqdan sonra onun iş qabiliyyəti yüksəlir.
Kiçikyaşlı məktəblilərdə açıq havada ümumi olma müddəti
3-3,5 saat, orta yaşlı məktəblilərdə 2,5-3 saat, yuxarı
siniflərdə isə 2-2,5 saat təşkil etməlidir. Müasir
şəraitdə məktəblilərin həddən artıq yüklənməsi gün
rejiminin məhz bu komponentinin pozulmasına səbəb olur:
açıq havada olma müddəti qısalır, uşaqların hərəki
fəallığı azalır.
Valideynlər kişik yaşlardan uşaqlarda səhər idmanı etmək
vərdişi formalaşdırmalıdırlar. Yaxşı olar ki, səhər
idmanı açıq havada (bağda, parkda) qaçış və müxtəlif
idman hərəkətləri formasında olsun. Uşaqların
sağlamlığından asılı olaraq onların əlavə idman növləri
ilə məşğul olması da məqsədəuyğundur.
Məktəblilərin ev tapşırıqlarını yerinə yetirdikləri
zaman hər 45 dəqiqədən bir 5-10 dəqiqə ərzində idman
hərəkətləri etməsi də orqanizmdə olan statik gərginliyin
və oturaq vəziyyət nəticəsində yaranan qan durğunluğunun
aradan qaldırılmasına kömək edir.
Məktəblərdə oturaq həyat tərzi problemlərinin
profilaktikası məqsədilə müxtəlif tədbirlər görmək olar.
Bu tədbirlərə dərslər başlamazdan əvvəl 10-15 dəqiqə
müddətində səhər idmanının təşkil edilməsi, dərslər
zamanı, xüsusilə də kiçikyaşlı məktəblilər üçün dərsin
20-ci dəqiqəsində 2-4 dəqiqəlik idman pauzalarının
təşkilini aid etmək olar. Məktəblərin həyətində tənəffüs
zamanı məktəblilərin fəal oyunları üçün xüsusi zonalar
ayrılmalı və 2-3-cü dərsdən sonra tənəffüsdə
müəllimlərin nəzarəti altında şagirdlərin hərəkətli
oyunları təşkil edilməlidir. Məktəblilərin tədris zamanı
hərəki fəallığını artırmaq üçün hazırda bir sıra
ölkələrdə (ABŞ, Almaniya, Rusiya və s.) dərs
məşğələlərinin bir hissəsini ayaq üstə keçirməyə imkan
verən kontorkalardan istifadə edilir. Tədrisin belə
təşkili zamanı məktəblilərdə fəallıq artır, iş
qabiliyyəti yüksəlir, yorulma gec baş verir.
Sonda XVIII əsrdə yaşamış fransalı həkim Tissonun
sözlərini yada salmaq istəyirəm: "Hərəkət, təsirinə görə
demək olar ki, bütün dərmanları əvəz edə bilər, lakin,
dünyanın bütün dərmanları hərəkətin təsirini əvəz edə
bilməz".
Şəhla BALAYEVA,
Azərbaycan Tibb Universitetinin uşaq və yeniyetmələr
gigiyenası kafedrasının dosenti |