Mayın
19-da Bakıda "Futbol Könüllülərinin Beynəlxalq Forumu"
keçirilib.
Forum Təhsil Nazirliyi, AFFA və Gənclər və İdman
Nazirliyinin birgə dəstəyi ilə təşkil olunub. Forumun
keçirilməsindən məqsəd dünyada könüllülər hərəkatının,
xüsusilə, idmanda könüllülərin fəaliyyəti ilə bağlı
mövcud vəziyyəti müzakirə etmək, inkişaf tendensiyasını
araşdırmaqdan ibarətdir.
Azərbaycanlı könüllülərlə yanaşı forumda Polşa, Çin və
Türkiyədən də könüllülər iştirak ediblər.
Forumun açılış mərasimində təhsil nazirinin müavini
Ceyhun Bayramov, AFFA-nın baş katibi Elxan Məmmədov,
gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov
çıxş ediblər. İtaliyalı futbolçu, "Yuventus", "Milan",
"Barselona" klublarında çıxış etmiş, 2006-cı ildə
Almaniyada təşkil olunmuş dünya çempionatının qalibi
Canluka Zambrotta da fikirlərini bildirib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizin
könüllülər hərəkatında 15 ildən çoxdur ki, fəal şəkildə
iştirak etdiyini vurğulayıb. Azərbaycan nadir ölkələrdən
biridir ki, burada "Könüllülük fəaliyyəti haqqında"
Qanun qəbul edilib və əsas hüquqi tənzimlənmə bu qanunla
həyata keçirilir.
Nazir müavini qeyd edib ki, könüllülər hərəkatının əsas
mənbəyi yeniyetmələr və gənclərdir. Onlar, əsasən
məktəblərin şagirdləri, kollec və ali təhsil
müəssisələrinin tələbələridir. Könüllülük proqramının
təbliğı çərçivəsində 30 universitet, 10 kollec və 8
qeyri-hökumət təşkilatında 5000-dən çox gəncin iştirakı
ilə təqdimatlar keçirilib. Bu təbliğat fəaliyyəti Təhsil
Nazirliyinin dəstəyi ilə baş tutub.
Sessiyalarla davam etdirilən forumda 8 ölkədən 9
beynəlxalq səviyyəli spiker çıxış edib. Çıxışların
mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir və
layihələrdən qazanılmış təcrübələr olub.
Tədbirdə AFFA-nın prezidenti, Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və
digər qonaqlar da iştirak edib. |