Naxçıvan
Dövlət Universitetinin beynəlxalq münasibətlər və xarici
dillər fakültəsində "Baytarlıq təbabəti və ərzaq
təhlükəsizliyi: problemlər və perspektivlər" mövzusuna
həsr olunmuş beynəlxalq konfrans keçirilib.
NDU-nun rektoru, professor Saleh Məhərrəmov konfransı
giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyev tərəfindən
əsası qoyulan iqtisadi inkişafın cənab Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində
aqrar sahədə əldə olunan nailiyyətlərdən, kənd
təsərrüfatı mülkiyyətçilərinə göstərilən güzəştli
yardımların miqyasının artmasından, dövlətin bu sahəyə
göstərdiyi diqqət və qayğıdan danışıb. Rektor müvafiq
sahədə yerli ixtisaslı kadr potensialının
hazırlanmasında Naxçıvan Dövlət Universiteti, Naxçıvan
Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti, muxtar
respublikadakı istehsal müəssisələri ilə əməkdaşlığın
inkişafının mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Baytarlıq təbabəti və ərzaq təhlükəsizliyinin
problemləri və perspektivlərindən danışan rektor Saleh
Məhərrəmovun "Parazitofaunanın formalaşmasına təsir edən
amillər" mövzusunda məruzəsi dinlənilib.
Beynəlxalq konfransda çıxış edən Naxçıvan Muxtar
Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev
müstəqil Azərbaycanın sosial-iqtisadi tərəqqisi, muxtar
respublikada aparılan aqrar islahatlar barədə ətraflı
məlumat verib. Nazir Prezident İlham Əliyevin
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
təsdiq edilməsi haqqında 2014-cü il 27 fevral tarixli
Fərmanından irəli gələn məsələlər, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin 2013-cü ilin yekunları və
qarşıda duran vəzifələrə həsr olunan müşavirəsində
regionun kənd təsərrüfatının inkişafının mövcud
vəziyyəti və qarşıda duran vəzifələrdən danışıb.
Qars Qafqaz Universitetinin "Cərrahiyyə" kafedrasının
professoru İsa Özaydın, Azərbaycan Elmi-Tədqiqat
Baytarlıq İnstitutunun direktoru Səhman Bayramov,
Naxçıvan Elmi-Tədqiqat Baytarlıq Mərkəzinin direktoru
Qadir Fərhadov çıxışlarında baytarlığın inkişafının
prioritet istiqamətləri, dövlətin iqtisadi strategiyası,
ekoloji təhlükəsizlik, əhalinin ərzaq təminatı və qida
sağlamlığı, yerli sahibkarlığın və məhsuldarlığın
inkişafının əhəmiyyətindən danışıblar, kadr
çatışmazlığının aradan qaldırılması ilə bağlı təkliflər
səsləndirilib.
Qeyd edək ki, konfransın gedişi zamanı Naxçıvan Dövlət
Universitetinin son bir il ərzində beynəlxalq
əlaqələrinin inkişafından bəhs edən slaydlar nümayiş
etdirilib.
Konfrans öz işini müxtəlif mövzulara həsr olunmuş bölmə
iclaslarında davam etdirib.
Mətbuat xidməti |