Mayın
17-də Təhsil Nazirliyində respublika fənn
olimpiadalarının qaliblərinin mükafatlandırılması
mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov,
münsiflər heyətinin üzvləri, olimpiada qalibləri, rayon
təhsil şöbələrinin nümayəndələri iştirak edib.
Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov çıxış
edərək bildirib ki, istedadlı uşaqların üzə
çıxarılmasında, onların daha da yaxşı oxumağa
həvəsləndirilməsində, tədris bacarıqları ilə seçilən
müəllimlərin müəyyənləşdirilməsində fənn olimpiadaları
xüsusi rol oynayır. Məktəblərdə müxtəlif fənlər üzrə
olimpiadalarda iştiraka layiq şagirdlər seçilir və
onların hazırlığına nəzarət gücləndirilir. Bütün bunlar
olimpiada hərəkatına təkan verir.
Tədbirdə məlumat verilib ki, respublika məktəblilərinin
2013-2014-cü dərs ilində fənn olimpiadaları 3 mərhələdə
keçirilib. Rayon (şəhər) mərhələsi üzrə I turun 36908
nəfər iştirakçısından II tura 6374 nəfər keçib, onlardan
da 849-u yerli münsiflər heyətinin qərarına əsasən
respublika mərhələsində iştirak edib. Respublika
mərhələsinin nəticələrinə görə, iştirakçıların ümumi
sayından 189 nəfəri I-IV yerlərə, o cümlədən 20-si I,
27-si II, 61-i III, 81-i IV yerə layiq görülüb.
Tədbirdə qalib məktəblilər olimpiadaların təhsildə
əhəmiyyətindən danışıblar. Belə yarışlar fənləri daha
dərindən mənimsəməyə stimullaşdırır, məktəblilər
arasında sağlam rəqabət yaradır. Eyni zamanda
olimpiadalar və ümumilikdə, bilik yarışları tədrisin
keyfiyyətinin yüksəldilməsinə kömək edir.
Qaliblərə Təhsil Nazirliyinin diplomları və qiymətli
hədiyyələr təqdim olunub. |