Naxçıvan
Dövlət Universitetində SABAH qrupları ilə bağlı təqdimat
keçirilib. Universitetin rektoru, əməkdar elm xadimi,
professor Saleh Məhərrəmov ölkəmizdə təhsilə göstərilən
yüksək qayğıdan danışaraq, SABAH qruplarının
yaradılmasının əhəmiyyətini açıqlayıb. Yeni qrupların
yaradılmasının təhsilin keyfiyyətinin daha da
yüksəldilməsi, müasir tələblərə uyğun kadrların sayının
artırılması istiqamətində əhəmiyyətli addım olacağını
bildirib. Rektor çıxışında SABAH qruplarının savadlı,
bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil ediləcəyini,
SABAH qruplarının öz ixtisası üzrə peşəkar mütəxəssis
kimi yetişmək istəyən tələbələrə geniş imkanlar açdığını
qeyd edib. Vurğulanıb ki, sürətlə qloballaşan dünyada
müasir baxışlar, yüksək təhsil, bir neçə dil biliyi
tələbənin gələcəkdə iş tapmaq, uğurlu karyera qurmaq
şansını əhəmiyyətli dərəcədə artırır.
Qeyd olunub ki, bu qrupların yaradılmasında əsas məqsəd
azərbaycanlı tələbələrin xarici ali məktəblərdəki
tələbələrlə əməkdaşlığı, tədris proqramlarının
təkmilləşdirilməsidir. SABAH qrupuna tələbələr il
ərzində qiymətlərinin orta göstəricisi 61-dən aşağı
olmayan I kurs tələbələri arasından seçiləcək. SABAH-a
qəbul olmaq istəyən tələbə bunun üçün 3 mərhələdən
keçməlidir -
www.sabah.edu.az saytında elektron
qeydiyyata düşmək, 25 xarici dil olmaqla 50 sualdan
ibarət SABAH imtahanı vermək və sonda müsahibədən
keçmək. Bu mərhələləri daha yüksək nəticə ilə keçənlər
SABAH qrupunun tələbələri olacaq və ikinci kursdan
etibarən ixtisaslarına uyğun baza ali təhsil
müəssisəsində təhsillərini davam etdirəcəklər. SABAH
qrupları seçilmiş ixtisasın ən yaxşı tələbələrinin və bu
ixtisası ən keyfiyyətli tədris edən müəllimlərin
görüşdüyü məkan olacaq. SABAH qrupunun məzunu öz
ixtisasını ana dili ilə yanaşı, ingilis dilində də
mükəmməl biləcək. Qrupun fərqlənən tələbələri xarici
ölkələrə təcrübəyə göndəriləcək.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.
Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı |