2014-cü
il 11-16 may tarixlərində ABŞ-ın Kaliforniya ştatının
Los-Anceles şəhərində İntel İSEF - Beynəlxalq Elm və
Mühəndislik Sərgisi keçirilmişdir. Bu, 65-ci sərgi idi.
Sərgidə "Sabahın alimləri" Respublika müsabiqəsinin
qalibləri sırasından seçilmiş 7 Azərbaycan məktəblisi
iştirak etmişdir:
- İmranov Cəmil Şahmar oğlu və Allahverdiyeva Nərgiz
Vidadi qızı - Bakı şəhəri 19 nömrəli Texniki Humanitar
Liseyin 10-cu və 11-ci sinif şagirdləri, "Dəmir oksidi
nanohissəciklərinin nar bitkisində sintezi və
xarakteristikası" adlı layihə ilə;
- Muradov Cəmil Həbibulla oğlu, Mursaqulova Mədinə Rüfət
qızı və Cümşüdlü Lalə Cabir qızı - Bakı Avropa Liseyinin
11-ci sinif şagirdləri, "Enerjinin kriogen üsulu ilə
saxlanılması" adlı layihə ilə;
- Abuzərov Ayaz Azər oğlu - BDU-nun "Gənc istedadlar"
liseyinin 10-cu sinif şagirdi, "Qükozofosfatın yeni
metodla sintezi və ATF-in əmələ gəlməsinin
sürətləndirilməsində rolu" adlı layihə ilə;
- Məmmədov Cingiz Natiq oğlu-Sumqayıt şəhəri, 23 nömrəli
tam orta məktəbin 10-cu sinif şagirdi, İntel İSEF-də
müşahidəçi qismində iştirak etmişdir.
İntel İSEF (Intelo International Science and Engineering
Fair) 13-18 yaşlı şagirdlər arasında keçirilən böyük
müsabiqədir. Bu müsabiqədə dünyanın 70-dən artıq
ölkəsində keçirilən 435 regional müsabiqədə seçilmiş
1700-dən artıq gənc -gələcəyin alimləri, ixtiraçıları,
sahibkarları iştirak etmişdir. Mükafat fondu 5 mln ABŞ
dolları olan bu şərginin əsas mükafatları İntel
korporasiyası və "İntel Fondation" fondu tərəfindən
ayrılmışdır. Bundan əlavə, onlarla kompaniya,
qeyri-kommersiya təşkilatları, təhsil müəssisələri və
elmi təşkilatlar tərəfindən də xüsusi mükafatlar təsis
edilmişdir.
"İntel İSEF 2014"ün ən yüksək mükafatını (75 min
dollar məbləğində Qordon Mur mükafatı) Boston
şəhərindən gələn Natan Kann qazandı. O, şiş
əleyhinə olan BRCA1 geninin xarakteristikalarını
öyrənmiş və onların əsasında döş xərçəngini əmələ
gətirən mutasiyaları təhlükəsiz mutasiyalardan
fərqləndirməyi bacaran proqram yaratmışdır.
50 min dollar məbləgində olan iki mükafatdan ("The İntel
Foundation Young Scientist Awards") birini smartfon və
planşetlər üçün yeni riyazi alətin yaradıcısı almaniyalı
Lennart Kleynvort qazandı. Bu mükafatın ikincisinə isə
Sinqapurdan gələn Şennon Ksincinq Li aktivləşdirilmiş
kömür əsasında hazırladığı innovasion katalizatora görə
layiq görüldü.
İntel İSEF qaliblərinin nailiyyətləri yalnız təhsil və
elmin populyarlaşdırılmasına xidmət etmir, onlardan bir
çoxu öz praktiki istifadəsini tapacaqdır.
Azərbaycan məktəbliləri İntel İSEF-də 3-cü dəfədir ki,
iştirak edirdi. Onların layihələri maraqla qarşılansa da
mükafat qazanmaq bizə hələ nəsib olmayıb. Buna
baxmayaraq, ölkəmiz üçün bu təcrübə çox vacibdir. Bizim
şagirdlər tədqiqat aparmaq, layihə yazmaq, onu təqdim
etmək bacarıqlarını qazanırlar. Dünyanın digər
ölkələrində yaşayan həmyaşıdları ilə dostlaşır, onların
tədqiqatları ilə tanış olmaq imkanı əldə edirlər. Eyni
zamanda İntel İSEF gənclərə imkan verir ki, onlar Nobel
mükafatı laureatları ilə görüşlərdə iştirak etsinlər,
onları maraqlandıran sualları dünyanın seçilmiş
alimlərinə verə bilsinlər. Bütün bunlar gənclərin
dünyagörüşünü artırır, nailiyyət qazanmaq üçün
motivasiya yaradır.
Gültəkin HÜSEYNOVA,
Təhsil Nazirliyinin şöbə müdiri |