Mayın
29-da ümummilli lider Heydər Əliyevin anadan olmasının
91-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələri
arasında bədii yaradıcılıq festivalı qaliblərinin
mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, ali
təhsil müəssisələrinin nümayəndələri, festival
iştirakçıları və digər qonaqlar iştirak
ediblər.
Qaliblərə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
diplomları verilib, həmçinin qiymətli hədiyyələr təqdim
olunub.
Artıq bir neçə ildir ki, ənənəvi olaraq, Təhsil
Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublikası Komitəsinin birgə təşkilatçılığı
ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının
ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında
bədii yaradıcılıq festivalı keçirilir.
Festivalın keçirilməsində məqsəd tələbələri
milli-vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə,
milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək,
onların bədii-estetik səviyyəsini yüksəltməkdir.
Festival həmçinin tələbələrin mədəni həyat tərzinin
formalaşdırılması işinə kömək göstərmək, incəsənətin və
mədəniyyətin ayrı-ayrı sənət növləri üzrə istedadlı
gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf
etdirilməsinə dəstək vermək məqsədi daşıyır.
Festivalda Təhsil Nazirliyi sistemindəki ali məktəblərin
əyani şöbələrində təhsil alan tələbələrdən ibarət
incəsənətin müvafiq janrları üzrə fəaliyyət göstərən
özfəaliyyət yaradıcılıq kollektivləri, xor, xalq çalğı
alətləri ansamblları, tək ifaçılar, aşıq musiqisi
ifaçıları, müğənnilər, rəqqaslar, bədii qiraətçilər
iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91
illik yubileyinə həsr edilmiş builki festivalda Bakı
Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti,
Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan
Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad
Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti,
Bakı Slavyan Universiteti, Azərbaycan Dillər
Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan
Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya
Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan
Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan
Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universitetinin
bədii özfəaliyyət kollektivləri iştirak edib.
Münsiflər heyəti festivalda iştirak edən kollektivlərin
və tək ifaçıların arasından 33 qalib və 22 fəal
iştirakçını müəyyənləşdirib.
Festivalın yekun konserti mayın 7-də Azərbaycan Dövlət
Musiqili Teatrında qaliblərin iştirakı ilə baş tutub.
Konsertdə Təhsil Nazirliyinin, Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin,
Azərbaycan Bəstəkarlar İttifaqının rəhbər şəxsləri,
media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
www.edu.gov.az |