Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyun ayında
respublikanın bütün orta ümumtəhsil müəssisələrinin
buraxılış sinfində təhsil alan şagirdlər üçün
mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları
keçirəcəkdir.
İlk buraxılış imtahanı (IX və XI siniflər üçün) iyunun
8-də Bakı şəhərində, Sumqayıt şəhərində və Abşeron
rayonunda keçiriləcəkdir. Həmin gün eyni zamanda qeyd
olunan şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün
rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış
siniflərində təhsil alan şagirdlər də imtahan
verəcəklər.
Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar,
Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi
şagirdləri də buraxılış imtahanı verəcəklər.
Saat 10:00-da buraxılış sinfinin IX sinif şagirdləri,
15:00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş
etdirəcəklər.
Həmin imtahanlarda iştirak edəcək şagirdlər "imtahana
buraxılış vərəqəsi"ni internet vasitəsilə mayın 26-dan
etibarən çap edib götürə bilərlər. Şagirdlərə "imtahana
buraxılış vərəqəsi" onların təhsil aldıqları orta
ümumtəhsil müəssisələri tərəfindən də çap edilərək
təqdim oluna bilər. Buraxılış vərəqəsi ilə yanaşı onlara
"Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada
şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr,
onların əməl etməli olduqları qaydalar və digər zəruri
məlumatlar çatdırılır.
Şagirdlər (9-cu və 11-ci sinif şagirdləri) imtahana
aşağıdakı sənədləri gətirməlidirlər:
1. "İmtahana buraxılış vərəqəsi"ni;
2. Şəxsiyyəti təsdiq edən sənədin əslini (Azərbaycan
Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsi və ya
milli pasportu, qeydiyyat vəsiqəsi (miqrasiya xidməti),
doğum haqqında şəhadətnamə);
3. Şəxsiyyəti təsdiq edən sənədi olmayan və ya şəkilsiz
şəxsiyyət vəsiqəsi olan cari ilin məzunları üçün arayış
- Əlavə 9 (arayışa şagirdin 3x4 sm ölçülü şəkli
yapışdırılır və möhürlə təsdiqlənir);
Buraxılış imtahanının qaydalarına görə:
- Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin
şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin
şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri
üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30,
ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan
əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi
yerinə yetirirlər. Qeyd edək ki, TQDK tərəfindən
buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək
məqsədilə ana dili və riyaziyyat fənlərindən test
tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin
mövzuları komissiyanın internet saytında
yerləşdirilmişdir.
İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə
yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə
yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
- Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi
hallarda əlavə meyar kimi istifadə edilir.
- Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv
cavablar haqqında məlumat onun imtahan verdiyi gündən
etibarən 5 günədək müddətdə elan edilir.
- Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün
respublikada buraxılış imtahanları bitdikdən etibarən 10
günədək müddətdə elan edilir.
Qeyd: Orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq
üçün ərizə təqdim edən 9-cu sinif şagirdlərinin orta
ixtisas təhsili müəssisələrinə yerləşdirilməsi buraxılış
imtahanlarının nəticələri əsasında aparılacaqdır.
www.tqdk.gov.az |