Mayın
19-da təhsil naziri Mikayıl Cabbarov Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Vyetnam
Sosialist Respublikasına dövlət səfəri çərçivəsində bu
ölkənin təhsil və təlim naziri Fam Vu Luan ilə görüşüb.
Görüşdə təhsilin müxtəlif istiqamətləri üzrə
əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Təhsil sahəsində gələcək əlaqələrin
möhkəmləndirilməsində bir sıra birgə layihələrin həyata
keçirilməsinin mümkünlüyü vurğulanıb və müvafiq
əməkdaşlıq müqavilələrinin imzalanması barədə razılıq
əldə olunub.
Azərbaycan və Vyetnam arasında təhsil sahəsində hələ
sovetlər dövründən mövcud olan səmərəli münasibətlər
haqqında söhbət açılıb. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun
olaraq, ölkəmizdə təhsil almış vyetnamlı tələbələrin
iştirakıyla Bakıda Vyetnam-Azərbaycan dostluğu forumunun
keçirilməsi məsələsi müzakirə edilib.
Görüş zamanı həmçinin, Azərbaycanın ali təhsil
müəssisələrində təhsil alan vyetnamlı tələbələrin
sayının artırılması və "2007�2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində seçilmiş ali təhsil
müəssisələrinin siyahısına Vyetnamın qabaqcıl
universitetlərinin də əlavə olunması məsələləri
ətrafında fikir mübadiləsi aparılıb. Məktəblilərin
Beynəlxalq Kimya Olimpiadasının 2014-cü ildə Vyetnamda,
2015-ci ildə isə Moskva Dövlət Universitetinin Bakı
filialının təşkilatçılığı ilə Azərbaycanda
keçiriləcəyini nəzərə alaraq, bu istiqamətdə qarşılıqlı
təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd
olunub. |