Hörmətli forum iştirakçıları!
Sizi - dünyanın bütün guşələrindən Bakıya toplaşmış gənc
alimləri səmimi qəlbdən salamlayır və forumunuzun işinə
müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, ölkəmizə xas
qonaqpərvərlik və işgüzarlıq ab-havası sizə gələcək
planlarınızın müzakirəsi üçün gözəl imkanlar
yaradacaqdır.
Sürətlə qloballaşan dünyada elmin rolu gündən-günə
artmaqdadır. İnformasiya cəmiyyətinin formalaşması,
biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olması,
sənayenin kreativ sahələrinin inkişafı və digər amillər
yeni ideyalar və yanaşmalar tələb etməklə gənclərin
yaradıcılıq potensialının aşkarlanmasına güclü təkan
verir. Sizin forumun da bu istiqamətdə atılan mühüm
addım olacağına inanıram.
Azərbaycan indi dünyanın yüksək templə irəliləyən
ölkələrindən biridir. Qazandığımız uğurlar, ilk növbədə,
insan kapitalının düzgün və səmərəli istifadəsinin
bəhrəsidir. Gənclərə ünvanlanmış bir çox proqramlar, o
cümlədən xaricdə təhsil proqramı onların elmə cəlb
olunması üçün lazımi şəraiti təmin etmişdir.
Azərbaycanda mövcud olan Milli Elmlər Akademiyası,
çoxsaylı universitetlər və Elmin İnkişafı Fondu gənc
alimlər nəslinin yetişdirilməsinə xidmət göstərir.
Tarix boyu Şərqlə Qərb arasında körpü rolunu oynamış
ölkəmiz antik dövrün elmi nailiyyətlərinin qorunub
saxlanılması və bəşər mədəniyyəti xəzinəsinin
zənginləşdirilməsinə öz töhfələrini vermişdir. XIX
əsrdən etibarən neftin sənaye üsulu ilə çıxarılmasını
ilk dəfə həyata keçirən Bakı dünyada neftlə bağlı elm
sahələrinin bünövrəsinin qoyulduğu məkan kimi tanınır.
Bu gün ölkəmizdə dayanıqlı inkişafın təmin olunması və
yüksək texnologiyalara xüsusi diqqət göstərilməsi
gənclər qarşısında geniş üfüqlər açır.
Ümidvaram ki, forum zamanı quracağınız qarşılıqlı
əlaqələr hamınıza birgə layihələrin işlənib
hazırlanması, müştərək araşdırmaların aparılması və
bütövlükdə gələcəyə yönəlmiş elmi fəaliyyətinizin uğurla
gerçəkləşdirilməsində kömək edəcəkdir.
Ən xoş arzularla,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2014-cü il |