Mayın 25-də Rusiya Federasiyasının Azərbaycandakı
səfirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin
dəstəyi ilə Şamaxı şəhərində rus dili və ədəbiyyatından
VI fənn olimpiadasını, həmçinin dahi rus şairi
M.Y.Lermontovun anadan olmasının 200 illiyinə həsr
olunmuş bədii qiraət müsabiqəsi keçirilən tədbirə daha
çox gözəllik bəxş etmişdir.
Tədbirdə Rusiya Federasiyasının Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
Vladimir Doroxin, səfirliyin digər rəsmi nümayəndələri,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnsan
Resursları İdarəsinin aparıcı mütəxəssisi Natiq Əliyev,
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev,
rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev və digər
qonaqlar iştirak etmişlər.
Tədbir Şamaxı şəhəri E.Hüseynov adına 2 nömrəli tam orta
məktəbdə keçirilmişdir. Məktəbdə tədris həm rus, həm də
Azərbaycan dilində aparıldığından burada rus dilində
keçirilən olimpiada və bədii qiraət müsabiqəsində Şamaxı
məktəbliləri ilə yanaşı Qobustan və Ağsu rayonundan
olan şagirdlər də təmsil olunmuş və öz elmi biliklərini
ortaya qoymuşlar.
Tədbirdə vurğulanmışdır ki, dahi rus şairi, Qafqaza
vurğun M.Y.Lermontov 1837-ci ilin fevralında
Azərbaycanda olarkən qədim və şöhrətli Şamaxı şəhərinə
də səyahət etmiş, buranın ədət-ənənələri ilə yaxından
tanış olmuş, xalq nağılı "Aşıq Qərib" haqqında
mülahizələrini bildirmişdir.
Səmimi münasibətə görə təşkilatçılara minnətdarlığını
bildirən səfir Vladimir Doroxin tədbirin əhəmiyyətindən
söz açmışdır.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev,
rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev
çıxışlarında xüsusi olaraq vurğulamışlar ki,
Azərbaycan-Rusiya əlaqələrinin tarixi olduqca qədimdir.
Belə ki, IX-XII əsrlərin yazılı məxəzlərində Azərbaycan
parçalarının Rusiyada çox məşhur olduğu, rus
tacirlərinin Şamaxıya və Təbrizə mal almağa gəlməsi
göstərilmişdir.
Yüksək bədii xüsusiyyətlərə malik güləbətin tikmələrinin
adı M.Y.Lermontovun əsərlərində də çəkilmişdir.
Tədbir iştirakçıları daha sonra Azərbaycan-Rusiya
əlaqələrinin bu gün də ölkə başçısı İlham Əliyev
tərəfindən uğurla inkişaf etdirildiyini vurğulamışlar.
Tədbirdə bilik və bacarıqlarını nümayiş etdirən
şagirdlər müvəffəqiyyətli çıxışları ilə, xüsusən rus
dilində sərbəst danışmaq, mühakimələr irəli sürməklə
gözəl qiraətləri və şeir söyləmələri ilə iştirakçıları
heyran qoymuşlar.
Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.
Ədalət MƏMMƏDOV,
Şamaxı RTŞ Metodkabinetinin müdiri |