Mayın
27-də Sumqayıt Dövlət Universitetində Təhsil
Nazirliyinin nümayəndələri SABAH qrupları ilə bağlı
təqdimat keçirdi.
SDU-nun rektoru Elxan Hüseynov çıxış edərək qeyd etdi
ki, Təhsil Nazirliyi son bir ildə çoxsaylı layihələrə
imza atmışdır. Onların içərisində ali təhsil
müəssisələri üçün böyük maraq doğuran və məzmunlu
təhsilin keyfiyyətinin artırılması işində mühüm rol
oynaya biləcək layihələrdən biri SABAH qruplarıdır.
Belə layihəni həyata keçirdikləri üçün Sumqayıt Dövlət
Universitetinin kollektivi adından təşəkkür etdi.
Rektor Sumqayıt Dövlət Universitetinin tarixinə qısa
nəzər salaraq bildirdi ki, rəhbərlik etdiyi təhsil
ocağında hazırda 7 fakültə, Əcnəbi Tələbələrin Hazırlıq
Mərkəzi və Beynəlxalq Əlaqələr şöbəsi fəaliyyət
göstərir. Yaxın zamanda əlavə fakültələrin açılması da
nəzərdə tutulur, bu baxımdan da mən inanıram ki, SABAH
qrupları SDU-da təhsil alan tələbələrin inkişafında öz
müsbət təsirini göstərəcək. Təbii ki, sürətlə
qloballaşan dünyada müasir baxışlar, yüksək təhsil, bir
neçə dil biliyi tələbənin gələcəkdə iş tapmaq, uğurlu
karyera qurmaq şansını artıracaqdır. Bunu nəzərə alaraq
SABAH qruplarında tələbələrin istəklərinə uyğun çevik
tədris proqramı tətbiq olunacaqdır.
Rektor bir daha vurğuladı ki, həmin qruplarda
keyfiyyətli tədris bacarığı ilə seçilən müəllimlər dərs
keçəcəklər. SABAH qruplarının məzunları öz ixtisası
ilə yanaşı ingilis dilini də mükəmməl öyrənmək imkanı
əldə edəcək. Əminliklə deyə bilərəm ki, Prezident İlham
Əliyevin imzaladığı "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" yüksək ixtisaslı
kadrların yetişdirilməsi üçün bütün imkanların səfərbər
olunması işində ən gözəl töhfə olacaq.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin tələbələrə
dəstək və mübadilə proqramları sektorunun müdiri
Sülhəddin Gözəlov SABAH qruplarının yaradılmasının
əhəmiyyətindən bəhs edərək qeyd etdi ki, qrupun
fərqlənən tələbələri xarici ölkələrə təcrübəyə
göndəriləcək. SABAH qruplarında təhsil almaq istəyən
tələbələrin qeydiyyatı iyunun 12-dək davam edəcək. Onu
da qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən
tələbələr
www.sabah.edu.az internet saytı vasitəsilə elektron
ərizə vermək imkanına malikdirlər.
Nazirliyin rəsmisi SABAH qrupları ilə bağlı məlumatları
diqqətə çatdırdı.
Sonda layihə ilə bağlı müəllim və tələbələrin çoxsaylı
sualları cavablandırıldı.
Mətbuat xidməti |