Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2014 - №19

 

Azərbaycan Müəllimlər İnstitutunda beynəlxalq elmi konfrans keçirilib

 

Böyütmək üçün şəkili seçinMayın 22-də Azərbaycan Müəllimlər İnstitutunda "Müəllim hazırlığının müasir problemləri: texnologiya, təhsil və inkişaf" mövzusunda III Beynəlxalq elmi konfrans işə başlayıb.

Konfransda təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Fransanın ESPE Versal Akademiyası, De Serj-Pontuaz Universitetinin rektoru Jan-Pyer Şevalye, Hindistanın KSTİ Universitetinin professoru Satyendra Patnaik, Avstriyanın Krems Müəllim Hazırlığı Universitetinin professoru Andreas Vessenbak, Avstriyanın təhsil sahəsində beynəlxalq əməkdaşlıq üzrə Avstriya Agentliyinin nümayəndəsi Karin Doegl, Rusiya, Ukrayna, Gürcüstan ali məktəblərinin, elmi-tədqiqat institutlarının tanınmış alimləri, eləcə də ölkəmizin müxtəlif ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının təmsilçiləri iştirak ediblər.

İlk öncə konfrans iştirakçıları institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət edib və ulu öndərin büstü önünə əklil qoyublar.

Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı konfransı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, konfransın mövzusunun aktuallığından, müəllim hazırlığının müasir problemləri üzrə qəbul olunmuş məruzələrin müzakirəsinin əhəmiyyətindən danışıb. Rektor bildirib ki, konfransda Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr və onların həlli yolları, beynəlxalq təcrübəyə uyğun, müasir tələblərə cavab verən müəllim hazırlığı sisteminin formalaşması, yeni təlim texnologiyaları və informasiya vasitələrindən professional səviyyədə istifadə yolları, idarəetmə sisteminin təkmilləşdirilməsi, pedaqoji kadr təminatı məsələlərinə dair müzakirələr aparılacaqdır.

 Beynəlxalq elmi konfransın plenar iclasında çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov sürətlə inkişaf edən Azərbaycanda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni hədəflərin müəyyənləşdirilməsinə və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac duyulduğunu bildirib. Bu baxımdan ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" mühüm əhəmiyyət kəsb edir. Həmin konseptual sənəddə ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil sisteminin inkişaf istiqamətləri, başlıca hədəfləri dəqiq şəkildə müəyyənləşdirilib və təhsil işçiləri qarşısında yeni, məsul vəzifələr qoyulub. Strategiyanın məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır.

Azərbaycanda müəllim hazırlığı, ixtisasartırma və müəllimlərin işə qəbulu sahəsində aparılan islahatlara diqqət çəkən nazir müavini hazırda bu prosesə respublikamızın aparıcı mütəxəssislərinin və beynəlxalq ekspertlərin cəlb olunduğunu söyləyib. Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu sahəsində beynəlxalq təcrübəyə uyğun yeni mexanizmin tətbiqinə başlanılıb. Bu mexanizmin üstünlüyü ondan ibarətdir ki, müəllim kadrlarının seçilməsi və yerləşdirilməsi elektron müraciət, elektron imtahan, elektron yerləşdirmə vasitəsilə həyata keçirilir.

Nazir müavini qeyd edib ki, Azərbaycanda təhsil infrastrukturunun əsaslı şəkildə yeniləşdirilməsi, məzmun islahatları, yeni nəsil dərsliklərin, yeni qiymətləndirmə sisteminin tətbiqi sahəsində əldə olunmuş nailiyyətlər təhsilin keyfiyyətinə təsir edən başlıca amillərdir. Müəllimlərin peşəkarlığının artırılmasına nail olmadan təhsil sahəsində uğurlu nəticələr əldə etmək mümkün deyil. Daim yeni biliklər əldə etmək həvəsi, öyrənmək və özünü təkmilləşdirmək səyləri, mənəvi inkişaf müəllimin əsas xüsusiyyətləri olmalıdır. Bütün bunlar müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində beynəlxalq təcrübəyə uyğun yeni mexanizmlərin tətbiqini zəruri edir.

Bu tədbirin müəllim hazırlığı sahəsində mövcud problemlərin müzakirəsi və perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edən təhsil nazirinin müavini konfransın işinə uğurlar arzulayıb.

Daha sonra Fransanın ESPE Versal Akademiyası, De Serj-Pontuaz Universitetinin rektoru Jan-Pyer Şevalye, Hindistanın KSTİ Universitetinin professoru Satyendra Patnaik, Avstriyanın Krems Müəllim Hazırlığı Universitetinin professoru Andreas Vessenbak, Avstriyanın təhsil sahəsində beynəlxalq əməkdaşlıq üzrə Avstriya Agentliyinin nümayəndəsi Karin Doegl çıxış ediblər.

Günün ikinci yarısında konfrans öz işini bölmə iclaslarında davam etdirib.

III Beynəlxalq elmi konfrans mayın 24-də başa çatacaqdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov