Bakıdakı
51 nömrəli tam orta məktəbdə xalq şairi Nəriman
Həsənzadə ilə görüş keçirildi. Tədbiri məktəbin
direktoru Lətafət Səmədova açaraq qonaqları salamladı.
O, şairin məktəblilərlə görüşünün xüsusi əhəmiyyət
daşıdığını, onların poeziyaya, ədəbiyyata dərindən həvəs
göstərdiklərini və belə tədbirlərin bütün iştirakçıların
yaddaşında silinməz iz qoyacağını vurğuladı.
Sonra N.Həsənzadənin həyat və yaradıcılığını əks etdirən
slayd təqdim edildi. Slaydda şairin ümummilli lider
Heydər Əliyevlə, ədəbiyyat və incəsənət xadimləri ilə
müxtəlif illərdə çəkilmiş şəkilləri nümayiş olundu.
Məktəbin 3 "a" sinif şagirdləri Xəlil və İlahə bir daha
şairi salamladılar, onun şeirlərini sevə-sevə oxuyub
əzbərlədiklərini söylədilər. Sonra həmin sinfin
şagirdlərindən Tahir, Mətin, Xəyalə, Əsgər, Mütalib,
Sinan, Züleyxa, Mirnəsib, Əsəd, Səma, Aygün, Hökümə,
Rəsul, Ayxan, Nihat və başqaları Nəriman Həsənzadənin "Azərbaycan",
"Heykəl", "Mən", "Zirvə", "Yaşamaq öyrədir təbiət bizə"
və digər şeirlərini toplaşanların diqqətinə çatdırdılar.
Şəfanın ifa etdiyi "Gül bir az" mahnısı tədbirə xoş
ovqat qatdı.
III sinif şagirdi Ləman Həşimovanın gözəl rəqsi, hələ
məktəbə qonaq kimi gələn balaca Nərgizin söylədiyi "Nəzrin
gör kim olacaq" şeiri, şagirdlərdən Sevinc və Nurayın
ifa etdikləri
bədii nümunələr, İlhamın sazda çaldığı aşıq musiqisi,
Nigar və Tamerlanın oxuduğu "Sən bağışladın" və "Sənsən
həyatım" mahnıları tədbir iştirakçıları tərəfindən
alqışlarla qarşılandı.
Tədbirin sonunda direktor L.Səmədova məktəblilərlə
görüşə görə xalq şairinə təşəkkür etdi. Bildirildi ki,
şairin şeirlərini oxuduqca insanda anaya, Vətənə,
torpağa, bizi əhatə edən insanlara ən xoş, ülvi hisslər
oyanır. Sonda məktəbin "Fəxri müəllimi" adının
verilməsini təsdiq edən diplom və xatirə hədiyyələri
Nəriman Həsənzadəyə təqdim edildi.
Nəriman Həsənzadə məktəblilərlə görüşün onda unudulmaz
anlar yaşatdığını bildirdi, şeirlərindən nümunələr
səsləndirdi.
Tədbirin yüksək səviyyədə təşkilində məktəbin
müəllimlərindən Səkinə İbadova, Almaz Novruzova, Səadət
Məmmədova və başqalarının xüsusi əməyi olduğu qeyd
edildi.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin
üzvü, şair Qəşəm Nəcəfzadə, Səbail Rayon İcra
Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər
şöbəsinin baş məsləhətçisi Əlmaniz Ələkbərov, "Yada
düşdü" jurnalının təsisçisi Nəzakət Məmmədova və başqa
qonaqlar iştirak edirdilər.
Qabil YUSİFOĞLU |