Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

"Dünya elmində yeni çağırışlar: gənc alimlərin birgə yanaşmaları" mövzusunda Beynəlxalq Bakı forumu

 

Mayın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında "Dünya elmində yeni çağırışlar: gənc alimlərin birgə yanaşmaları" mövzusunda Beynəlxalq Bakı forumu öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, dünyanın gənc alimlərinin Beynəlxalq forumu Gənclər və İdman Nazirliyinin, AMEA-nın, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, "Eurodoc" Avropanın Gənc Tədqiqatçılar Şurasının, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

Forumda dünyanın müxtəlif ölkələrindən, ümumilikdə, 400-dək gənc alim iştirak edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin forumun iştirakçılarına təbrik məktubunu oxumuşdur.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə forumun məqsəd və əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, forumun məqsədi müxtəlif ölkələrin elmi istiqamətlərinin nümayəndələri arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, təcrübə və yeni ideyaların mübadiləsi üçün əlverişli şəraitin yaradılması, yeni əlaqələrin qurulmasıdır.

A.Əlizadə vurğulamışdır ki, bu gün Azərbaycanın gənc alimlərinin əsas problemi dünya elminə inteqrasiya olunmaqdır. Biz artıq Azərbaycan elmində prioritetləri müəyyənləşdirmişik. Bu prioritetlərdə gənc alimlərin də iştirakını təmin etməyə çalışırıq. Əminəm ki, forum müxtəlif ölkələrdən olan gənc tədqiqatçılar arasında ünsiyyətin qurulmasında, əlaqələrin genişlənməsində böyük rol oynayacaqdır.

A.Əlizadə beynəlxalq forumun keçirilməsi münasibətilə gənc alimləri təbrik etmiş, tədbirin işinə uğurlar arzulamışdır. AMEA-nın prezidenti forumun həm Azərbaycanda, həm də burada təmsil olunan digər ölkələrdə elmin inkişafına təkan verəcəyinə, bütövlükdə dünya elmi üçün töhfə olacağına əminliyini bildirmişdir.

Gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, dünya gənc alimlərinin Beynəlxalq Bakı forumu keçən il paytaxtımızda keçirilmiş və ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Avropa məkanında çağırışlar: avropalı gənc alimlərin Beynəlxalq Bakı forumu"nun davamıdır. Nazir demişdir ki, gündən-günə sürətlənən qloballaşma prosesi müasir həyatımızın ayrılmaz hissəsidir, o, sərhədləri aradan götürür və bəşəri inkişafın aparıcı qüvvəsi olan rəqabəti daha da gücləndirir. Daimi rəqabət və müxtəlif ölkələrdən olan gənc tədqiqatçıların durmadan ünsiyyətini və əməkdaşlığını tələb edir. Yalnız onlar davamlı inkişaf və elmi tərəqqini təmin edə bilərlər, çünki yeni perspektivlər adətən ideyaların mübadiləsi və müzakirələrdən yaranır.

A.Rəhimov qeyd etmişdir ki, dünyada elmi inkişafa göstərilən dəstək gündən-günə artmaqdadır. Müxtəlif ölkələrdə gənc alim və tədqiqatçıların yerli və regional təşkilatları, birlikləri yaradılır və bu qurumlar uğurla fəaliyyət göstərirlər. Azərbaycanın timsalında bunu daha aydın görmək mümkündür. Bu gün ölkəmizdə elm yeni mərhələdə inkişaf edir. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılmışdır. Fond tərəfindən mütəmadi olaraq elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədilə qrant müsabiqələri keçirilir. İnanıram ki, forum Azərbaycan tədqiqatçıları və alimlərinin dünya elminə inteqrasiyasını sürətləndirəcək və alim şəbəkələrinin işinə öz töhfəsini verəcəkdir. Bütün iştirakçı və məruzəçilərə maraqlı və faydalı müzakirələr arzulayıram.

Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva vurğulamışdır ki, forum təkcə Azərbaycanda deyil, eləcə də burada iştirak edən bütün ölkələrdə elmin inkişafına şərait yaradacaqdır.

UNESCO-Azərbaycan əlaqələrindən danışan G.Əfəndiyeva bildirmişdir ki, Azərbaycan artıq 22 ildir bu qurumun üzvüdür. Ötən müddətdə bir çox uğurlara imza atılmışdır. Bu uğurların qazanılmasında Heydər Əliyev Fondunun və onun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır.

Təmsil etdiyi qurum ilə Azərbaycan arasında bir sıra layihələrin həyata keçirilməsi üzrə müqavilə və sazişlərin imzalandığını, UNESCO-nun gənc alimlərin forumuna dəstək verdiyini diqqətə çatdıran G.Əfəndiyeva iştirakçılara uğurlar arzulamışdır.

"Eurodoc" Avropanın Gənc Tədqiqatçılar Şurasının rəhbəri Con Pekkok təmsil etdiyi qurumun fəaliyyətindən danışmışdır. Bildirmişdir ki, yüksək səviyyəli təlimlərin keçirilməsi, Avropa mühitinin öyrənilməsi "Eurodoc"un fəaliyyətinin prioritet istiqamətlərindəndir. Azərbaycanın da bu qurumun üzvü olduğunu diqqətə çatdıran Con Pekkok forumun təşkilində əməyi olanlara dərin təşəkkürünü bildirmişdir.

Tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, "Eurodoc"un sabiq rəhbəri Slobodan Radiçev, elm sahəsi üzrə "Gənclər üçün Prezident mükafatı" laureatı Rafiq Səfərov və başqaları çıxış edərək gənc alimlərin fəaliyyətlərinin genişlənməsində forumun xüsusi rolunu qeyd etmişlər.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti idarə heyətinin qərarı ilə gənc elmi kadrların hazırlığına, ölkəmizdə elmi potensialın qorunub saxlanmasına və inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğıya, eyni zamanda, dünya gənc alimlərinin ilk beynəlxalq forumunun Bakıda keçirilməsinə yaratdığı şəraitə görə Prezident İlham Əliyev "Gənc alimlərin dostu" mükafatı ilə təltif edilmişdir.

Daha sonra forumun işi "Biologiya və səhiyyə sahələrində ərsəyə gələn modellər: in vivo, in vitro və in silico", "Elmi çağırışlar: keçmiş və gələcək", "Elmi əməkdaşlıq sahəsində çağırışlar" mövzularında üç paralel sessiyada davam etmişdir. İştirakçılar xarici ölkələrdən dəvət olunmuş spikerlərin çıxışlarını dinləmişlər.

Mayın 28-də forum işini elmin beş əsas istiqaməti - dəqiq və texniki elmlər, tibb, biologiya və kimya, iqtisadiyyat və sosiologiya, ekologiya və kənd təsərrüfatı, tarix, fəlsəfə və mədəniyyət istiqamətləri üzrə bölmələrdə müzakirələrlə davam etdirib.

Forumun rəsmi bağlanış mərasimi mayın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında olub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov