Mayın 16-da "Polisə Dəstək" İctimai Birliyi "Narkomaniya
və insan immunçatışmazlığı ilə mübarizədə ictimai
fəallığın artırılması" mövzusuna dair Azərbaycan
Müəllimlər İnstitutunun Cəlilabad filialında növbəti
maarifləndirmə tədbirini keçirib.
Seminar - mühazirəni giriş sözü ilə açan Azərbaycan
Müəllimlər İnstitutunun Cəlilabad filialının direktoru
Xudayar Sultanlı mövzunun əhəmiyyətini vurğulayaraq
geniş ictimaiyyət, xüsusilə tələbə-gənclər üçün töhfə
verəcəyini diqqətə çatdırıb.
Tədbirdə narkomaniyanın orqanizmə zərər yetirən
fəsadlarından, onun qarşısını almaq üçün maarifləndirmə
xarakterli fəaliyyətin vaxtaşırı aparılmasından
danışılıb.
Sonra "Polisə Dəstək" İB-nin sədri Şəmsəddin Əliyev
narkomaniyanın meydana gəlməsi, onunla mübarizənin
tarixindən iştirakçılara məlumat verib. HİV-ə yoluxma
və onun yollarının məhdudlaşdırılması barədə
iştirakçıların sualları cavablandırılıb.
Seminar-mühazirədə Cəlilabad Şəhər Polis Şöbəsinin
əməliyyat üzrə müavini Səfər Nuriyev polisin
narkomaniya ilə mübarizənin vəziyyətindən, bu işdə
ictimaiyyətin də rolundan, gənclərin - tələbələrin
polislə sıx əlaqədə olmasından danışıb.
Tarix elmləri üzrə fəlsəfə doktoru Məmmədhəsən Əliyev
gənclərə tövsiyələrini verərək bildirib ki, bu sosial
bəlanın qarşısını almaq hər bir vətəndaşın borcudur.
Seminar-mühazirədə filialın pedaqoji və tələbə heyəti,
ictimai şuralar, polis əməkdaşları, ictimaiyyətin
nümayəndələri və KİV-lər iştirak ediblər. |