ABŞ-ın
Con Hopkins Universitetinin professoru, İsveçin
Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun
yaradıcısı və rəhbəri Frederik Stara "ADA"
Universitetinin fəxri doktoru adı verilmişdir.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən
mərasimdə "ADA" Universitetinin rektoru, xarici işlər
nazirinin müavini, səfir Hafiz Paşayev elmin inkişafına
böyük töhfələr vermiş qonağı rəhbəri olduğu ali təhsil
ocağının professor-müəllim heyəti və tələbələri adından
səmimi salamlamışdır.
Rektor Hafiz Paşayev professor Frederik Starın Mərkəzi
Asiya regionu ölkələrinin tarixi, inkişaf dinamikası,
eləcə də bölgənin siyasəti ilə bağlı apardığı araşdırma
və tədqiqatlarını yüksək qiymətləndirmişdir.
"ADA" Universitetinin rektoru Hafiz Paşayev ABŞ ilə
Azərbaycan arasında səmimiyyət üzərində qurulmuş
əlaqələrdən, elm, təhsil və mədəni sahələrdə səmərəli
əməkdaşlıqdan danışmışdır.
Hafiz Paşayev bu cür görüşlərin iki ölkənin ali təhsil
ocaqları arasında elm, təhsil və mədəniyyət sahələrində
münasibətlərin gücləndirilməsi baxımından böyük
əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Hafiz Paşayev "ADA" Universiteti ilə bir çox ölkələrin
ali təhsil müəssisələri arasında əməkdaşlığın
genişləndiyini qeyd etmişdir.
"ADA" Universitetinin rektorunun müşaviri səfir Con
Moresko çıxış edərək professor Frederik Starın həyatı və
elmi nailiyyətləri barədə məlumat vermişdir.
Bildirilmişdir ki, F.Star tanınmış alim, beynəlxalq
münasibətlər üzrə tədqiqatçı və Mərkəzi Asiya regionu
ölkələrinin tarixini araşdıran mütəxəssisdir. O,
yüzlərlə elmi məqalənin, bir çox monoqrafiyanın və dərs
vəsaitinin müəllifidir.
Frederik Star çıxış edərək Azərbaycana gəlməsindən
məmnunluğunu ifadə etmişdir. Fəxri doktor adına layiq
görülməsinə görə universitetin kollektivinə
minnətdarlığını bildirən professor F.Star Azərbaycanda
təhsilə göstərilən dövlət qayğısının qürurverici
olduğunu bildirmişdir.
Daha sonra tədbirdə professor Frederik Starın yeni
"Unudulmuş maariflənmə: Ərəb işğalından Tamerlana qədər
Mərkəzi Asiyanın qızıl dövrü" kitabının təqdimatı
olmuşdur.
Kitabda 800-cü və 1200-cü illər arasında Mərkəzi
Asiyanın çiçəklənmə dövründən, regionun dünya ticarəti
və iqtisadiyyatında böyük rol oynamasından, şəhərlərin
və arxitekturanın böyük inkişaf yolunu keçməsindən,
mədəniyyət, ədəbiyyat və incəsənət sahələrində böyük
inkişafın müşahidə olunmasından söhbət açılır.
Kitabda, həmçinin Mərkəzi Asiya xalqlarının astronomiya,
riyaziyyat, tibb, geologiya, kimya, musiqi, sosial
elmlər və digər sahələrdə böyük nailiyyətlər əldə etdiyi
xüsusi vurğulanır.
Sonda Frederik Stara təhsil sahəsində gördüyü işlər və
ABŞ ilə Azərbaycan xalqları arasında əlaqələrin inkişaf
etdirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə
"ADA" Universitetinin fəxri doktoru adı verilmiş və
professora diplom təqdim edilmişdir.
Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanda
akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri,
ictimaiyyətin nümayəndələri və jurnalistlər iştirak
etmişlər. |