Sual:Sınaq qiymətləndirmədə kimlər iştirak edəcək?
Cavab:
Sınaq qiymətləndirmədə Bakı məktəblərində daimi müəllim
vəzifəsini tutan müəllimlər və analıq məzuniyyəti yerinə
müddətli müqavilə ilə işləyən müəllimlər (digər
ümumtəhsil müəssisəsində müəllim işləyən əvəzçilər
istisna olmaqla) iştirak edəcəkdir.
Sual: Sınaq qiymətləndirmədə kimlər iştirak etməyəcək?
Cavab:
Qiymətləndirmədə məktəb direktorları, direktor
müavinləri, psixoloqlar, laborantlar, uşaq birliyi
rəhbərləri, sosial məzuniyyətdə olan və müvəqqəti əmək
qabiliyyətini itirən müəllimlər iştirak etməyəcəkdir.
Sual: Sınaq qiymətləndirmənin attestasiyadan fərqi
nədir?
Cavab:
Təhsil Nazirliyi tərəfindən keçirilən qiymətləndirmə
sınaq xarakteri daşıyır. Burada əsas məqsəd yaradıcı
düşüncəni inkişaf etdirən, təhsilalanın fərdi
xüsusiyyətlərini, stimullaşdırma və karyera inkişafını
nəzərə alan, səriştənin artırılmasına xidmət edən
modelin yaradılması və müəllimlərin peşəkarlıq
səviyyəsinin yüksəldilməsidir. Effektiv və harmonik
təhsil mühitinin yaradılması təhsilalanların əldə
etdikləri bilikləri tətbiq etmələri üçün çox vacibdir.
Bu mühitin yaradılması dünya təcrübəsində də istinad
edildiyi kimi, təhsilalanların peşəkar bilik və
bacarıqlarının vaxtaşırı monitorinqindən keçir. Və ən
əsası, attestasiyadan aşağı qiymət almış şəxslər
sistemdən kənarlaşdırılır, sınaq qiymətləndirmədə isə
belə hal mövcud deyil.
Sual: Sınaq qiymətləndirmədə hamı iştirak etməlidirmi?
Cavab:
Bütün müəllimlər bu qiymətləndirmə prosesindən
keçməlidir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin
daim yüksəldilməsinin təmin olunmasına şərait yaradan
sınaq qiymətləndirmə səriştəli təhsilverənin karyera
inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan,
təhsilverənlərin bu qiymətləndirmə prosesindən keçməsi
onların karyera inkişafı və fəaliyyətinin
stimullaşdırılması üçün vacibdir.
Sual: Sınaq qiymətləndirmə nəyə xidmət edir?
Cavab:
Sınaq qiymətləndirmə müəllimlərin peşəkar inkişaf
istiqamətlərini, onların karyera inkişafını
müəyyənləşdirir, nəticəyönümlü əməkhaqqı sistemini
stimullaşdırır, təhsilverənin daim öz bilik və
bacarıqlarını artırması üçün münbit şərait yaradır. Bu
proses eyni zamanda təhsilverənlərin attestasiyasına
hazırlıq xarakteri daşıyır.
Sual: Sınaq qiymətləndirmədən keçən müəllimlər üçün
stimullaşdırıcı tədbirlər nədən ibarət olacaq? Bu
tədbirlər müəllimlərin sınaq qiymətləndirmədən keçməsi
üçün kifayət qədər cəlbedici olacaqmı?
Cavab:
Sınaq qiymətləndirmə prosesində yüksək nəticələr əldə
edən müəllimlərin maddi və mənəvi stimullaşdırılması
nəzərdə tutulur. Bu prosesin attestasiyaya hazırlıq
mərhələsi kimi bir növ "əsas döyüşqabağı məşq" olduğunu
və təkmilləşmə məqsədilə zəif yerlərin
müəyyənləşdirilməsi üçün əsas vasitə olmasını nəzərə
alaraq cəmiyyət tərəfindən müsbət qarşılanacağına ümid
edirik. Gələcəkdə bu tip qiymətləndirmənin
nəticələrindən təhsilin keyfiyyətinin artırılmasında
istifadə olunacaqdır.
Sual: Sınaq qiymətləndirmədən keçmək üçün yaş həddi
müəyyənləşibmi? Bütün müəllimlər bu prosesdən
keçməlidirmi?
Cavab:
Hazırda Bakı şəhərində Təhsil Nazirliyi sisteminə daxil
olan, müəllimlik fəaliyyəti ilə məşğul olan hər kəs
qiymətləndirmədən keçməlidir.
Sual: Sınaq qiymətləndirmə nə zaman keçiriləcək?
Cavab:
Təhsil nazirinin müvafiq əmrinə əsasən sınaq
qiymətləndirmənın iyun ayında keçirilməsi nəzərdə
tutulub.
Sual: Qiymətləndirmə hansı ixtisaslar üzrə aparılacaq və
neçə sualdan ibarət olacaq?
Cavab:
Qiymətləndirmə 19 ixtisas üzrə və 80 sualdan (40
ixtisas, 20 metodika, 20 kommunikativ sual) ibarət
olacaq.
Sual: Sınaq qiymətləndirmənın nəticəsi nə qədər müddət
üçün keçərlidir?
Cavab:
Bu proses tədqiqat xarakteri daşıdığından etibarlılıq
müddətindən söhbət gedə bilməz.
Sual: Müəllimlərin peşəkarlıq səviyyəsi hansı meyara
əsasən müəyyən ediləcək?
Cavab:
Müəllimlərin peşəkarlıq səviyyəsi ixtisas bilikləri,
metodiki bacarıqlar və kommunikativ qiymətləndirmənin
nəticələrinə uyğun olaraq müəyyən ediləcək. Burada hər
bir bölmə üzrə verilən cavablara fərdi yanaşılacaq.
Sual: Əgər bir müəllim üzrlü səbəbdən qiymətləndirmədə
iştirak edə bilməzsə, onun üçün yenidən bu prosesdə
iştirak etmək imkanı yaradılacaqmı?
Cavab:
Müəllimlərin bu prosesdə iştirakının zəruriliyini nəzərə
alaraq, qiymətləndirmə tarixlərinə yaxın müddətdə
onların yenidən sınaq qiymətləndirmədə iştirakı üçün
şərait yaradılacaq.
Sual: Cavablar üzrə orta bal necə müəyyənləşdiriləcək?
Cavab:
Sınaq qiymətləndirmə imtahan olmadığı üçün burada orta
bal anlayışı yoxdur.
Sual: Nəticələr nə zaman, necə və kim tərəfindən elan
olunacaq?
Cavab:
Nəticələr qiymətləndirmədən 3 gün sonra Bakı Şəhəri üzrə
Təhsil İdarəsi tərəfindən ümumtəhsil məktəblərinə
göndəriləcək.
Sual: Qiymətləndirmə İKT vasitəsilə aparılacaq?
Cavab:
Qiymətləndirmə yazılı test vasitəsilə aparılacaq.
Sual: Qiymətləndirmə neçə saat davam edəcək?
Cavab:
Qiymətləndirmə 2 saat davam edəcək.
Sual: Sınaq qiymətləndirmədə fəxri ad və mükafata layiq
görülənlər, "Əməkdar müəllim"lər və "Ən yaxşı
müəllim"lər üçün güzəştlər nəzərdə tutulubmu?
Cavab:
Bununla bağlı heç bir güzəşt nəzərdə tutulmayıb və bu
müəllimlərin sınaq qiymətləndirmədə öndə gedərək nümunə
olmalarını gözləyirik.
Sual: Sınaq qiymətləndirmədə obyektivlik necə qorunacaq?
Cavab:
Monitorinqin keçirilməsi üçün hər cür şərait
yaradılacaq.
Sual: Sınaq qiymətləndirmə müəyyən müddətdən bir baş
verən birdəfəlik proses olacaq, yoxsa bu proses
fasiləsiz aparılacaq?
Cavab:
Bu tip qiymətləndirmələrin mütəmadi keçirilməsi nəzərdə
tutulur.
Sual: Sınaq qiymətləndirmədən keçmiş müəllimlər üçün
təlimlər əsasən hansı istiqamətləri əhatə edəcək?
İxtisasartırma fəaliyyətinə tələbat kütləvi hal alarsa,
bunu təmin etmək üçün kifayət qədər resurs varmı?
Cavab:
Bu, fərdi xarakter daşıyır və hər bir müəllimin
göstəricilərindən asılı olaraq dəyişəcəkdir.
İxtisasartırma kursları dövlət və özəl təhsil
müəssisələrində yerli və beynəlxalq ekspertlərin
iştirakı ilə keçiriləcək.
Sual: Sınaq qiymətləndirmədə iştirak edən və yüksək
nəticə göstərən müəllimlər necə qiymətləndiriləcək?
Cavab:
Sınaq qiymətləndirmənin nəticələrinə görə, müxtəlif
stimullaşdırıcı tədbirlər həyata keçirilə bilər.
Sual: Sınaq qiymətləndirmədə zəif nəticə göstərən
müəllimləri nə kimi tədbirlər gözləyir?
Cavab:
Sınaq qiymətləndirmədən keçməmə anlayışı yoxdur, çünki
burada hər hansı bir keçid minimumu
müəyyənləşdirilməmişdir. Aşağı nəticə göstərmiş
müəllimlərimizin peşəkarlıq səviyyəsinin qaldırılması
üçün müxtəlif mexanizmlər tətbiq ediləcəkdir.
Sual: Rus bölməsində tədris edən müəllimlər hansı dildə
testdən keçəcək?
Cavab:
Müəllimlər tədris etdikləri dildə qiymətləndirmədən
keçəcək.
Sual: Suallar hansı mövzularda olacaqdır?
Cavab:
Suallar tədris proqramına uyğun tərtib edilir və
müəllimlərin şagirdlərə dərs dedikləri mövzulardandır.
Sual: Həm rus bölməsində, həm də Azərbaycan bölməsində
xarici dil tədris edən müəllimlər hansı dildə
qiymətləndirmədən keçəcək?
Cavab:
Qiymətləndirilmənin ixtisas sualları ixtisas dilində,
kommunikativ və metodika ilə bağlı suallar isə dərs
yükünün çoxluğuna və növbəti dərs ilində hansı bölmədə
dərs deyilməsi planlaşdırılırsa, o dildə olacaq.
Sual: Sınaq qiymətləndirilməsinə kömək məqsədi ilə yaxın
vaxtlarda hansı vəsaitlər nəşr olunacaq? Sınaq
qiymətləndirmənin nümunələri çap olunacaqmı?
Cavab:
Hər hansı bir vəsaitin çap olunması nəzərdə
tutulmamışdır. Bir daha qeyd edək ki, suallar tədris
proqramına uyğun tərtib edilir və müəllimlərin
şagirdlərə dərs dedikləri mövzulardandır.
Sual: Sentyabr ayından işləyirəm və bu vəzifəyə
imtahanla qəbul olmuşam. Sınaq qiymətləndirilməsi mənə
və mənim kimi imtahanla qəbul olunan müəllimlərə də
şamil olunur?
Cavab:
Sınaq qiymətləndirilməsi hazırda dövlət ümumtəhsil
məktəblərində çalışan bütün (Bakı məktəblərində daimi
müəllim vəzifəsini tutan, analıq məzuniyyəti yerinə
müddətli müqavilə ilə işləyən) müəllimlərə şamil olunur.
Sual: İbtidai sinif müəllimləri ixtisas üzrə hansı
fənlərdən qiymətləndirmədən keçəcək?
Cavab:
İbtidai sinif müəllimlərinin ixtisas üzrə bilikləri
Azərbaycan dili və riyaziyyat fənlərindən
qiymətləndiriləcək.
Sual: Elmi dərəcəsi olan orta məktəb müəllimləri də
qiymətləndirmədə iştirak etməlidirmi?
Cavab:
Bununla bağlı heç bir güzəşt nəzərdə tutulmayıb və bu
müəllimlərin sınaq qiymətləndirilməsində öndə gedərək
nümunə olmalarını gözləyirik.
www.bakuedu.gov.az |