Mayın
26-da Gəncə Dövlət Universitetində Azərbaycan Xalq
Cümhuriyyətinin 96-cı ildönümünə həsr olunmuş
elmi-praktik konfrans keçirildi.
"Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixində
yeri və rolu" mövzusunda professor-müəllim, tələbə
heyətinin iştirakı ilə keçirilən konfransı giriş sözü
ilə açan universitetin tərbiyə işləri üzrə prorektoru,
dosent Asif Cavadov iştirakçıları Respublika Günü
münasibətilə təbrik etdi. Azərbaycan Xalq Cümhuriyyəti
mərkəzinin o zaman Gəncəyə köçürülməsi və bu hadisənin
Gəncənin tarixində mühüm əhəmiyyəti olduğu vurğulandı.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra
müstəqil Azərbaycan Respublikasında dövlətçiliyin daha
da möhkəmlənməsindən danışan A.Cavadov indi Azərbaycanın
bir dövlət kimi dünya ölkələri sırasında tanınmasını
qeyd etdi.
Konfransda ümumi tarix kafedrasının baş müəllimi, dosent
əvəzi Hüseyn Bəxtiyarov "Azərbaycan Xalq Cümhuriyyəti
Şərqdə ilk demokratik respublikadır", sosial fənlər
kafedrasının müəllimi Asim Məmmədov "Qafqaz İslam
ordusunun Azərbaycan Xalq Cümhuriyyətinə köməyi",
coğrafiya kafedrasının dosenti Arifə Əhmədova
"Azərbaycan Xalq Cümhuriyyəti dövründə mübahisəli
ərazilər" mövzularında məruzə etdilər.
Azərbaycan tarixi kafedrasının müdiri, dosent Emma
Aslanova öz çıxışında xüsusi vurğuladı ki, Azərbaycanın
parçalanma təhlükəsi altında olduğu bir zamanda ulu
öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə
bu təhlükə aradan qaldırıldı. Qeyd olundu ki, məhz
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində
Azərbaycan bayrağı dünya ölkələrinin bayrağı ilə yanaşı
dalğalanır.
Sonra məruzələr ətrafında filologiya fakültəsinin
dekanı, professor Mübariz Yusifov, kimya kafedrasının
dosenti, universitet TEC-in sədri Sahil İbrahimlinin
verdiyi suallar məruzəçilər tərəfindən cavablandırıldı.
Ümbülbanu HACIYEVA,
GDU-nun əməkdaşı |