Məlum
olduğu kimi, XX əsrin 50-ci illəri Azərbaycan elminin,
mədəniyyətinin və incəsənətinin inkişafı ilə xarakterizə
olunur ki, bu da həmin dövrdə milli elmi kadrların
formalaşması ilə bağlı olmuşdur. Əgər 50-ci illərə
qədər Azərbaycan elmini yaxın və uzaq xaricdə rus
alimləri təmsil edirdilərsə, 50-ci illərdən başlayaraq
bu ənənə milli kadrların hesabına dəyişməyə başlamışdır
ki, bu gün həmin kadrların biri də görkəmli
kitabxanaşünas alim, tarix elmləri doktoru, professor
Abuzər Alı oğlu Xələfovdur. Bütün şüurlu ömrünü
kitabxanaşünaslıq elminin inkişafına həsr edən professor
A.A.Xələfov 30-dan çox dərslik və dərs vəsaitinin, 300-ə
qədər elmi əsərin müəllifidir. Alimin bu yaxınlarda
çapdan çıxan "Kitabxanaşünaslığın tarixi və
metodologiyası" adlı dərsliyi də onun uğurlu
tədqiqatının nəticəsi kimi qiymətləndirilməlidir.
Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki,
əməkdar elm xadimi, əməkdar mədəniyyət işçisi, professor
Abuzər Alı oğlu Xələfovun müəllifi olduğu "Kitabxanaşünaslığın
tarixi və metodologiyası" adlı dərslik 2014-cü ildə işıq
üzü görmüşdür. Elmi redaktoru, pedaqogika üzrə fəlsəfə
doktoru, dosent K.Aslan, redaktoru, pedaqogika üzrə
fəlsəfə doktoru, dosent E.Əhmədov, rəyçilər, pedaqogika
üzrə fəlsəfə doktoru, dosent M.Məmmədov, tarix üzrə
fəlsəfə doktoru, dosent P.Kazımidir.
Dərslik ön söz, 7 fəsil və istifadə olunmuş ədəbiyyatın
siyahısından ibarətdir.
Dərsliyə müəllif tərəfindən yazılmış geniş həcmli ön
sözdə kitabxanaşünaslıq elmi haqqında ümumi məlumat
verilmiş, onun tarixi, prinsipləri, kitabxanaşünaslığa
həsr olunmuş dünya alimlərinin əsərlərinin adları,
Azərbaycan alimlərinin bu sahəyə dair əsərləri haqqında
məlumat verilmişdir. Bundan əlavə, ön sözdə dərsliyin
quruluşu və hər bir fəsil haqqında məlumat öz əksini
tapmışdır.
I fəsil "Kitabxanaşünaslıq fikirlərinin meydana gəlməsi,
təşəkkülü və inkişafı (Qədim dövrlərdən bizim eraya
qədər) adlanır və 3 hissədən ibarətdir:
1) "Qədim Şərqdə kitabxanaşünaslıq fikirləri" - bu
hissədə Şərqdə kitabxanaşünaslıq fikrinin yaranma tarixi,
onun tədrisi inkişafı və kitabxanaşünaslığın təkamül
prosesi haqqında informasiya öz əksini tapmışdır.
2) "Şumerlərdə və Assuriyada kitabxanaşünaslıq" -
adlanan bu hissə dünyada ilk kitabxanaların vətəni olan
qədim Şərq mədəniyyətinə həsr olunub. Buraya məşhur
şumerşünas alim Kramerin "Tarix Şumerdən başlayır" əsəri
haqqında informasiya daxil edilmiş və bu əsərdən Şumer
mədəniyyətinə dair qiymətli fikirlər seçilib dərsliyə
daxil edilmişdir. Eyni zamanda bu hissədə Şumer
mədəniyyətini öyrənmək üçün dəyərli tapıntılar haqqında
məlumat verilib.
Bu hissədə həmçinin Assuriya mədəniyyəti haqqında
informasiya da yer almışdır. Fransız səfiri Polemil
Bottanın (1841-ci il), ingilis alimi Henri Ostenin
(1852) Assuriya mədəniyyətinə dair araşdırmaları
haqqında, Çar Aşşurbanipalın Saray kitabxanası (Nineva
kitabxanası), bu sahədəki fəaliyyəti haqqında,
informasiyanın daxil edilməsi dərsliyin dünya tarixini
öyrənmək baxımından dəyərini artırır.
3) "Qədim Yunanıstanda və Romada kitabxanaşünaslıq" - bu
hissədə yunan və Roma mədəniyyəti, elmi və ən əsası
kitabxanaları haqqında informasiya öz əksini tapmışdır.
Yunan hökmdarları Polikart və Psisratın, Makedoniyalı
İskəndərin bu sahədəki fəaliyyəti barədə məlumat
verilib. Bununla yanaşı bu hissədən İsgəndəriyyə
kitabxanası haqqında, qədim yunan alimləri haqqında,
yazı materialları haqqında, kitabxana fondunun quruluşu
və oxuculara kitabxana xidməti haqqında məlumat almaq
olar.
"Biblioqrafiya" termininin yaranma tarixi, yazı
materiallarının inkişaf tarixi, onun dövrün önəmli
əsərləri haqqında (məsələn, Kallimax "Bütün bilik
sahələrində məşhur olanların yazdığı 120 kitabın
cədvəli", Afini Navrat "Bir yerdə işləyən alimlər",
Qereniy Filon "Kitabın əldə edilməsi", Telef "Kitab
təcrübəsi" və s.) informasiyanın, Amerika alimi Şiranın
Qədim Misir kitabxanaçıları haqqında fikirlərinin yer
aldığı bu hissə dərsliyin elmi dəyərini artırır.
II fəsil "Orta əsrlərdə kitabxanaşünaslıq" adlanır və 8
hissədən ibarətdir. Bu fəsildə Qərb ölkələrində
kitabxanaşünaslıq fikirlərinin meydana gəlməsi,
təşəkkülü və inkişafı, kilsə və monastr kitabxanaları,
orta əsrlərdə Şərq ölkələrində kitabxanaşünaslıq
fikirlərinin inkişaf tarixi, məscid, mədrəsə
kitabxanaları, İslam dininin yaranması və onun kitabxana
işinə təsiri, ərəblərin kitabxana işi sahəsindəki
fəaliyyəti, İslam dininin seçilməsində şəxslərin və
onların elmə, təhsilə verdiyi qiymətə dair məsələlər,
tarixi faktlar, Oməyidlər sülaləsi tərəfindən əsası
qoyulan Kral kitabxanası haqqında məlumatlar, Abbasilər
sülaləsinin kitabxana işi sahəsindəki fəaliyyəti, Ərəb
kitabxanaları (Kardova Xəlifi Abdar Raxmanın
kitabxanası), Şərq kitabxanaları və onların tipləri
haqqında informasiya öz əksini tapmışdır.
Eyni zamanda ikinci fəsilə orta əsrlərdə Rusiyada
kitabxanaşünaslıq, orta əsrlərin axırlarında Qərb
ölkələrində kitabxanaşünaslıq, Universitet
Kitabxanasının yaranması və onun kitabxanaşünaslığın
inkişafına təsiri, intibah dövründə kitabxanaşünaslıq,
reformasiya dövründə kitabxanaşünaslıq, kitab çapının
başlanması və onun kitabxanaşünaslığın inkişafına
təsiri, İohan Quttenberqin fəaliyyəti, Martin Lüterin
kitabxana işi haqqında qiymətli ideyaları, dövrün
qiymətli əsərləri (İoan Trittenqeyn "Almaniyanın
görkəmli şəxslərinin kataloqu", Cjon Beyl "Böyük
Britaniyanın görkəmli yazıçılarının külliyatı",
Françesko Donin "İtalyan biblioqrafiyası", Q.D.Men
"Fransız kitabxanası", Konrad Gesner "Dünya
ədəbiyyatının sistemli biblioqrafiyası" və s.), Elmlər
Akademiyalarının yaranması və onun kitabxana şəbəkəsinə
təsiri, Q.Nodenin bu sahədəki fəaliyyəti və "Kitabxana
quruculuğuna dair qaydalar əsəri", Q.F.Leybnis və onun
ideyaları, onun kitabxanalara verdiyi dəyər və s. bu
kimi məsələlər daxil edilmişdir.
III fəsil "XIX əsrdə kitabxanaşünaslıq" adlanır. Buraya
XIX əsrdə Rusiyada kitabxanaşünaslığın inkişafı,
görkəmli alimlərin bu sahədəki fəaliyyəti, "Prussiya"
təlimatı, Şretingerin "Kitabxanaşünaslıq üzrə bitkin
dərslik və yaxud kitabxananın mükəmməl iş aparmasına
dair rəhbərlik" əsəri və dünya alimlərinin
yaradıcılığına təsiri, Krılovun, Lobaçevskinin, Berin,
Sabolşikovun fəaliyyəti haqqında informasiya verilir.
IV fəsil "XX əsrdə kitabxanaşünaslıq" adlanır. 3
hissədən ibarətdir. Burada XX əsrdə Rusiyada
kitabxanaşünaslıq, Sovet Sosialist kitabxanaşünaslığının
yaranması, təşəkkülü və inkişafı kimi məsələlər tədqiq
edilib.
Bu fəsildə həmçinin XX əsrdə dünya kitabxanaşünaslarının
fəaliyyəti haqqında informasiya verilir. Belə ki, burada
Avstriya kitabxanası F.Eyxlerin, Almaniya
kitabxanaşünası A.Xarnakın, Q.Leydendorun fəaliyyəti və
Leydendorun kitabxanaşünaslıq sahəsindəki bölgüsü,
Betlerin, Ş.R.Ranqanatanın fəaliyyəti və faset təsnifatı,
kitabxanaşünaslıq haqqında 5 qanunu haqqında informasiya
daxil edilib. Bundan əlavə, fəsildə kitabxanaçılıq
kursları, ABŞ alimi T.C.Tanın və Şiranın fəaliyyəti və
onun genetik təhlil metodu, L.Ballardın, L.Martinin,
M.Düinin bu sahədəki fəaliyyəti, UNESCO-nun fəaliyyəti
və xartiyası, İngilis- Amerika sistemi kimi məsələləri
araşdırılıb.
V fəsil "Azərbaycan kitabxanaşünaslıq fikrinin meydana
gəlməsi, təşəkkülü və inkişafı adlanır. 1 hissə və 13
althissədən ibarət olan fəsil dərslikdə ən böyük həcmli
fəsildir.
Adından da göründüyü kimi, müəllif burada Azərbaycanda
kitabxanaşünaslıq fikrinin meydana gəlməsi, inkişafı,
qədim dövrlərdə və orta əsrlərdə Azərbaycanda
kitabxanaşünaslıq fikirləri, Erkən Azərbaycan ərazisində
kitab və kitabxanalar, ilk kitabxanaşünaslıq fikirləri,
Midiya mədəniyyəti, Zərdüştlük dini və onun müqəddəs
kitabı olan "Avesta", Albaniyada kitab və kitabxanalar,
kitabxanaşünaslıq fikirləri, Musa Kalankatlının "Alban
tarixi" əsəri, Azərbaycan xalqının ilk yazılı abidəsi
olan "Kitabi-Dədə Qorqud" dastanı, Ərəb xilafəti
dövründə kitabxanaşünaslıq, dini kitabxanalar, İslam
mədəniyyətinin Azərbaycan mədəniyyətinə təsiri, məscid
və mədrəsə kitabxanaları, XII- XV əsrlərdə
kitabxanaşünaslıq, Nizami Gəncəvi kitab və kitabxana
haqqında, XVI-XIX əsrlərdə kitabxanaşünaslıq, Azərbaycan
mətbuatı, bələdiyyə kitabxanaları, qiraətxanalar və s.
məsələlərə toxunmuşdur.
VI fəsil "İnformasiya cəmiyyəti və kitabxanaşünaslığın
müasir problemləri" adlanır. Burada müasir
kitabxanaşünaslığın mahiyyəti, obyekti və
kitabxanaşünaslığın funksiyaları, strukturu və kitabxana
işinin informasiyalaşdırılması məsələləri araşdırılıb.
VII fəsil "Kitabxanaşünaslığın metodologiyası" adlanır.
Bu fəsildə kitabxanaşünaslığın metodologiyası və
metodikası, elmi metodikası, kitabxanaşünaslıq
tədqiqatlarının təşkili və onun elmlər sistemində yeri
öyrənilmişdir.
Dərsliyin annotasiyasında qeyd olunduğu kimi böyük bir
tarixi dövrü araşdırmalı olan müəllif dünya
kitabxanaşünaslığına dair rus və Azərbaycan dillərində
çapdan çıxmış zəngin materialların öyrənilməsi və
təhlili əsasında uzun əsrlərdən bəri kitabxanaşünaslıq
fikirlərinin keçdiyi beş minillik təkamül və inkişaf
yolunu ardıcıl şəkildə izləmiş, onun tədricən müstəqil
kitabxanaşünaslıq elminə çevrilməsi prosesinin
qanunauyğunluqlarını elmi-nəzəri cəhətdən
əsaslandırmışdır.
Mehmanəli MƏMMƏDOV,
BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin dekan
müavini, dosent |