Mayın
23-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU)
"Məzun-2014" ümumrespublika yarmarkası keçirilib.
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi,
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə "Sənaye
ili" çərçivəsində təşkil olunmuş yarmarkada 100-dən çox
dövlət qurumu, sənaye müəssisələri, şirkət və banklar
iştirak edib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, iqtisadiyyat və
sənaye nazirinin müavini Niyazi Səfərov, gənclər və
idman nazirinin müavini İntiqam Babayev və ADİU-nun
rektoru Ədalət Muradov iştirak edib, yarmarkaya baxış
keçiriblər.
Dövlət və özəl qurumların nümayəndələri, işəgötürənlər
vakant iş yerləri haqqında təhsil nazırinə məlumat
veriblər. Nazir işaxtaranların peşə seçimi ilə
maraqlanıb və onlara düzgün seçim etmələrini tövsiyə
edib.
"Məzun-2014" yarmarkasında iştirakçıların sayına görə
rekord göstərici qeydə alınıb. Belə ki, tədbirdə 2500-ə
qədər məzun iştirak edib. Eyni zamanda 12 ölkənin (ABŞ,
Türkiyə, Rusiya, Kanada, Böyük Britaniya, Almaniya,
Avstriya, Estoniya, Litva, Bolqarıstan, Ukrayna,
Gürcüstan) 67 universitetinin məzunu da yarmarkaya
qatılıb.
"Məzun-2014"
yarmarkasında gənclərə 1000-ə yaxın vakant iş yeri
təklif olunub ki, bu da indiyə kimi qeydə alınmış ən
yüksək göstəricidir. Yarmarkada məzunların dövlət və
biznes qurumlarının nümayəndələri ilə görüşləri təşkil
edilib. Ən qabiliyyətli və perspektivli məzunlar daimi
və müvəqqəti iş yerləri ilə təmin ediləcəklər.
Yarmarka çərçivəsində işəgötürənlər məzunlara müxtəlif
ixtisaslar üzrə vakant iş yerləri, stajkeçmə, təqaüd və
təcrübə proqramları da təqdim ediblər.
Tədbir çərçivəsində Bakıdakı 132-134 nömrəli təhsil
kompleksinin XI sinif şagirdlərinin yarmarka ilə
tanışlığı da təşkil olunub. Məqsəd şagirdlərin gələcək
peşə seçimlərində iqtisad yönümlü ixtisaslara marağını
artırmaqdan ibarətdir.
Həmçinin, yarmarkada ADİU-nun Tələbə Gənclər Təşkilatı
ilə "Damla" Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyi
valideyn himayəsindən məhrum olmuş, xüsusi qayğıya
ehtiyacı olan yeniyetmələrin hazırladığı rəsm və tətbiqi
sənət işlərindən ibarət satış-sərgisi də keçirilib.
Sərgidə satılan əl işlərindən yığılan vəsait ehtiyacı
olan şəxslərə veriləcək. Məqsəd xüsusi qayğıya ehtiyacı
olan uşaqların cəmiyyətə inteqrasiyası və onların
yaradıcılıq potensialının üzə çıxarılmasıdır.
Bundan başqa, gün ərzində tələbə və məzunlar üçün özəl
şirkətlər tərəfindən müxtəlif uduşlu lotereyalar,
hədiyyə kampaniyaları, müsabiqələr, mükafatlandırmalar
və digər həvəsləndirmə tədbirləri həyata keçirilib.
Yarmarka bitdikdən sonra müraciət edən bütün məzunların
şəxsi məlumatları dövlət qurumlarına və özəl şirkətlərə
təqdim edilib.
www.edu.gov.az |