Təhsilimizdə
iz qoyacaq bir sıra hadisələrlə zəngin olan 2013-2014-cü
tədris ili başa çatır. Bu münasibətlə bu gündən
başlayaraq bütün tədris ocaqlarında məzunlara ən kövrək
anlar yaşadacaq və onların yaddaşında ömürlük qalacaq
"Son zəng" tədbirləri keçiriləcək. Məktəb həyatına
əlvida deyəcək gənclər doğma, əziz müəllimlərindən son
məsləhət və tövsiyələr eşidəcək, müstəqil həyatlarının
astanasında onlara ünvanlanmış təbrikləri qəbul
edəcəklər.
Təhsil Nazirliyindən aldığımız məlumata görə,
2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil
məktəblərinin IX siniflərini 118206, XI siniflərini
86797 nəfər, qiyabi və axşam məktəblərinin XII
siniflərini isə 754 nəfər şagird bitirəcək.
Paytaxtın ümumtəhsil müəssisələrində bu il IX sinif üzrə
27729, XI sinif üzrə isə 20411 şagird məzun olacaq.
2014-2015-ci tədris ilində I sinfə qəbul olunacaq
şagirdlərin sayı üzrə proqnoz 138000 nəfərdir.
Xatırladaq ki, ötən il ölkənin ümumtəhsil
müəssisələrinin XI siniflərini 91484 şagird bitirmişdir.
Məzunları təbrik edir, gələcək həyatlarında və
təhsillərində uğurlar arzulayırıq. |