Mayın
16-da Bakı Dövlət Universitetində ulu öndər Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş
gənc alimlərin və tədqiqatçıların "Müasir biologiyanın
innovasiya problemləri" mövzusunda 4-cü Beynəlxalq elmi
konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru,
akademik Abel Məhərrəmov onun əhəmiyyətindən danışıb,
ümummilli lider Heydər Əliyevin vətən və xalq
qarşısındakı xidmətlərindən bəhs edib. Qeyd edib ki,
xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o
vaxt daha da xoşbəxt olur ki, bu siyasi kurs ölkədə
uğurla davam etdirilir. Biz eyni zamanda fəxr edirik ki,
ulu öndər Bakı Dövlət Universitetinin məzunu və fəxri
doktoru olub.
Sonra Milli Məclisin deputatı, professor Kamilə Əliyeva
"Ulu öndər Heydər Əliyevin təhsilin inkişafındakı
rolu", biologiya fakültəsinin dekanı, professor Akif
Quliyev "Müasir biologiyanın son nailiyyətləri"
mövsuzunda məruzələrlə çıxış ediblər.
Konfrans işini bölmə iclaslarında davam etdirib. "Bitki
fiziologiyası, biokimya, biofizika, molekulyar
biologiya", "Zoologiya", "İnsan və heyvan zoologiyası və
genetika", "Botanika və mikrobiologiya" bölmələrində
ümumilikdə 134 məruzə dinlənilib.
Mətbuat və informasiya şöbəsi |