Şahlar
Əsgərov: "Bölgələrdə də müəllimlərin sınaq
qiymətləndirilməsi aparılmalıdır"
Bölgələrdəki məktəblərdə çalışan müəllimlərin də bilik
və səriştəsinin sınaq qiymətləndirilməsi aparılmalıdır.
Bunu Publika.az-a açıqlamasında təhsil sahəsi üzrə
ekspert Şahlar Əsgərov deyib.
Onun sözlərinə görə, gələn aydan Bakı məktəblərində
çalışan müəllimlərin bilik və səriştəsinin sınaq
qiymətləndirilməsinin aparılması təqdirəlayiq bir
addımdır.
"Bu addımın atılması ilə müəllimlərin fərdi bilik və
bacarıqlarını öyrənmək mümkün olacaq. Yəni savadlı
müəllimlər sırasından daha savadlıları seçilə biləcək",
- deyə Ş.Əsgərov əlavə edib.
Qeyd edək ki, təxmini hesablamalara görə Azərbaycanda
320 min müəllim var.
www.publika.az,
13.05.2014
Sınaq qiymətləndirmə müəllimlərin keyfiyyət
göstəricisini müəyyən edəcək
Bakı şəhərində müəllimlər üçün sınaq qiymətləndirmə
keçirməklə müəllimlərin keyfiyyət göstəricisini müəyyən
etmək mümkün olacaq.
Müəllimlərin sınaq qiymətləndirilməsinin aparılmasını
çox əhəmiyyətli sayan Milli Məclisin keçmiş komitə
sədri, təhsil eksperti Şahlar Əsgərov Trend-ə bildirib
ki, Bakı şəhərində çoxlu sayda, on minlərlə müəllim var.
Həmin müəllimlərin hamısının hüquq və vəzifəsi eynidir:
"Amma biz bunları sınaqdan keçirsək, onların müəllimlik
keyfiyyət dərəcəsini müəyyən edə bilərik. Öyrənə bilərik
ki, bu yaxşı müəllimdir, bu isə yaxşı müəllim deyil. Bu
müəllim fənni yaxşı bilir, amma dünyagörüşündə qüsur
var. Ancaq bu müəllimin dünyagörüşü çox yaxşı olsa da,
fənni yaxşı bilmir. Bunlar hamısı sınaq qiymətləndirmədə
üzə çıxacaq və nəticədə minlərlə müəllimin keyfiyyət
göstəricisi əlimizdə olacaq".
Ş.Əsgərov qeyd edib ki, müəllimin keyfiyyət göstəricisi
bilindiyi halda, Təhsil Nazirliyi və yerli təhsil
şöbələri üçün yaxşı müəllimləri idarəetməyə cəlb etmək
imkanı yaranar.
Müəllimlərin bilik və bacarığının öyrənilməsini çox
mühüm sayan ekspert deyib ki, sınaq qiymətləndirmə
nəticəsində Təhsil Nazirliyi müəllimlər ordusu arasından
güvənə bildiyi müəllimləri də seçə biləcək.
Bakı şəhərindəki 23 nömrəli orta məktəbin direktoru
Yuliya Kərimova isə Trend-ə bildirib ki, sınaq
qiymətləndirmənin nəticələri onun üçün də maraqlıdır:
"Mənim üçün də hər il tədris yükü payladığım
müəllimlərin biliyinin, professional bacarığının hansı
səviyyədə olduğunu bilmək maraqlıdır. Bu sınaq
qiymətləndirmə mənə müəyyən məlumatı verəcək. Mən
biləcəyəm ki, müəllimlərim hansı səviyyədədir, onların
peşəkarlığı necədir".
Y.Kərimova deyib ki, sınaq qiymətləndirmənin nəticələri
müəllimlər üçün dərs bölgüsünün aparılmasına təsir
etməyəcək. Bu proses təhsil sistemində müəllimlərin
peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinə yönələcək
və onların fəaliyyətindəki uğurları, çatışmazlıqları
müəyyən edəcək. Bunun əsasında müəllimlərin peşəkar
fəaliyyətinə müəyyən kömək göstəriləcək: "Bu, nə
müəllimlər üçün dərs yükünün aparılmasına, nə də
işlədiyi məktəbdə hansısa status almasına təsir göstərə
biləcək qiymətləndirmə deyil".
O qeyd edib ki, rəhbərlik etdiyi məktəbin müəllimləri bu
yeniliyi maraqla qarşılayıblar. Onun sözlərinə görə,
müəllimlərin sınaq qiymətləndirilməsinin keçirilməsi
müəyyən rezonansa da səbəb olub: "Mən deyərdim ki, bu
yaxşı bir rezonansdır. Bu, müəllimlər üçün də
maraqlıdır. Uzun müddət və qısa müddət məktəbdə işləyən
müəllim özünü sınamaq istəyir".
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi iyun
ayında paytaxtın ümumtəhsil müəssisələrində çalışan
müəllimlərin sınaq qiymətləndirilməsini həyata
keçirəcək. Sınaq qiymətləndirmə 3 istiqamətdə - fənn,
metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında
aparılacaq.
www.trend.az,
13.05.2014
Əjdər
Ağayev: "Nazirin əmri müəllimlərin təkmilləşməsi üçün
başlanğıc olacaq"
Təhsil
naziri Mikayıl Cabbarov müəllimlərin bilik və
səriştəsinin sınaq qiymətləndirməsi barədə əmr verib. Bu
əmr bir çox dairələrdə maraqla qarşılanıb. Təhsil
Şurasının sədri Əjdər Ağayev Modern.az-a açıqlamasında
təhsil sahəsində çalışan müəllimlərin bilik və səriştəsi
barədə danışıb. Onun sözlərinə görə, müəllimlər
biliklərini hərtərəfli inkişaf etdirməlidirlər:
"Maarifçilik fəaliyyətində müəllimin bir vəzifəsi tədris
işi, yəni dərs keçmək, təlim-tərbiyə işi ilə məşğul
olmaqdırsa, digər vəzifəsi də özünü aparmaqdır. Buna
özünütəsdiq deyirlər. Əvvəllər müəllimlər psixoloji,
sosioloji, ideoloji kitablar oxuyar və həmin kitablardan
öyrəndiklərini tətbiq də edərdilər. Son zamanlar
müəllimlər bu qədər özlərini oxumaqdan təcrid ediblər.
Nəticədə bəzi müəllimlər təkmilləşməyiblər. Sadəcə,
gündəlik mövzu nədirsə, onu tədris edir. Bəzi müəllimlər
yeni təlim texnologiyalarını şablondan götürür, bəziləri
onu da götürmür. Ona görə də təhsilin təsiri yaxşı
olmur, uşağın təhsilə marağı azalır. Bütün bunları
aşılamaq üçün Bakı şəhər Təhsil İdarəsi Təhsil
Nazirliyinin razılığı ilə müəllimlərlə tədqiqi
xarakterdə monitorinq keçirməklə onların nə oxuduğunu
dəyərləndirdi. Müəllimlərlə bağlı bu proses ardıcıl
getsə, hərəkata çevriləcək. Nəticədə müəllimlər öz
üzərində işləyəcək".
Əjdər Ağayev nazir Mikayıl Cabbarovun əmrinə də
münasibət bildirib: "Təkmilləşdirmə prosesini məqbul
hesab edirəm. Təkmilləşdirmə məcbur edir ki, müəllim öz
üzərində işləsin, öyrənsin, müasir texnoloji
məsələlərdən xəbərdar olsun. Müəllimlər unutmasınlar ki,
indi əvvəlki şərait deyil. Yenilikləri bilmək lazımdır.
Bütün müəllimlər təkmilləşsələr, bu təlimin keyfiyyətinə
də təsir göstərər. Mənə elə gəlir ki, bu təhsil
sahəsində çox yaxşı başlanğıcdır".
www.modern.az,
13.05.2014
Nəbatəli Qulamoğlu: "Güman edirəm ki, bu, müsbət
nəticələr verəcək"
"Bu gün Azərbaycan təhsilinin iki başlıca problemi var.
Birincisi, kadr məsələsidir. İkinci problem isə
müəllimlərin əməkhaqqı ilə bağlıdır. Bu iki problem
bir-biri ilə sıx əlaqədədir. Güman edirəm ki, bu iki
problemi həll etmədən Azərbaycan təhsilini inkişaf
etdirmək olmaz".
Bunu Modern.az-a təhsil eksperti Nəbatəli Qulamoğlu
deyib: "Çəkilən zəhmətin mahiyyətindən, fəlsəfəsindən
göründüyü kimi, müəllimlərin sınaq imtahahına çəkilməsi
məhz diaqnostika xarakteri daşıyır, müəllimlərin ümumi
bilik qabiliyyətlərini yoxlamaq məqsədi daşıyır. Əmrdə
qeyd edildiyi kimi, bu, həm də müəllimlərin gələcək
attestasiyasına hazırlıq məqsədi daşıyır. Düzgün
qərardır. Ümumiyyətlə, Azərbaycan təhsilində kadr
məsələsini önə çəkmək lazımdır. Müəllimlərin müasir
təhsillə hansı səviyyədə silahlanması, ümumi
dünyagörüşü, bunlar hamısı yoxlanmalıdır. Ola bilər ki,
bu proses mərhələli şəkildə aparılsın. Hər halda, ilkin
yoxlama sınaq xarakteri daşıdığı üçün sürətlə aparıla
bilər. Güman edirəm ki, bu, müsbət nəticələr verəcək. Bu
günə qədər müəllim özünü arxayın aparırdı və sinfə
girib-çıxmaqla işini bitmiş hesab edirdi. Bundan sonra o
hiss edəcək ki, həm cəmiyyət, həm də məktəb qarşısında
məsul şəxsdir. Başa düşəcək ki, onun işi təkcə siniflə
bitmir, o, ictimai fiqur kimi də tanınmalıdır, ölkənin
ictimai həyatında ciddi rol oynamış şəxs olmalıdır.
Bütün bunlar müəllimin özünün təhsilinə fikir verməsinə
səbəb olacaq".
Ekspert müasir müəllimlərin təhsilə olan marağından da
danışıb: "Azərbaycan müəllimlərinin müasir təhsilə meyli
çox azdır. Sınaq imtahanları bu məsələləri qabardacaq.
Müəllim hiss edəcək ki, onun təhsili köhnədir, yalnız
əzbər biliklər verir, müəllimin sinifdə özünü hərbçi
kimi apardığı kimi təhsildir. Müəllim görəcək ki, müasir
təhsil başqa cürdür, burda dioloji təhsil vacibdir.
Şagirdlər müəyyən mənada tam kommunikativ əlaqələr
qurmalıdır. Müəllim, ümumiyyətlə birtərəfli lektor kimi
fəaliyyət göstərməməlidir. Şagirdi
istiqamətləndirməlidir, şagird özü öz təhsilini
formalaşdırmalıdır. Sınaq imtahanları buna kömək edəcək.
Elə müəllimlər var ki, potensialı yoxdur. O təhsil
sistemini tərk etməlidir. Yaxşı potensialı olan
müəllimlər də var, üzə çıxa bilmir. Belə
qiymətləndirmələr prosesə lazımi istiqamət verəcək".
Qeyd edək ki, iyun ayında Bakı şəhərinin bütün dövlət
ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik
və səriştəsinin sınaq qiymətləndirməsi aparılacaq.
www.modern.az,
21.05.2014
Azər
Mehdiyev: "Maaşların artırılması heç nəyi dəyişməyəcək"
Bakı Şəhəri üzrə Təhsil İdarəsi iyun ayında paytaxtın
ümumtəhsil məktəblərində çalışan müəllimlərin sınaq
qiymətləndirilməsini aparacaq.
AzVision.az bununla bağlı ekspert Azər Mehdiyevin
fikirlərini öyrənib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda təhsil
sahəsində ciddi islahatlara ehtiyac var. O qeyd edib ki,
bu həm də təhsil sisteminin özünün qurulması,
təhsilalanlarla münasibətlərin daha
səmərəliləşdirilməsi, həm də təhsil işçilərinin öz bilik
və bacarıqlarının artırılması, onların əməkhaqlarının
yüksəldilməsi və ölkədə müasir dövrün tələblərinə cavab
verən təhsil sisteminin qurulmasına ehtiyac var.
A.Mehdiyev bildirib ki, təhsil sisteminin qurulmasında
müzakirə edilən məsələlərdən biri də təhsilin əsas
tərəflərindən biri olan təhsilverənlərin bilik və
bacarıqlarının artırılması, onların təhsilin
keyfiyyətinin yüksəldilməsi məsələsidir:
"Biz təhsil sahəsində əməkhaqlarının aşağı olması,
onların əməkhaqqının yüksəldilməsini tələb edirik.
Lakin, bu da bir reallıqdır ki, öz-özlüyündə indiki
şəraitdə təhsil işçilərinin əməkhaqqının Avropa
standartlarına uyğun olması həm büdcə imkanları
baxımından məhdud olmaqla yanaşı, həm də keyfiyyət
verməyəcək, heç nəyi dəyişməyəcək. Ona görə ki, bu gün
təhsil işçilərinin özlərinin arasında tələblərə cavab
verməyən, pedaqoji qabiliyyət baxımından bilik, bacarığı
xeyli dərəcədə aşağı olan insanlar var ki, onların
dəyişdirilməsinə, öz üzərlərində işləməsinə ehtiyac
var".
Ekspert sınaq qiymətləndirmə ilə yanaşı, şagird və
tələbələrin öz müəllimlərini qiymətləndirilməsi
sistemindən danışıb. Bildirib ki, bu sistem vasitəsilə
müəllimlərin hansı bacarığa sahib olması üzə çıxacaq:
"Son zamanlarda həm orta məktəblərdə, həm də ali
məktəblərdə şagirdlərin müəllimləri seçmək imkanlarından
danışılır. Bildirilir ki, tələbələr və şagirdlər öz
müəllimlərini seçə bilsinlər. Lakin burada belə bir
məqam ortaya çıxır ki, yeni gələn tələbələr və şagirdlər
müəllimlər haqqında məlumatsız olur. Ona görə də əvvəlki
illərin məzunlarının fikirləri həmin şagirdlərə
çatdırılmalıdır".
Azər Mehdiyev bildirib ki, bu sistem müəllimlərin sınaq
qiymətləndirmədən keçməsi zamanı çox önəmli rol
oynayacaq:
"Bu bir tərəfdən, tələbələrin müəllimləri seçməsinə
asanlıq gətirir, həm də müəllimlərin bacarığına dair
məlumatlarla bağlı rəhbərliyin əlində sənəd olur. Bu,
həm də Azərbaycanda təhsil işçilərinin sınaq
qiymətləndirmədən keçməsi zamanı çox önəmli
kriteriyalardan biridir. Birdən-birə bütöv təhsil
sistemini dəyişə bilməsək də, addım-addım bir
istiqamətdə dəyişiklik aparılmalıdır. Sınaq
qiymətləndirmənin mühüm göstəricilərindən biri də
şagirdlərin müəllimlərə olan münasibəti olacaq".
Ekspert bildirib ki, hazırda müəllimlər bu sınaq
qiymətləndirməyə hazır olması ilə bağlı ona çoxlu
suallar verilir:
"Bu əslində qəribə görsənir. Ümumiyyətlə, onlar nə zaman
hazır olacaqlar? İndidən başlamaq lazımdır ki,
müəllimlər öz üzərində məsuliyyət hiss eləsinlər. Və
təbii ki, sınaq qiymətləndirmə zamanı tələb olunan
meyarların seçilməsi məsələsi önəmlidir, bu dəqiqliklə
işlənməlidir. Lakin müasir dövrdə müəllimlər üçün
kompüter bacarıqlarının yoxlanılması çox vacib
məsələdir. Çünki onun ən adi informasiyanı internetdən
axtarıb tapa bilməsi, informasiyaların ötürülməsi zamanı
müasir texnologiyalardan yararlana bilmə dərəcəsi
yoxlanılır və bu dərin proqram bilikləri tələb edən
məsələ deyil. Adi biliklər səviyyəsində bir neçə vacib
məqam kimi qiymətləndirilir. Burada qorxulu bir şey
görmürəm. Yəni kompüterdə informasiyanın axtarılması,
ötürülməsi, toplanması və s. bunların hər bir müəllimin
öyrənməsi vacib şərtdir. Müəllim sınaq
qiymətləndirilməsi haqqında məlumat alan kimi
məsuliyyəti artacaq. Kurslara gedəcək və ya öz üzərində
işləyəcək, eləcə də evdə övladları vasitəsilə bunu
öyrənəcək", - deyə ekspert əlavə edib.
www.azvision.az,
20.05.2014
Məlahət Mürşidli: "Bu qiymətləndirmə müəllimi öz
üzərində işləməyə vadar edəcək"
Bakı
Şəhəri üzrə Təhsil İdarəsi iyun ayında paytaxtın
ümumtəhsil məktəblərində çalışan müəllimlərin sınaq
qiymətləndirilməsini aparacaq.
AzVision.az bununla bağlı təhsil üzrə ekspert Məlahət
Mürşidlinin fikirlərini öyrənib.
Sınaq qiymətləndirmə ilə tanış olduğunu bildirən ekspert
nazirliyin bu layihəsini müsbət addım adlandırıb:
"2007-ci ildən bəri müəllimlər tez-tez kurslarda,
seminarlarda iştirak edirlər. Bu gün isə sınaq
qiymətləndirməni müəllimlərin peşəkarlıq səviyyəsini,
onların öyrəndiklərini yerlərdə necə həyata
keçirdiklərinin monitorinqi kimi qiymətləndirirəm.
Müəllim dünən aldığı biliklə kifayətlənməməlidir, onlar
hər gün, hər saat öz üzərində çalışmalıdır. Çünki
yeniliklər olduqca çoxdur, informasiya bolluğu əsridir.
Şagirdlərimiz bu sahədə bizdən öndədir, buna görə də
düşünürəm ki, bu sınaq qiymətləndirmənin çox müsbət
təsiri olacaq. Bu qiymətləndirmə müəllimi öz üzərində
işləməyə vadar edəcək".
Təhsil ekspertinin sözlərinə görə, bu qiymətləndirmə
nəticəsində müəllimlərimizin hansı sahədə çatışmayan
cəhətlərinin olduğu üzə çıxacaq:
"Bu cəhətlər də Təhsil Nazirliyindən, məktəb
rəhbərliyindən, yoxsa müəllimdənmi asılıdır, bunlar
məlum olacaq. Buna uyğun olaraq da yeni dərs ilindən
müəllimlərin peşə səviyyəsinin təkmilləşdirilməsi üçün
müxtəlif yollardan istifadə ediləcək və müəllimlərin öz
üzərində işləməsinə şərait yaradılacaq".
M.Mürşidli sınaq qiymətləndirmənin necə həyata
keçirilməsindən danışıb. Onun sözlərinə görə, buraya
vətəndaş cəmiyyəti qurumlarının üzvlərini dəvət etmək
olar:
"Elə dəqiq işlənməlidir ki, orada qeyri-obyektiv,
neqativ hallara yol verilməsin. Biz indidən məlumatlar
alırıq ki, bəzi məktəblər təşvişə düşüb ki, hansısa
addımlar atmaq lazımdır. Belə neqativ hallara yol
verməmək üçün mexanizm dəqiq işlənməlidir".
Bu prosesin yaxın vaxtlarda bölgələrdə də həyata
keçiriləcəyini bildirən təhsil eksperti qeyd edib ki,
ilk olaraq Bakıdan başlanılıb:
"İndi Bakıdan başlamışıq, mərhələ-mərhələ bütün
rayonlardakı müəllimlər arasında bunu keçirmək
lazımdır".
Müəllimlərimiz bu qiymətləndirilməyə hazırdırmı sualına
isə Məlahət Mürşidli belə cavab verib:
"Düşünürəm ki, bununla bağlı problem yoxdur.
İmtahanların keçirilməsi iyun ayında başlayacaq və buna
hələ ki bir ay var. 2007-ci ildən başlayaraq davamlı
olaraq seminarlar keçirilir. Müəllim birdəfəlik
anlamalıdır ki, seminarı gözləməməlidir, həmişə öz
üzərində işləməlidir, özü də mükəmməlləşməyə can
atmalıdır. Başa düşməlidir ki, 70-ci illərin, keçən
əsrin müəllimi olmamalıdır. 21-ci əsrin tələbləri tamam
başqadır. Qiymətləndirmə 3 istiqamət üzrə aparılacaq ki,
müəllimin öz fənnini bilməsi vacibdir. İkincisi
innovativ metodlardır ki, bunu biz seminarlarda
öyrətmişik. Digər cəhət kommunikasiyadır. Universitetdə
öyrəndikləri bilik və onu tətbiq etmək bacarığı davamlı
surətdə həyata keçən prosesdir. Onlar nədən çəkinsinlər,
nədən narahat olsunlar? Bu, sınaq qiymətləndirməsidir".
Məlahət Mürşidli eyni zamanda Təhsil Nazirliyinə sınaq
qiymətləndirmə ilə bağlı təklif irəli sürüb:
"Təklif edirəm ki, suallar bankı hazırlansın. Bu da
narahatlığı aradan qaldırar, müəllimləri stressdən xilas
edər. Həm də müəllim vərəqləyər, bir ay müddətində
suallarla tanış olar. Belə addım atılsa, bu, ümumi
işimizə fayda verər", - deyə ekspert əlavə edib
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi iyun
ayında paytaxtın ümumtəhsil məktəblərində çalışan
müəllimlərin sınaq qiymətləndirilməsini aparacaq.
Sınaq qiymətləndirilməsi 3 istiqamətdə - fənn, metodika,
kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaq.
Sınaq qiymətləndirilməsinin fənn istiqaməti - müəllimə
öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi
üçün əhəmiyyətli olan zəif və güclü cəhətlərini müəyyən
etmək imkanı verəcək
Qiymətləndirilmə Bakı şəhərinin 12 rayonu üzrə ayrı-ayrı
məktəblərdə təşkil olunacaq və 2 saat davam edəcək.
Sınaq qiymətləndirilməsi ilə müəllimlərin peşəkarlıq
səviyyəsinin yüksəldilməsi və karyera inkişafı, onların
bilik, bacarıq və səriştəsinin artırılmasına xidmət edən
yeni sistemin yaradılmasına başlanılması nəzərdə
tutulur.
www.azvision.az,
13.05.2014
Nadir İsrafilov: "Bütün müəllimlər eyni əməkhaqqı ala
bilməz"
Təhsil eksperti Nadir İsrafilov Bakı şəhəri üzrə Təhsil
İdarəsi tərəfindən iyun ayında paytaxtın ümumtəhsil
məktəblərində çalışan müəllimlərin sınaq
qiymətləndirilməsi prosesinə münasibət bildirib.
Ekspert "Qafqazinfo"ya açıqlamasında deyib ki,
müəllimlərin bilik və səriştəsinin sınaq
qiymətləndirilməsi onların attestasiya məsələsinin ilkin
mərhələsidir: "SSRİ dönəmində hər beş ildən bir
müəllimlərin attestasiyası keçirilirdi. Müstəqillik əldə
edəndən sonra bu məsələ bir növ unuduldu. Nəhayət,
1999-cu ildə bu məsələyə diqqət ayrıldı. Ancaq nəticəsi
olmadı.
Müəllimlərin stimullaşdırılması, onların əməkhaqlarına
diferensial yanaşılması məsələsi var. Çünki bütün
müəllimlər eyni əməkhaqqı ala bilməz. Müəllimlər
attestasiyadan keçəcək. Ondan sonra onlara dərəcələr
veriləcək və buna görə də maaşlar müəyyənləşdiriləcək".
N. İsrafilov bildirib ki, Təhsil Nazirliyinin yeni
komandası bu məsələyə ciddi yanaşır: "Hazırda
müəllimlərin sayı 170 mindən çoxdur. Attestasiya
məsələsi də nisbətən unudulduğu üçün, bu böyük
kampaniyanı bir dəfəlik etmək mümkün deyil. Ona görə də
hələlik Bakı şəhərində Təhsil İdarəsinə tapşırılıb ki,
sınaqlar keçirilsin və sınaq əsasında təcrübə olunsun,
müəyyən təkliflər verilsin".
www.qafqazinfo.az,
19.05.2014
Etibar Əliyev: "Bu, müəllimlərin xeyrinədir"
Təhsil eksperti Etibar Əliyev Bakı şəhəri üzrə Təhsil
İdarəsi tərəfindən iyun ayında paytaxtın ümumtəhsil
məktəblərində çalışan müəllimlərin sınaq
qiymətləndirilməsi prosesinə münasibət bildirib.
E.Əliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu
proses uğurla həyata keçirilsə, müəllimlərin
attestasiyasının həyata keçirilməsinə yardımçı ola
bilər:
"Bütün dünyada müəllimlərin fənni necə tədris etməsi,
sinifdəki davranışı, bilik və bacarığı həmçinin
valideynlərlə apardığı iş izlənilir. Bu da birbaşa
təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir.
Sınaq qiymətləndirməsinin metodika hissəsi kurikulumun
tətbiqi, müasir təhsil texnologiyaları ilə işləmək
bacarığı, şagirdlərin qiymətləndirilməsi kimi məsələləri
əhatə edir. Hazırda bizim bir sıra müəllimlərin bu
texnologiyalarla işləmək bacarığı yoxdur.
Kommunikativ bölüm isə müəllimlərin şagirdlərlə necə
ünsiyyət qurmasını özündə ehtiva edir. Bütün dünyada bu
proses şagirdlərin nailiyyətlər əldə etməsinə, daha
uğurlu təhsil almasına gətirib çıxarır. Sınaq
qiymətləndirməsi bütövlükdə yaxşı haldır. Bu, orta
məktəb müəllimlərinin xeyrinədir".
www.qafqazinfo.az,
13.05.2014
Emin Əmrullayev: Azərbaycanda gələn ildən bəzi
müəllimlər üçün həvəsləndirici tədbirlərin tətbiqinə
başlanacaq
Təhsil
Nazirliyinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi
sektorunun müdiri Emin Əmrullayevin "Trend"ə müsahibəsi
- Bakıda çalışan orta məktəb müəllimlərinin
fəaliyyətinin sınaq qiymətləndirilməsi zərurəti nədən
yarandı?
- Təhsil sistemində keyfiyyətin qaldırılması, ayrı-ayrı
müəllimlərin peşəkar inkişafına dəstək olmaq üçün bu tip
qiymətləndirmələrin aparılması normal praktikadır.
Dünyanın bir çox ölkələrində belə qiymətləndirmələr
milli və ya regional səviyyədə həyata keçirilir. Bakıda
da belə bir sınaq qiymətləndirmənin keçirilməsinin əsas
məqsədi müəllimlərlə bağlı mövcud vəziyyəti, müəllimlər
arasındakı mövcud fərqləri dəyərləndirmək, müəllimlərin
əmək fəaliyyətinin motivasiyasını qaldırmaqdır.
Düşünürük ki, bu sınaq qiymətləndirmənin nəticəsi
olaraq, biz Bakı şəhərində rayonlar, müxtəlif fənlər,
müxtəlif yaş qrupları və s. faktorlara görə ayrı-ayrı
keyfiyyət göstəricilərinə daha yaxından bələd olacağıq.
Bu, gələcəkdə nazirlik tərəfindən müxtəlif qərarların
verilməsində, müəllimlərin daha yaxşı hazırlanması
istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsində,
həmçinin ixtisasartırma, müəllimlərin yenidənhazırlığı
işinin təşkili baxımından zəruri olan layihədir.
- Sınaq qiymətləndirmədə iştirak edəcək müəllimlər bu
prosesə necə hazırlaşa biləcəklər?
- Artıq imtahanın strukturu bəllidir. İmtahanda 40 sual
ixtisas fənni, 20 sual metodika, 20 sual isə müəyyən
kommunikativ qabiliyyətlərin ölçülməsi ilə bağlıdır.
Düşünürəm ki, müəllimlərdən hər hansı hazırlıq tələb
olunmur. Çünki bu suallar müəllimlərin gündəlik iş
prinsipləri ilə bağlı olacaq. İxtisasla bağlı suallar
daha çox kurikulumu əhatə edəcək. Suallar siniflər üzrə
strukturlaşdırılacaq. Yəni müəllimin hansı sinifdə hansı
keyfiyyətdə dərs demək imkanları da müəyyənləşdiriləcək.
Çünki bəzi müəllimlər aşağı siniflərdə daha rahatlıqla
yüksək səriştəlilik göstərirlər. Yuxarı siniflərdə dərs
dedikdə isə müəyyən mənada çətinlik çəkirlər.
Sualların metodika ilə bağlı hissəsi isə müəllimlərin
tədris zamanı tətbiq etdiyi müxtəlif metodlar, yeni fənn
kurikulumları, yeni yanaşmalar, hər hansı fəal təlim,
interaktiv təlim metodlarının tətbiqi məsələlərini əhatə
edəcək. Müəllimlər bu suallarla tədrisi müasir
standartlar əsasında nə dərəcədə qura bilmək
qabiliyyətlərinin olduğunu göstərəcəklər. Sualların
kommunikativ hissəsi müəllimlərin hazırkı emosional
durumu, onların ünsiyyət qurma qabiliyyəti, sinfi
idarəetmə, liderlik qabiliyyətlərini və s. ölçmək üçün
aparılan bir sorğu olacaq.
Çox önəmli məsələlərdən biri budur ki, sınaq
qiymətləndirmə attestasiya və imtahanla qarışdırılır.
Ancaq bunlar fərqli məsələlərdir.
- Sınaq qiymətləndirmə zamanı zəif nəticə göstərən
müəllimlərin fəaliyyətindəki zəif məqamlar hansı formada
aradan qaldırılacaq?
- Təbii ki, hər bir qiymətləndirmə nəticəsində müəyyən
boşluqlar aşkarlana bilər. Adətən, belə boşluqların,
çatışmazlıqların aradan qaldırılması üçün hansısa
fəaliyyət planı hazırlanır. Təbii ki, bu barədə
nəticələr məlum olduqdan sonra daha ətraflı danışmaq
olar. Amma ümumilikdə bir məsələ aydındır ki, sınaq
qiymətləndirmə müəllimlərin ayrı-ayrı sahələr, mövzular,
fənlər üzrə peşəkarlıq səviyyəsini ölçməyə imkan
verəcək. Önəmli olan məsələ məktəblərdə keyfiyyətli
tədrisin təşkilidir. Biz hamımız bunu qəbul etməliyik
ki, məktəbdə müəllim zəif olarsa, tədrisin keyfiyyəti və
təşkili vəziyyəti də aşağı olar. Bu zəif məqamlar
müəyyən edildikdən sonra nazirlik tərəfindən müəyyən
tədbirlər həyata keçiriləcək. Müəllimlərin
fəaliyyətindəki boşluqları aradan qaldırmaq üçün
təlimlər, yenidənhazırlıq, ixtisasartırma kursları
təlimləri təşkil ediləcək və müəllimlər bu təlimlərə
cəlb olunacaq.
- Qiymətləndirmənin nəticələri nə qədər müddətə
bilinəcək?
- Qiymətləndirmə Bakıda müxtəlif zonalar, müxtəlif
fənlər üzrə iyun ayı boyunca keçiriləcək. Qiymətləndirmə
keçirildikdən təxminən 1 həftə-10 gün sonra nəticələr
bilinəcək.
- Sınaq qiymətləndirmədə yüksək nəticə göstərən
müəllimlərin fəaliyyəti hansı formada
optimallaşdırılacaq?
- Nazirlik tərəfindən çox yüksək peşəkarlıq səviyyəsinə
malik müəllimlər üçün müəyyən həvəsləndirmə
tədbirlərinin görülməsi, bu müəllimlərin daha çox dərs
saatı ilə təmin edilməsi, dərs bölgüsünün aparılması
zamanı göstərilən nəticələrin nəzərə alınması nəzərdə
tutulur. Ancaq xüsusi qeyd edilməlidir ki, sınaq
qiymətləndirmə müəllimləri cəzalandırmaq üçün
keçirilmir. Bu, daha çox müəllimlərin mövcud peşəkarlıq
səviyyəsini ölçmək, nazirliyin gözləntiləri ilə
müəllimlərin mövcud vəziyyəti arasında olan fərqi
müəyyən etmək, müəllimlərin fərqli peşəkar istiqamətini
daha da sürətləndirməkdir.
- Qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlər
üçün həvəsləndirici tədbirlərin tətbiqinə gələn tədris
ilindən başlanılacaq?
- Bəli. Təbii ki, bu nəzərə alınacaq. Stimullaşdırıcı
tədbirlər peşəkarlıq səviyyəsi yüksək olan müəllimlərin
nazirlik tərəfindən müxtəlif layihələrə cəlb olunması,
müəyyən qiymətləndirmə layihələrinin, dərsliklərin
hazırlanması, ayrı-ayrı mövzularla bağlı müəyyən
metodiki məsələlərin həllində iştirakı, ümumiyyətlə,
təhsil islahatlarının həyata keçirilməsində bu
müəllimlərin ideyalarının, yanaşmalarının tətbiqi
formatında ola bilər. Həmin müəllimləri nümunə kimi
digər müəllimlərə göstərməklə keyfiyyət standartlarını
da müəyyən etmək həvəsləndirmə metodlarından biri ola
bilər.
- Sınaq qiymətləndirmələrin keçirilməsi dövriliyi necə
olacaq?
- Bu qiymətləndirmələr hər il olmasa da, mütəmadi olaraq
keçirilməlidir və keçirilməsi də nəzərdə tutulur. Çünki
bu, həm də nazirliyin öz işini qiymətləndirməsi və
həyata keçirilən tədbirlərin səmərəliliyini ölçmək
baxımından çox önəmlidir.
- Sınaq qiymətləndirmənin ilk ixtisas, orta ixtisas və
ali təhsil müəssisələrində çalışan müəllimlər üçün
keçiriləcəyi gözlənilirmi?
- Hazırda bu qiymətləndirmə ümumtəhsil müəssisələri üçün
keçirilir. Orta məktəblərdə bu qiymətləndirməni keçirmək
nisbətən asandır, amma ali təhsil müəssisələrində
fənlərin sayı 500-dən daha çox olduğundan onu praktiki
olaraq keçirmək daha çətindir. Buna görə də hazırda bu
məsələ nəzərdə tutulmur.
- Sosial məzuniyyətdə olan və əmək qabiliyyətini itirən
müəllimlər sınaq qiymətləndirmədə iştirak etməyəcəklər.
Həmin müəllimlərin sonradan bu prosesdə iştirakı təmin
ediləcəkmi?
- Bu müəllimlərin qiymətləndirmədə iştirakı sosial,
tibbi nöqteyi-nəzərdən mümkün deyil. Buna görə də bu
amil nəzərə alınır. Həmin müəllimlər üçün bu istisna
hallar aradan qalxdıqdan sonra onların da gələcəkdə
qiymətləndirmələrdə iştirakı nəzərdə tutulur.
www.trend.az,
15.05.2014
Yuliya Kərimova: "Sınaq qiymətləndirmə bir növ
tədqiqatdır"
Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli məktəbin
direktoru Yuliya Kərimovanın "Kaspi"yə müsahibəsi
Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və
karyera inkişafı, onların bilik, bacarıq və səriştəsinin
artırılmasına xidmət edən yeni sistemin yaradılması -
sınaq qiymətləndirilmənin həyata keçirilməsi
istiqamətində Təhsil Nazirliyi ilə Bakı Şəhəri üzrə
Təhsil İdarəsi artıq ilk addım atıb. Hələlik paytaxt
məktəbləri arasında keçirilməsi nəzərdə tutulan sınaq
qiymətləndirmə müəllimlər arasında müxtəlif suallar
yaradıb.
Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli məktəbin
direktoru Yuliya Kərimova "Kaspi"yə müsahibəsində sınaq
qiymətləndirmənin əhəmiyyətindən danışıb.
- Gələn aydan müəllimlərin sınaq qiymətləndirilməsinə
başlanılacaq. Sizcə, bu sistem müəllimlərin
peşəkarlığına hansı təsir göstərəcək?
- Sınaq qiymətləndirmənin birbaşa məqsədi müəllimin
hazırkı vəziyyətini öyrənməkdir. Yəni onlar nəyi bilir,
nəyi bacarırlar. Sınaq qiymətləndirmə müəllimlərin
peşəkarlığını daha da təkmilləşdirmək, onların
ehtiyaclarını öyrənmək məqsədilə keçirilir. Amerikada da
"Ehtiyacların öyrənilməsi" istiqamətində tədqiqatlar
aparılır və həyata keçirilir. Belə ki, məlumat
toplanılır və daha sonra qərara gəlinir ki, maliyyə nəyə
yönəldilsin və ya daha ehtiyaclı sahələr hansılardır. Bu
perspektivdən yanaşsaq, sınaq qiymətləndirmənin təsiri
çox və pozitiv olmalıdır. Biz sistem olaraq müəllimlərin
bilik səviyyəsini ortaya çıxaracağıq. Həmçinin "biz nə
etməliyik ki, onlar peşəkarlar kimi inkişaf etsinlər"
istiqamətində tədbirlər həyata keçiriləcək.
- Sınaq qiymətləndirməni uğursuz keçən müəllimlər üçün
hansı tədbirlər həyata keçiriləcək?
- Bu sınaq qiymətləndirmə olduğu üçün, əslində heç bir
tədbirin görülməsi nəzərdə tutulmur. Uzunmüddətli
tədbirə gəldikdə, onlar üçün təlimlər keçiriləcək,
ixtisasartırma kurslarından keçəcəklər. Biz növbəti
sınaqda onlardan daha yaxşı nəticə gözləməli olacağıq.
Müəllim də başa düşməlidir ki, onun peşəkar kimi
ehtiyacları bu sahədədir və o, öz üzərində işləməlidir
ki, daha da yaxşı işçi olsun. Bunun tədris yükünə heç
bir təsiri olmamalıdır. Bu sınaqdır, hələ heç
attestasiya da deyil. Sınaq qiymətləndirmə bir növ
tədqiqatdır.
- Ümumiyyətlə, sizcə hazırkı müəllimlər bugünkü tədris
metodlarının tələblərinə nə qədər cavab verirlər?
- Mənə elə gəlir ki, təcrübəli müəllimlərdə elə də
problem olmamalıdır. Ola bilsin ki, metodikaya,
psixometriyaya aid blokda hansısa problemlər üzə çıxa
biləcək. Onlar da yenidir, yəni müəllimlərimiz buna tam
hazır deyil. Bəzən bir az təşvişə düşürlər ki,
psixometriya nədir - fəndirmi, sahədirmi və ya hansısa
qabiliyyətdirmi? Biz hazırda materialları toplayır,
müəllimlərlə bölüşüb müzakirə edirik. Nə qədər ki, insan
nəyisə bilmir, onun üçün nəsə sual altında qalır və o
məsələ təşviş yarada bilir. Ancaq onu həmkarları ilə
müzakirə edəndə, müəyyən hazırlıq görəndə artıq normal
bir hala çevrilir. Müəllim bir peşəkar kimi öz inkişaf
məqsədlərini müəyyən etməyi bacarmalıdır. Region üzrə
tədqiqatlar göstərir ki, bu, təkcə bizim ölkənin
müəllimlərinin problemi deyil, ümumi problemdir: müəllim
özünün peşəkar inkişaf məqsədini müəyyən edə bilmir.
Müəllimdən "Sənin daha yaxşı olmaq üçün hansı
ehtiyacların var?" - deyə soruşanda bəzən bu suala cavab
verə bilmir. İndi informasiya və texnologiyaların
tətbiqi ilə bağlı müəllimlərdə "Bilirəm ki, mən bu
proqramdan istifadə edə bilmirəm, bunun üçün
çalışmalıyam, kurikulum öyrənməliyəm"- tendensiyası da
yaranır. Sınaq qiymətləndirmə bu tendensiyanı daha da
qüvvətləndirəcək. O insan ki, özünün peşəkarlığını və
məqsədlərini müəyyən edə bilir, demək, o, doğrudan da
peşəkardır. Sınaq qiymətləndirmənin qısa müddətli
effektlərindən biri də o olacaq ki, müəllim daha yaxşı
olması üçün "mən nəyi bacarıram və nə etməliyəm" sualına
cavab verə biləcək.
- Sınaq qiymətləndirmənin attestasiyaya hazırlıq kimi
dəyərləndirilməsi fikri nə qədər həqiqətdir?
- Mexanizm baxımından və texniki tərəfdən yanaşsaq, ola
bilər. Artıq bir dəfə bu prosesdən keçən müəllim, ikinci
dəfə attestasiyadan keçəndə müəyyən qədər özünə güvənmiş
olacaq. Bu, məsələnin psixoloji tərəfidir. Müəllim
diaqnostik qiymətləndirmədən sonra nəyi daha yaxşı
öyrənməli olduğunu biləcək. O, öz üzərində işləyəcək və
attestasiya üçün müəyyən hazırlığı əldə etmiş olacaq.
www.kaspi.az,
20.05.2014
Vidadi Bağırov: "Sınaq qiymətləndirilməsi təhsilin
inkişafına səbəb olacaq"
"Azərbaycanda müəllimlərin bilik və səriştəsinin sınaq
qiymətləndirilməsi çox vacibdir". Bunu Lent.az-a
açıqlamasında təhsil eksperti, əməkdar müəllim Vidadi
Bağırov bildirib. Onun sözlərinə görə, müəllimin bilik
və bacarığı onun şagirdi ilə ölçülür: "Müəllim nə qədər
bilikli, təcrübəli olacaqsa, onun dərs dediyi şagirdlər
də yaxşı olacaq".
Təhsil eksperti vurğulayıb ki, sınaq qiymətləndirilməsi
Azərbaycan təhsili üçün faydalı olacaq. "Bununla
müəllimlərin ehtiyacları öyrəniləcək. Həmçinin, həmin
ehtiyacların aradan qaldırılması ilə bağlı Təhsil
Nazirliyi tərəfindən tədbirlər görüləcək", - deyə
V.Bağırov əlavə edib.
V.Bağırov onu da qeyd edib ki, müəllimlərin bilik və
səriştəsinin sınaq qiymətləndirilməsi təhsil işçilərinin
attestasiyasına hazırlıq kimi də dəyərləndirilməlidir.
"Sınaq qiymətləndirilməsi ilə real vəziyyət
qiymətləndiriləcək. Ümumilikdə bu, təhsilin inkişafına
səbəb olacaq".
Qeyd edək ki, sınaq qiymətləndirmədə Bakı məktəblərində
daimi müəllim vəzifəsini tutan müəllimlər və analıq
məzuniyyəti yerinə müddətli müqavilə ilə işləyən
müəllimlər (digər ümumtəhsil müəssisəsində müəllim
işləyən əvəzçilər istisna olmaqla) iştirak edəcək.
Qiymətləndirmədə məktəb direktorları, direktor
müavinləri, psixoloqlar, laborantlar, uşaq birliyi
rəhbərləri, sosial məzuniyyətdə olan və müvəqqəti əmək
qabiliyyətini itirən müəllimlər iştirak etməyəcək.
www.lent.az,
15.05.2014
"Müəllimlərin gələcək attestasiyası asanlaşacaq"
Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin bilik və
səriştəsinin sınaq qiymətləndirilməsi barədə əmr
imzalayıb. Əmrə əsasən gələn aydan başlayaraq, Bakı
məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin
sınaq qiymətləndirilməsi aparılacaq.
"Müəllimlərin sınaq qiymətləndirilməsi təhsil sistemində
müsbət irəliləyişə səbəb olacaq". Bunu Simsar.az-a
Sumqayıt Şəhər Təhsil Şöbəsinin keçmiş müdiri, təhsil
eksperti Vidadi Bağırov müəllimlərin bilik və
səriştəsinin sınaq qiymətləndirilməsini şərh edərkən
deyib. Onun sözlərinə görə, bu gün cəmiyyətimizdə
texnoloji yeniliklər baş versə də, şagirdlərin
təlim-tərbiyə prosesində müəllimlər stimulverici qüvvə
olaraq qalır.
Vidadi Bağırov əlavə edib ki, sınaq
qiymətləndirilməsinin aparılması ilə müəllimlərin
ehtiyacları öyrənilməli, gələcəkdə onların
peşəkarlığının daha da inkişaf etdirilməsi üçün yeni
işlər aparılmalıdır: "Bununla müəllimlərin gələcək
attestasiyası, ixtisasartırma kurslarının təşkili,
dərsliklərin təkmilləşdirilməsində müsbət dəyişikliklər
əldə edilə bilər".
www.simsar.az,
21.05.2014 |