Mayın
20-də Bakıdakı 182 nömrəli tam orta məktəbdə 28 May
Respublika Gününə həsr olunmuş tədbir keçirildi. Dövlət
himni ifa olunduqdan sonra bayram tədbiri ulu öndər
Heydər Əliyevin təhsillə, vətənimizin müstəqilliyi,
gənclərə vətənpərvərlik hissinin aşılanması ilə bağlı
söylədiyi müdrik kəlamların səsləndirilməsi ilə başladı.
Tədbirin aparıcıları olan yuxarı sinif şagirdləri
Azərbaycan Cümhuriyyətinin yaranması, müstəqilliyimizin
əldə olunduğu tarixi şərait, ADR-in fəaliyyəti, onun
qəbul etdiyi dövlət bayrağı, himni haqqında geniş
məlumat verdilər.
Məktəbin direktoru Zinyət Tağıyeva 28 May Respublika
Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
Vurğulandı ki, tarixin ağır sınaqlarından çıxmış
respublikamız əsası ulu öndərimiz Heydər Əliyev
tərəfindən qoyulmuş inkişaf yolu ilə uğurla irəliləyir,
regionda və dünyada öz mövqeyini daha da möhkəmləndirir.
1990-cı illərin əvvəllərində müstəqillik əldə etmiş
müasir Azərbaycan Respublikası məhz ulu öndər Heydər
Əliyevin rəhbərliyi, onun siyasi iradəsi sayəsində
mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini
qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin
qorunması üçün qətiyyətli tədbirlər görüldü. Bu gün
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət,
vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam
etdirilir.
Sonra istedadlı uşaqlar Vətənə, məktəbə,
müstəqilliyimizə həsr olunmuş şeirlər söylədilər,
mahnılar, rəqslər ifa etdilər, səhnəciklər göstərdilər.
Milli Qəhrəman Mübariz İbrahimov və başqalarının
şücaətindən danışdılar, onların yolunu gedəcəklərinə,
Vətənimizin azadlığı, suverenliyi naminə lazım gələrsə
canlarından keçəcəklərinə söz verdilər.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |