Mayın 22-də M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin (MDU) Bakı filialında "Açıq qapı" günü
keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə MDU-nun kuratorları,
Bakı filialının rəhbərləri, müəllimləri və tələbələri,
abituriyentlər və onların valideynləri, jurnalistlər
iştirak etmişlər.
Universitetdə hər il "Açıq qapı" gününün keçirilməsində
məqsəd tədris prosesi, fakültələr, qəbul qaydaları
barədə abituriyentlərə və valideynlərə məlumat
verməkdir. MDU-nun Bakı filialında tədris rus
dilindədir. Tələbələr pulsuz təhsil alır və təhsil
müddətində təqaüdlə təmin olunurlar. Ali məktəbdə tədris
forması əyanidir.
Bakı filialının elmi iş üzrə prorektoru Azad Tağızadə
qeyd etmişdir ki, hazırda filialda 5 fakültə - rus dili
və ədəbiyyatı və roman-german filologiyası (ingilis,
fransız, italyan, ispan dili və ədəbiyyatı) şöbələri
üzrə filologiya, kimya, tətbiqi riyaziyyat, psixologiya,
habelə iki bölməsi (iqtisadiyyat və menecment) olan
iqtisadiyyat fakültəsi fəaliyyət göstərir.
Ali məktəbin qəbul imtahan komissiyasının məsul katibi
Aleksey Popov qeyd etmişdir ki, 5 fakültədə 385 tələbə,
45 magistrant (cəmi 430 nəfər) təhsil alır. 2014-cü ildə
87 bakalavr və 18 magistr məzun olacaqdır. Hər bir
fakültəyə qəbul planı 25 nəfərdir. Filialın məzunlarına
MDU-nun diplomu verilir. A.Popov demişdir: "2012-ci
ildən Bakı filialında magistratura bölməsi fəaliyyət
göstərir. Magistraturaya qəbul filologiya, tətbiqi
riyaziyyat, kimya və psixologiya istiqamətləri üzrə
həyata keçirilir. Bu il MDU-nun iqtisadiyyat fakültəsi
(MDU İF) magistraturaya pullu əsasda qəbul keçirir.
MDU-nun Bakı filialı və İF güzəştli təhsil üçün müsabiqə
elan etmişlər. Müsabiqənin nəticələrinə əsasən 8 nəfər
seçiləcəkdir. MDU İF onların ekspres-kurslarda təhsil və
yataqxanada qalma haqqını ödəyəcəkdir. Magistraturaya
qəbul imtahanlarını müvəffəqiyyətlə verənlərin gələcəkdə
MDU İF-in magistraturasında təhsil və yaşayış haqqının
ödənilməsi məsələsində onlara sponsorluq yardımı
göstəriləcəkdir".
2012-ci ildə Xocəsən qəsəbəsində filialın yeni kampusu
açılmışdır. Orada hər cür şərait - tədris və idman
kompleksləri, 200 nəfərlik üçmərtəbəli iki yataqxana, 60
nəfər müəllim üçün iki yaşayış korpusu, laboratoriyalar,
kitabxana və s. yaradılmışdır. |