Mayın
20-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan
Milli Konservatoriyasının tərkibində Musiqi Kollecinin
tələbələri öz yoldaşları, müəllimləri, valideynləri,
tanınmış incəsənət adamları qarşısında musiqi dili ilə
hesabat verdilər. Konsert 28 May Respublika Gününə həsr
edilmişdi.
Tədbiri Musiqi Kollecinin direktoru, əməkdar incəsənət
xadimi, professor Nazim Kazımov açaraq zala toplaşanları
salamladı. O, kolleclərinin tələbələrinin müxtəlif
mərasimlərdə, konsertlərdə, müsabiqələrdə uğurla çıxış
etdiklərini, lakin bu konsertin onlardan xeyli
fərqləndiyini, bir çox tələbələr üçün debüt xarakteri
daşıdığını bildirdi. Qeyd edildi ki, böyük səhnədə ilk
çıxışları tələbələrdə öz istedadlarını, müəllimlərindən
öyrəndiklərini nümayiş etdirməklə bərabər, həm də
onların səhnə mədəniyyətinə yiyələnmələrində mühüm rol
oynayır.
Professor Nazim Kazımov builki hesabat konsertinin bir
baxımdan da əlamətdar olduğunu və əvvəlkilərdən
fərqləndiyini söylədi. Dedi ki, bu il ilk dəfə olaraq
hesabat konsertinin proqramına kolleclərində yeni
yaradılmış nəfəs və zərb alətləri orkestrinin çıxışları
da salınıb. O çıxış edəcək tələbələrə uğurlar arzuladı.
Sonra kollecin son aylar ərzində müxtəlif konsert və
müsabiqələrdə iştirak edərək fərqlənmiş tələbələrinə
mükafatlar - layiq görüldükləri diplomlar və
təşəkkürnamələr təqdim olundu.
Hesabat konserti nəfəs və zərb alətləri orkestrinin
çıxışları ilə başladı. Orkestrin ifasında "Heyratı
marşı", "Summer taym", "Gecə səyahətçiləri" və başqa
musiqi əsərləri məharətlə səsləndirildi. Daha sonra
solo ifaçılar- kollecin müxtəlif kurslarında təhsil
alan tələbələr səhnəyə çıxıb öz məharətlərini
göstərdilər. III kurs tələbəsi Səid Haşımlının
trubada, I kurs tələbəsi Kamal Qədirovun trombonda,
III kurs tələbəsi İnarə Qəniyevanın skripkada
ifaları tamaşaçılar tərəfindən alqışlarla
qiymətləndirildi. Simli alətlər kvartetinin,
skripkaçılar və xalq çalğı alətləri ansambllarının
çıxışları da hamıda xoş ovqat yaratdı.
Tələbələrdən Sübhan Köçərlinskinin (IV kurs, qarmon),
orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında
ifa üzrə Respublika müsabiqəsinin qalibi Hüseyn
Həsənovun (IV kurs), Rəhimə Əliyevanın (I kurs,
fortepiano), Sübhan Vəliyevin (IV kurs, tar), Samir
Əzimovun (I kurs, kamança), beynəlxalq müsabiqə laureatı
Həmidə Ağasoyun (IV kurs, skripka) ifaları, III kurs
tələbələri Məftun Məmmədov, Əziz Mənsimov və IV kurs
tələbəsi Tariyel Vəliyevin ifa etdikləri "Qarabağ
şikəstəsi", tələbələr arasında gənc ifaçıların II
Respublika müsabiqəsinin laureatı, IV kurs tələbəsi
Nuranə Şıxəliyeva və başqalarının təqdim etdikləri
nömrələr də konsertin ən maraqlı nömrələri kimi yadda
qaldı.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru,
xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək öncə
iştirakçılara bayram təbriklərini çatdırdı. Sonra
ölkəmizdə milli musiqi mədəniyyətinin inkişafına və
muğamlarımızın xaricdə təbliğinə böyük diqqət
ayrıldığını deyən S.Kərimi milli dəyərlərimizin önə
çəkildiyini, dahi Üzeyir Hacıbəylinin əsasını qoyduğu
bir çox ənənələrin davam etdirildiyini diqqətə çatdırdı.
Musiqi Kollecini Azərbaycanda musiqi sahəsində ən önəmli
təhsil müəssisələrindən biri olduğunu dilə gətirən
S.Kərimi kollecin Azərbaycan musiqi mədəniyyətinə böyük
sənətkarlar bəxş etdiyini vurğuladı.
Kollecin müəllimi, Azərbaycan Respublikasının əməkdar
müəllimi Elmira Paşayeva, tədris işləri üzrə direktor
müavini, əməkdar müəllim Gülzar Hətəmzadə də tələbələri
təbrik edib kollec və təqdim olunan hesabat konserti
barədə ürək sözlərini söylədilər.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |