Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

Təhsilimizin uğurları

İki şagirdimiz Beynəlxalq Mendeleyev Olimpiadasının bürünc medalını qazanıb

 

Son vaxtlar  şagirdlərimizin bir sıra beynəlxalq fənn olimpiadalarında uğurlar qazanması və  vətənə  medallarla qayıtmaları xoş bir ənənə  halını  alıb. Uğurlu çıxışları ilə ölkəmizin təhsil sisteminin inkişafına öz töhfələrini verən şagirdlərimiz mayın 11-18 tarixlərində Moskvada keçirilən kimya üzrə  Beynəlxaq Mendeleyev Olimpiadasında Azərbaycanı layiqincə  təmsil ediblər.  Azərbaycan təhsilinin yetirmələri, Azərbaycan  Beynəlxalq Təhsil Mərkəzinin  şagirdləri Cavid Əhmədov,  Murad Rəhimov  MDB, Baltikyanı, Cənub-Şərqi Avropanın 16 ölkəsini təmsil edən 100-dən artıq məktəblinin iştirak etdiyi bilik yarışmasında    bürünc  medala layiq görülüblər.  Daha  4 məktəblimiz (Dilqəm Əhmədli, Şamil Həsənli, Kərim Kərimli və Sergey Styopin)  olimpiadanın iştirakçı  diplomları ilə təltif olunublar.   Yarışmada ən yüksək nəticə göstərmiş şagirdlərimizdən  4 nəfəri - Cavid Əhmədov,  Murad Rəhimov,  Kərim Kərimli, Dilqəm Əhmədli iyulun 20-də  Vyetnamda keçiriləcək Dünya Kimya Olimpiadasında ölkəmizi  təmsil edəcək.  Moskva Olimpiadasında bürünc  medal qazanmış Cavid Əhmədov və  Murad Rəhimovla  daha yaxından tanış olaq.  


"Növbəti beynəlxalq olimpiadada da vətənimi uğurla təmsil edəcəyəm" 

Cavid Əhmədov  1997-ci ildə Bakı şəhərində anadan olub.  İbtidai  təhsilini İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyində alıb.  VI sinifdə oxuyarkən Azərbaycan  Beynəlxalq Təhsil Mərkəzinin keçirdiyi qəbul imtahanlarında birinci yeri tutaraq mərkəzin Ağdaş filialına qəbul olunub. Hazırda liseyin XI sinfində təhsil alır. Cavid təhsil aldığı illərdə  dəqiq elmlərə, xüsusən riyaziyyat və fizikaya böyük maraq göstərib. Olimpiadalarda iştirakı və qazandığı nəticələr haqqında bizə bunları bildirdi:

- Liseydə oxuyarkən   fənn olimpiadaları  haqqında xeyli məlumat aldım. Yuxarı sinif şagirdlərinin  müxtəlif  səviyyəli  olimpiadalarda əldə etdikləri nailiyyətlər məni də bilik yarışmalarına  həvəsləndirdi.  Daha sonralar mən də kimya olimpiadalarına hazırlaşmağa başladım. Hər həftə bizə dərslərdən əlavə olimpiada məşğələləri keçilir və imtahanlar təşkil olunurdu. Bundan əlavə, bizə M.V.Lomonosov adına Moskva  Dövlət Universitetində praktiki və nəzəri dərslər keçilirdi. Onuncu sinifdən etibarən mən də bir sıra beynəlxalq olimpiadalarda iştirak etdim. İlk olaraq 2012-ci ilin dekabr ayında 33 ölkənin iştirakı ilə Tehranda keçirilən yeniyetmələrin Təbiət Elmləri Olimpiadasına  qatıldım və bürünc medal qazandım. Bu, mənim həm ilk olimpiadam, həm də ilk nailiyyətim idi.  Daha sonra 2013-cü ildə Daşkənddə keçirilən 47-ci Beynəlxalq Mendeleyev Olimpiadasında 4-cü yerə, Nigeriyada Beynəlxalq Təbiət Elmləri Olimpiadasında qızıl medala layiq görülmüşəm. Ən sonda isə 2014-cü il mayın 11-18-də Moskvada keçirilən 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasında  2 nəzəri və bir praktik mərhələnin  nəticələrinə əsasən bürünc medala layiq görüldüm. Beynəlxalq olimpiadalarla yanaşı mən respublika kimya olimpiadalarına da qatılmışam. 2012-ci ildə 4-cü, 2013-cü ildə 3-cü və 2014-cü ildə isə 1-ci yeri tutaraq qızıl medala layiq görülmüşəm.  Bu il aprelin 28-də Rusiya Federasiyası Tatarıstan Respublikasında keçirilən "Nobel ümidləri" kimya olimpiadasında iştirak edərək 1-ci yerə  layiq görülmüşəm. Və mən bu olimpiadanın nəticələrinə görə bu ilin iyul ayında Vyetnamda keçiriləcək 46-cı Beynəlxalq Kimya Olimpiadasında iştirak etmək haqqını qazandım.  İnşallah, növbəti beynəlxalq olimpiadada da vətənimi uğurla təmsil edəcəyəm.  Bütün bu uğurlarıma görə "Tərəqqi" liseyi, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi, Moskva Dövlət Universitetinin  Bakı filialının bütün müəllim kollektivinə  təşəkkür edirəm. 


"Ötən il də Beynəlxalq Mendeleyev Olimpiadasından vətənə bürünc medalla qayıtdım" 

Murad Rəhimov 1996-cı ildə Göygöl rayonunun  Şəhriyar kəndində anadan olub. 2002-ci ildə L.Məhərrəmov adına Şəhriyar kənd tam orta məktəbinin  birinci sinfinə gedib. VII  sinifdən təhsilini Azərbycan Təhsil Mərkəzinin Gəncə liseyində davam etdirib.

- X sinifdən etibarən kimya olimpiadası ilə məşğul oluram və mənim bu olimpiadalarda bir neçə nailiyyətim var. Ötən il  ilk dəfə Özbəkistanda keçirilən 47-ci Beynəlxalq Mendeleyev Olimpiadasında uğurla iştirak edərək vətənə bürünc medalla qayıtdım. Həmçinin həmin il respublika olimpiadasında bürünc medala layiq görüldüm. Bundan sonra 45-ci Beynəlxalq Kimya Olimpiadasında  da ölkəmizi uğurla təmsil etdim. Və nəhayət,  son iştirak etdiyim Moskva şəhərində keçirilmiş 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasında bürünc medala layiq görüldüm.  Bu olimpiadada 16 ölkədən 105 şagird iştirak edirdi. Olimpiada çox maraqlı idi. Azərbaycan  bu olimpiadada 6 nəfərlə təmsil olunmuşdu. Biz başqa ölkələrin şagirdləri ilə ünsiyyət qurduq. Olimpiada çox uğurlu keçdi və biz bu olimpiadadan 2 bürünc medalla qayıtdıq. Aprelin 28-də  Rusiya Federasiyası Tatarıstan Respublikasında keçirilən "Nobel ümidləri" kimya olimpiadasında iştirak edərək I yerə  layiq görülmüşəm. Bütün bu uğurlarımda L.Məhərrəmov adına Şəhriyar kənd tam orta məktəbinin və  Gəncə liseyinin böyük rolu olmuşdur. Ona görə də bu məktəblərin bütün müəllim kollektivinə təşəkkür edirəm.  Hazırda  Gəncə liseyinin XI sinif şagirdiyəm. Universitet həyatımı da Azərbaycanda,  Qafqaz Universitetində davam etdirmək istəyirəm. Buna görə də olimpiadalara hazırlaşmaqla yanaşı, həm də TQDK-nın keçirdiyi imtahanlara da hazırlaşıram. Ümid edirəm ki, bu yay həm qəbul imtahanında yüksək bal yığacağam, həm də iyul ayında keçiriləcək  Beynəlxalq Kimya Olimpiadasından vətənimə medalla dönəcəyəm.

Mendeleyev olimpiadası nəinki məktəbdə kimya elminin inkişafına müsbət təsir göstərir, eyni zamanda istedadlı şagirdləri elmi tədqiqatlara cəlb edir, müxtəlif ölkələrdən olan gənclər arasında maraqlı informasiya mübadiləsi  aparmağa kömək edir.    

Sonda ölkəmizi növbəti dünya  bilik yarışmalarında təmsil edəcək şagirdlərimizə yüksək zirvələri fəth etməyi arzu edirik.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov