| 
						
						
						 Səfər 
						çərçivəsində dövlətimizin başçısı Azərbaycanın ali 
						təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşüb 
						
						Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham 
						Əliyev Hanoyda ölkəmizin ali təhsil müəssisələrinin 
						vyetnamlı məzunları ilə görüşmüşdür. 
						
						Əvvəlcə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin 
						SSRİ nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri 
						zamanı burada keçirdiyi görüşlərin əks olunduğu fotolara 
						baxdı. 
						
						Sonra vaxtilə Azərbaycanda təhsil alan vyetnamlı 
						tələbələrlə görüş keçirildi. 
						
						Görüşü açan Vyetnamın Birlik və Dostluq Təşkilatının 
						sədri Vu Xuan Honq Azərbaycan Prezidenti İlham Əliyevi, 
						nümayəndə heyətini və digər qonaqları salamladı. 
						
						
						 Vyetnam 
						ilə Azərbaycanı gözəl dostluq tellərinin bağladığını və 
						bu dostluğun yarım əsrdən çox tarixi olduğunu vurğulayan 
						Vu Xuan Honq dedi: Azərbaycanlılar keçmiş sovet xalqları 
						ilə birlikdə Vyetnama azadlıq mübarizəsi və dinc 
						quruculuq dövründə böyük, təmənnasız və səmərəli kömək 
						göstərib. 1959-cu ildə Ho Şi Minin Bakı şəhərinə 
						səfərindən sonra Azərbaycan Vyetnam üçün minlərlə elmi 
						işçi, xalq təsərrüfatımızın vacib sahələri, o cümlədən 
						müdafiə və təhlükəsizlik, xüsusilə də neft sənayesi, 
						investisiya və energetika sahəsi üçün yüksək ixtisaslı 
						mütəxəssis hazırladı. Bütün bunlar Azərbaycan ilə 
						Vyetnam arasında xüsusilə böyük dostluq körpüsünün və 
						təməlinin qurulmasında əhəmiyyətli rol oynayıb. Bu gün, 
						hörmətli dostlar, bizə doğma torpağımızda Azərbaycan 
						Prezidenti İlham Əliyevlə görüşmək şərəfi nəsib olub. 
						İcazə verin, cənab  Prezident  Sizə hərarətlə və səmimi 
						salamlarımı yetirim. Sizin simanızda qardaş Azərbaycan 
						xalqına hərarətli, səmimi salamlarımızı çatdırırıq. 
						
						1995-ci ildən bəri Sovet İttifaqı respublikalarında, o 
						cümlədən Azərbaycanda ali təhsil alan vyetnamlıların 
						mütəmadi görüşlərinin keçirildiyini deyən Vu Xuan Honq 
						bu baxımdan Azərbaycanda ali təhsil alan vyetnamlıların 
						Prezident İlham Əliyev ilə görüşünün mühüm əhəmiyyət 
						kəsb etdiyini vurğuladı. O, vaxtilə Azərbaycanda təhsil 
						alan və hazırda Vyetnamda yüksək vəzifə tutan şəxsləri 
						dövlətimizin başçısına təqdim etdi. 
						
						Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.  
						
						
						Prezident İlham Əliyevin çıxışı  
						
						
						 - 
						Əziz dostlar, mən ilk növbədə, sizin hamınıza - taleyi 
						Azərbaycan ilə bağlı olan şəxslərə bütün Azərbaycan 
						xalqının dərin ehtiramını çatdırmaq və Azərbaycandakı 
						dostlarınız adından hamınızı salamlamaq istəyirəm. Mən 
						sizin ölkənizdə olmaqdan məmnunluq duyuram. Prezident 
						ilə bugünkü görüş və danışıqlar, eləcə də qarşıdakı 
						görüşlər ölkələrimiz arasındakı münasibətlərin daha da 
						inkişafına təkan verəcəkdir. Biz bu münasibətlərə çox 
						böyük əhəmiyyət veririk və bu münasibətlər uğurla 
						inkişaf etməkdədir. Bu münasibətlərin təməlini siz - 
						Azərbaycanda təhsil alan, bizim ölkədə yaşayan, xoşbəxt 
						gənclik çağlarını yaddaşında saxlayan insanlar qoyub. Bu 
						gün biz qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq 
						prinsipləri əsasında dövlətlərarası münasibətlər 
						qurarkən bu təmələ əsaslanırıq. Bu, insanlar arasında 
						olan münasibətdir. Bu təməl bizim xalqlarımız arasında 
						qarşılıqlı rəğbət deməkdir. Bu təməli də siz qoymusunuz. 
						Çünki sizin ikitərəfli münasibətlərin inkişaf etdirmək 
						istiqamətlərində fəaliyyətiniz bu təməli daha da 
						möhkəmləndirir. 
						
						Siz çox gözəl bilirsiniz ki, Azərbaycan xalqı Vyetnama 
						həmişə böyük sevgi və rəğbətlə yanaşıb. Sizin ölkənizin 
						ən çətin dövrlərində azərbaycanlılar Vyetnam ilə həmrəy 
						olublar. Azadlıq uğrunda mübarizənizdə həmişə sizinlə 
						yanaşı olublar. Elə bu dostluq, əməkdaşlıq, qarşılıqlı 
						dəstək hissləri bizim bugünkü ikitərəfli 
						münasibətlərimizin xarakterini və formasını 
						müəyyənləşdirib. 
						
						Mənim Vyetnama səfərim Azərbaycan Prezidentinin Vyetnam 
						Sosialist Respublikasına ilk səfəridir. Hərçənd, bayaq 
						foyedə nümayiş etdirilən fotoşəkillərdən məlumdur ki, 
						Azərbaycanın ümummilli lideri Heydər Əliyev Sovet 
						İttifaqı nümayəndə heyətinin tərkibində sizin ölkənizdə 
						səfərdə olub. 1959-cu ildə isə Vyetnam xalqının böyük 
						oğlu, Prezident Ho Şi Min Azərbaycanda səfərdə olub. Bu 
						tarixi faktlar bizim münasibətlərimizi möhkəmləndirir. 
						Biz bu faktlarla irəli addımlayırıq. Tarixsiz nə bu 
						günümüz, nə də gələcəyimiz ola bilər. 
						
						Bizim münasibətlərimizin, xalqlarımız arasında 
						münasibətlərin tarixi dostluğa və qardaşlığa əsaslanır. 
						Biz də bu münasibətləri bu gün, XXI əsrdə dinamik 
						inkişaf edən iki müstəqil dövlət kimi inkişaf etdirməli 
						və möhkəmləndirməliyik. Buna görə də mən əminəm ki, bu 
						səfərim münasibətlərimizin inkişafında mühüm mərhələ 
						olacaq, siyasi, iqtisadi və humanitar sahələrdə 
						əlaqələrimizə güclü təkan verəcəkdir. 
						
						Bu gün biz artıq əməkdaşlığımızın perspektivlərini 
						yüksək səviyyədə müzakirə etdik. Ölkələrimiz arasında 
						əmtəə mübadiləsi çox böyük deyil, təxminən 400 milyon 
						dollara bərabərdir. Lakin artım perspektivləri 
						mövcuddur. Bu gün Vyetnam-Azərbaycan biznes forumu 
						keçiriləcəkdir. Mənimlə birlikdə Azərbaycanın 50-dən çox 
						müxtəlif şirkətinin nümayəndəsi buraya gəlib və biznes 
						forumda iştirak edəcəkdir. Əminəm ki, tədbirin 
						nəticələri müsbət olacaq, əmtəə mübadiləsini artırmağa 
						imkan yaradacaqdır. 
						
						Biz neft-qaz sahəsində əlaqələrin yaxşı perspektivinə 
						malikik, bu gün də həmin məsələ müzakirə olunub. 
						Azərbaycanda təhsil alan vyetnamlıların əksəriyyəti 
						Neft-Kimya İnstitutunda oxuyublar. Buna görə də 
						Azərbaycanda neft-qaz əməliyyatları ənənələrinə yaxşı 
						bələddirlər və bilirlər ki, Azərbaycan dünyada sənaye 
						üsulu ilə neft hasil edən ilk ölkədir. Dəniz 
						yataqlarından da neft ilk dəfə Azərbaycanda hasil 
						edilib. Bu gün biz həmçinin humanitar və təhsil 
						sahələrini də inkişaf etdiririk və biz bu ənənəni bərpa 
						etmək niyyətindəyik. Çünki bu əlaqələr Sovet İttifaqının 
						süqutundan sonra kəsilmişdi. Amma fikrimcə, biz bu gün 
						təhsil sahəsində əməkdaşlığa yenidən baxmalıyıq. Biz 
						indi tələbələrimizi xaricdə təhsil almağa göndəririk. 
						Buna görə də istərdik ki, bizim üçün vacib olan 
						ixtisaslar üzrə sizin imkanlarınızdan da istifadə edək. 
						Həmçinin vyetnamlı tələbələr üçün hər cür şərait 
						yaratmağa hazırıq ki, gəlib Azərbaycanda təhsil 
						alsınlar, köhnə ənənələri bərpa etsinlər. Çünki sizin 
						nəsil də bu xatirələrlə yaşayır. 
						
						Görürəm ki, bu zalda gənclər çoxdur. Əsas odur ki, onlar 
						da bir-birini tanısınlar, ünsiyyət qursunlar, bir-birinə 
						hörmət etsinlər, dəstəkləsinlər və əməkdaşlıq etsinlər. 
						Turizm, mədəniyyət sahələrində mümkün olan potensialdan 
						maksimum istifadə etməliyik. Vyetnam bizim üçün dost 
						ölkədir, xalqımızın tarixən bağlandığı və qarşılıqlı 
						rəğbət bəslədiyi dost ölkədir. Biz gərək 
						münasibətlərimizi möhkəmləndirək. Bu gün Azərbaycan 
						müstəqil dövlət kimi dünyada öz mövqeyini qəti şəkildə 
						bəyan edir. Biz dünya miqyasında böyük nüfuza malikik və 
						son iki ildə BMT Təhlükəsizlik Şurasının üzvü olmuşuq. 
						Bu quruma 155 ölkənin dəstəyi ilə seçilmişik. İyirmi 
						ildən bir qədər artıq müstəqillik dövründə dünya 
						ölkələrinin əksəriyyətinin dəstəyini qazanmaq o qədər də 
						asan deyildi. Bizim dəstəklənməyimizin əsas səbəbi isə 
						budur ki, həmişə müstəqil yol tutmuşuq, müstəqil xarici 
						siyasət, eləcə də fəal regional siyasət aparırıq. Bizim 
						mövqeyimiz beynəlxalq hüquqa və ədalət prinsiplərinə 
						əsaslanır. Əgər dünyada bu iki əsas aparıcı tərəqqi və 
						inkişaf elementinə riayət olunsa, nə müharibə, nə 
						işğallar, nə də ədalətsizlik olar. Buna görə də biz BMT 
						Təhlükəsizlik Şurasında beynəlxalq hüquq prinsiplərini, 
						beynəlxalq təşkilatların qətnamələrinə əməl olunmasını, 
						eləcə də ədalət prinsiplərini möhkəm qoruyurduq. 
						
						Bizim ölkəmizdə təhsil alarkən əminəm ki, siz də 
						Azərbaycanda tolerantlıq, dözümlülük mühitinin şahidi 
						olmusunuz. Xalqımız çox qonaqpərvərdir. Azərbaycan 
						çoxmillətli ölkədir. Ölkəmiz Sovet dövründə də belə 
						olub, indi də belədir. Heç vaxt milli və dini zəmində 
						anlaşılmazlıq, qarşıdurma və münaqişələr baş verməyib. 
						Elə o vaxt da, ələlxüsus indi də müstəqil dövlət kimi 
						Azərbaycanda müxtəlif xalqlara və müxtəlif dinlərə 
						mənsub insanlar sülh və əməkdaşlıq şəraitində yaşayır, 
						bir-birini yaxşı başa düşür, hörmət edir və onların 
						hamısı çoxmillətli Azərbaycanın inkişafı naminə öz 
						töhfələrini verirlər. Buna görə də siz yəqin ki, 
						Azərbaycana Ermənistan tərəfindən məkrli təcavüz 
						olduğunu eşidəndə təəccübləndiniz. Çünki bunun üçün heç 
						bir səbəb yox idi. Bütün başqa xalqların nümayəndələri 
						kimi ermənilər də Azərbaycanda rahat yaşayır, bütün 
						nemətlərdən istifadə edirdilər. Təəssüf ki, Ermənistanda 
						hakimiyyətə gələn millətçi qüvvələr ölkəmizə qarşı 
						məkrli, rəzil müharibəyə başladılar. Onilliklər ərzində 
						çörəyini yedikləri Azərbaycan xalqına qarşı müstəsna 
						naşükürlük göstərdilər. Bu müharibə nəticəsində bizim 
						ərazilərimiz işğal altına düşdü, vətəndaşlarımız öz 
						doğma ocaqlarını tərk etməyə məcbur oldular. 
						Azərbaycanlılar doğma yurdlarından, tarixi 
						torpaqlarından qovuldular. İndi bu torpaqlar işğal 
						altındadır. Ərazilərimizin 20 faizi işğal olunub. 
						Beynəlxalq təşkilatların qərar və qətnamələrinə 
						baxmayaraq, bu işğal davam edir. Buna görə də mən 
						deyəndə ki, beynəlxalq təşkilatların qərarları 
						kimliyindən asılı olmayaraq, hamı tərəfindən yerinə 
						yetirilməlidir, məhz beynəlxalq hüquqa riayət olunmasını 
						nəzərdə tuturam. Bəs əslində necə olur? Bəzi hallarda 
						Təhlükəsizlik Şurasının qərarları bir gün ərzində yerinə 
						yetirilir. Bizə gəldikdə isə artıq 22 ildir ki, yerinə 
						yetirilmir. 
						
						BMT Təhlükəsizlik Şurası dünya birliyinin ali orqanıdır. 
						O, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən 
						çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin 
						onlar yerinə yetirilmir. Ermənistana qarşı da heç bir 
						sanksiyalar, beynəlxalq qınaq irəli sürülmür. 
						Münaqişənin indiyədək nizama salınmamasının səbəbi də 
						elə budur. Digər beynəlxalq təşkilatlar da bu münaqişə 
						ilə əlaqədar beynəlxalq hüquqa əsaslanan öz prinsipial 
						mövqelərini bildiriblər, lakin görünür, bu, kifayət 
						deyildir. Amma Azərbaycan öz iqtisadi, hərbi, siyasi 
						potensialını gücləndirəcəkdir. 
						
						Biz, əlbəttə, öz əzəli torpaqlarımıza - Qarabağa, 
						Şuşaya, Xankəndiyə qayıdacağıq, əvvəlki kimi orada 
						yaşayacağıq, nə dağılıbsa bərpa edəcəyik və ölkəmizin 
						layiqli gələcəyini təmin edəcəyik. Deməliyəm ki, bu 
						münaqişə ölkəmizin iqtisadiyyatına güclü ziyan vurub. 
						Buna baxmayaraq, müstəqil siyasi xətt aparmaqla və 
						yalnız öz təbii ehtiyatlarımıza güvənərək biz 
						iqtisadiyyatımızı qısa müddət ərzində - son on ildə 
						artım sürətinə görə birinci etmişik. Əsas səbəb milli 
						ideya, yəni məhz müstəqillik ideyası ətrafında 
						cəmiyyətin birliyi oldu. Eləcə də hökumətin əhalinin 
						sosial səviyyəsinin yaxşılaşdırılması üzrə məqsədyönlü 
						siyasəti mühüm rol oynadı. 
						
						Son on ildə əməkhaqları beş dəfə, pensiyalar demək olar 
						ki, on dəfə artıb. Xeyli sosial proqramlar həyata 
						keçirilib. Əlbəttə ki, iqtisadi islahatlar da mühüm rol 
						oynayıb, biz bunsuz indiki inkişaf səviyyəsinə çata 
						bilməzdik. Xarici investisiyaların fəal cəlb olunması, 
						Azərbaycan şirkətlərinin dövlət səviyyəsində 
						dəstəklənməsi, fəal beynəlxalq əməkdaşlıq və iqtisadi 
						mühitin, biznes mühitinin yaxşılaşdırılmasına 
						yönəldilmiş islahatlar öz bəhrəsini verdi. Azərbaycanın 
						inkişaf tarixinə nəzər yetirdikdə bir daha əmin olursan 
						ki, milli maraqlar hər şeydən üstün tutulanda ölkələr 
						uğur və tərəqqiyə nail ola bilər. Sizin ölkəniz bunun 
						bariz nümunəsidir. Siz də təcavüz və işğaldan 
						keçmisiniz. On minlərlə insanın iztirabını görmüsünüz. 
						Böyük itkilər vermisiniz. Buna baxmayaraq, siz 
						dirçəldiniz və güclü dövlətə çevrildiniz. Siz öz 
						taleyinizin sahibisiniz. Buna görə də milli maraqlara, 
						eləcə də əməkdaşlığa və dünyaya açıqlığa əsaslanan 
						xarici siyasət kursu aparan Vyetnam və Azərbaycan kimi 
						ölkələrin nümunəsi, fikrimcə, çox yaxşı göstəricidir. 
						Tərəqqiyə can atan hər bir ölkə üçün bu, yaxşı 
						nümunədir. 
						
						Azərbaycanda təhsil sahəsində bir çox məsələlər həll 
						olunur. Təbii ki, bu, bizim üçün önəmlidir. Məktəblərin, 
						ali təhsil müəssisələri binalarının inşası çox sürətli 
						templərlə aparılır. Əlbəttə, biz təhsilin keyfiyyətinin 
						yüksəldilməsi sahəsində xeyli iş görürük və bu proses 
						hökumətimizin diqqət mərkəzində durur. Bizim ölkəmiz son 
						illər ərzində regional miqyasda böyük uğurlar qazanıb. 
						
						Bu gün biz Prezidentlə neft-qaz sahəsində əməkdaşlıq 
						məsələsini müzakirə etdik. Deməliyəm ki, Azərbaycanda 
						həyata keçirdiyimiz layihələr regionun enerji xəritəsini 
						tamamilə dəyişib. Biz ilk dəfə olaraq neft-qaz kəmərləri 
						şəbəkələri vasitəsilə Xəzər regionunu Qara dəniz və 
						Aralıq dənizi regionu ilə birləşdirmişik. Bu da həm 
						bizə, həm də qonşularımıza neft-qaz ehtiyatlarından daha 
						səmərəli istifadə etməyə imkan verir. Gələcəkdə biz daha 
						böyük layihələr həyata keçirəcəyik. Bu layihələr bütün 
						dünya miqyasında ən iri layihələrdir. Bütün bunlara da 
						onun sayəsində nail olmuşuq ki, həm ölkə daxilində, həm 
						də xaricdə bizim inkişafımıza böyük inam vardır. Biz öz 
						siyasətimizi milli inkişaf və müstəqilliyimizi 
						möhkəmləndirmək əsasında aparırıq. Siz bizim ölkəmizdə 
						təhsil aldığınız müddətdə Azərbaycan müstəqil ölkə 
						deyildi. Hətta o dövrdə də siz bizim cəmiyyətdə 
						açıqlığı, inkişafı görürdünüz. Müstəqillik illərində 
						Azərbaycan cəmiyyətində müsbət meyillər güclənib. Biz öz 
						taleyimizin sahibi olmuşuq, üstün cəhətləri və 
						gələcəyimizi özümüz təyin edirik. Dünyada da bundan 
						böyük xoşbəxtlik ola bilməz. 
						
						Eyni zamanda, bizim mövqeyimiz həm regional, həm də daha 
						böyük miqyaslı əməkdaşlığa əsaslanır. Sizin regionla 
						əməkdaşlıq da bizim üçün mühüm istiqamətlərdən biridir. 
						Vyetnam ilə isə ən mühüm istiqamətdir. Azərbaycanın ilk 
						səfirliyi sizin regionda məhz Vyetnamda açılıb. Bu 
						səfirlik artıq bir ildir ki, fəaliyyət göstərir. Bu, 
						bizim hörmətimizin əlamətidir. Eyni zamanda, sizin 
						Azərbaycana marağınızı əks etdirir. Mən əminəm ki, 
						Azərbaycan Vyetnam üçün regionda mühüm strateji tərəfdaş 
						olacaqdır. 
						
						Bugünkü səfər əlbəttə ki, tarixdə qalacaqdır. Çünki bu, 
						Azərbaycan Prezidentinin Vyetnama ilk dövlət səfəridir. 
						Əminəm ki, bu səfəri başqa səfərlər də əvəz edəcəkdir. 
						Mən bu gün Vyetnam Sosialist Respublikasının 
						Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdim və bu 
						dəvət qəbul olundu. Biz öz münasibətlərimizi daha da 
						gücləndirəcəyik. Siyasi əlaqələrimizi 
						möhkəmləndirəcəyik, bütün beynəlxalq təşkilatlarda 
						bir-birimizi dəstəkləyəcəyik. İqtisadiyyatlarımıza fəal 
						sərmayələr qoyacağıq. Mədəni-humanitar əlaqələrimizi 
						inkişaf etdirəcəyik. Başqa sözlə, ölkələrimiz arasında 
						tammiqyaslı əməkdaşlıq artıq gerçəkliyə çevrilir. 
						Əlbəttə ki, bu əməkdaşlıqda Azərbaycanı tanıyan, 
						Azərbaycanı xatırlayan insanlara da xeyli yer vardır. 
						Buna görə də siz bizim münasibətlərimizin inkişafında 
						hərəkətverici qüvvəyə çevrilməlisiniz. 
						
						Mən bu gün sizinlə görüşməyimə çox şadam. İki mindən çox 
						vyetnamlı vaxtilə Azərbaycanın ali təhsil 
						müəssisələrində hazırlıq keçib və təhsil alıb. Əlbəttə 
						ki, sizin hamınızı Bakıda görmək istərdim. Fürsətdən 
						istifadə edərək, sizi ölkəmizə dəvət edirəm. Düşünürəm 
						ki, biz bunu mütləq həyata keçirməliyik. Bakıda 
						Vyetnam-Azərbaycan dostluğu forumu keçirmək olar. Bu 
						forum çərçivəsində də Azərbaycanın ali məktəblərinin 
						vyetnamlı məzunları forumunu təşkil etmək mümkündür. Elə 
						indi burada Azərbaycanın təhsil nazirinə və Vyetnamdakı 
						səfirimizə tapşırıq vermək istəyirəm ki, Vyetnam tərəfi 
						ilə birgə həmin forumun hazırlıq işlərinə başlasınlar və 
						ümid edək ki, tezliklə bu forumu keçirək və Bakıda 
						görüşək. Diqqətinizə görə sağ olun.  
						
						
						*** 
						
						Dövlətimizin başçısı İlham Əliyevi və nümayəndə heyətini 
						Azərbaycanda təhsil alan vyetnamlılar adından salamlayan 
						Vyetnam Sosialist Respublikasının Milli Yığıncağının 
						sədr müavini Uonq Tyu Lıu 1959-cu ildə Vyetnamın o 
						zamankı Prezidenti Ho Şi Minin Azərbaycana səfərini 
						xatırlatdı, bu səfərin Vyetnam ilə Azərbaycan arasında 
						dostluq əlaqələrinin inkişafına təkan verdiyini dedi. 
						
						Vyetnam ilə Azərbaycan arasında Sovet İttifaqının 
						süqutundan sonra qurulan diplomatik münasibətlərin 
						ölkələrimizin ənənəvi dostluğu və əməkdaşlığı üçün yaxşı 
						əsaslar yaratdığını qeyd edən Vyetnam Milli Yığıncağının 
						sədr müavini bildirdi ki, Prezident İlham Əliyevin bu 
						səfəri Azərbaycan-Vyetnam əlaqələrini daha da 
						genişləndirəcək, bir sıra sahələrdə, o cümlədən neft-qaz 
						sferasında kəşfiyyat və hasilatın aparılmasında 
						əməkdaşlığı möhkəmləndirəcəkdir. Uonq Tyu Lıu vurğuladı 
						ki, Azərbaycanda təhsil alan vyetnamlı tələbələr 
						müəllimlərin onların yüksək ixtisaslı kadrlar kimi 
						yetişməsindəki rolunu və xidmətini daim xatırlayır. 
						"Ötən il Azərbaycana səfər edən, əksəriyyətinin Bakıda 
						təhsil alan vyetnamlı olduğu Vyetnamın Milli 
						yığıncağının nümayəndə heyətinə rəhbərlik etməkdən şərəf 
						hissi duyuram", - deyən Milli Yığıncağın sədr müavini bu 
						səfərin nəticəsi olaraq parlamentlərarası dostluq 
						qruplarının yaradıldığını bildirdi. Uonq Tyu Lıu dedi: 
						
						- Biz fəxr edirik ki, köhnə universitetimizi və Bakını 
						ziyarət edə bildik. Biz tarixi şəhər olan Bakının necə 
						müasir və dinamik olduğunu gördük. Biz Azərbaycan 
						xalqının müstəqillik əldə etdikdən sonra ümummilli lider 
						Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə 
						qazandığı uğurlara çox sevinirik. Xüsusilə, qeyd etmək 
						istərdim ki, bu gün də vyetnamlı tələbələr Azərbaycanda 
						təhsillərini davam etdirir, orada yaşayır və işləyirlər. 
						Bizim vətəndaşlar Azərbaycan dövləti və xalqı tərəfindən 
						qayğı ilə əhatə olunurlar, onlara kömək göstərilir. 
						Bunun nəticəsində isə onlar təhsil almaq və uzunmüddətli 
						sabit çalışmaq üçün yaxşı şərait əldə edirlər. 
						
						Bütün bunlara və ümumilikdə, Azərbaycan dövləti və xalqı 
						tərəfindən Vyetnama göstərilən dəstəyə görə dövlətimizin 
						başçısı İlham Əliyevə minnətdarlığını bildirən Milli 
						Yığıncağın sədr müavini Azərbaycan Respublikasına 
						gələcəkdə də inkişaf və tərəqqi arzuladı.  
						
						
						***  
						
						Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri ilə 
						bağlı Azərbaycanın ali təhsil ocaqlarının məzunları olan 
						vyetnamlıların əlaqələndirmə komissiyasının xətti ilə 
						Azərbaycan-Vyetnam dostluq cəmiyyətini yaratmaq 
						istədiklərini vurğulayan Vyetnamın Birlik və Dostluq 
						Təşkilatının sədri Vu Xuan Honq sözü həmin komissiyanın 
						sədri, elmlər doktoru Nev Bu Xauya verdi. Nev Bu Xau 
						dedi: 
						
						- Möhtərəm cənab Prezident, dostlar, icazə verin, 
						Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları adından 
						sizə möhkəm cansağlığı, xoşbəxtlik və prezidentlik 
						vəzifənizdə uğurlar arzulayım. Qoy, Azərbaycan ilə 
						Vyetnam arasında dostluq münasibətləri inkişaf edib 
						möhkəmlənsin. Azərbaycan həmişə bizim qəlbimizdədir.  
						
						
						***  
						
						Azərbaycanın Vyetnam üçün neft və qaz sənayesi işçiləri 
						ordusu hazırladığını, həmin mütəxəssislərin böyük bir 
						qisminin bu görüşdə iştirak etdiyini deyən tədbirin 
						aparıcısı Vu Xuan Honq sözü Azərbaycan Neft-Kimya 
						İnstitutunun məzunu, "Veso-Petrol" birgə müəssisəsinin 
						idarə heyətinin sədri Tıl Tenyaya verdi. "Veso-Petrol" 
						birgə müəssisəsinin idarə heyətinin sədri dedi: 
						
						- Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab 
						İlham Əliyev! Hörmətli azərbaycanlı qonaqlar, əziz 
						vyetnamlı dostlar! Əvvəlcə sizi "Veso-Petrol" birgə 
						müəssisəsinin beynəlmiləl kollektivi adından Vyetnam 
						Sosialist Respublikasına gəlişiniz münasibətilə 
						salamlayıram, sizə möhkəm cansağlığı, xoşbəxtlik və 
						böyük uğurlar arzulayıram. Demək olar ki, "Veso-Petrol" 
						birgə müəssisəsi neft-qaz sahəsindəki nailiyyətlərinin 
						başlanğıcını 1959-cu ildə Bakıya rəsmi səfər etmiş 
						Prezident Ho Şi Minin strateji düşüncələrindən götürür. 
						
						Tıl Tenya xatırlatdı ki, 1959-cu ildə Vyetnamın o 
						zamankı Prezidenti Ho Şi Min Azərbaycana səfəri zamanı 
						Vyetnamda da zəngin neft yataqlarının olduğunu, lakin 
						müharibə şəraiti hökm sürdüyündən hasilatın 
						mümkünsüzlüyünü vurğulamış və müharibə bitdikdən sonra 
						ölkəsində neft-qaz sənayesinin inkişaf etdirilməsinə 
						Azərbaycanın töhfələrini əsirgəməyəcəyinə inandığını 
						ifadə etmişdi. Tıl Tenya 1981-ci ildə "Veso-Petrol" 
						birgə müəssisəsinin Sovet İttifaqının köməyi ilə 
						yaradıldığını vurğuladı, bu işdə sovet, o cümlədən 
						Azərbaycan neftçilərinin də yaxından iştirak etdiklərini 
						bildirərək dedi: 
						
						- Təsadüfi deyil ki, "Veso-Petrol" birgə müəssisəsinin 
						ilk baş direktoru Məmmədov Cəlal Heydəroviç olub. Onun 
						rəhbərliyi altında sovet neftçiləri vyetnamlı 
						neftçilərlə birgə çiyin-çiyinə çalışaraq "Veso-Petrol" 
						müəssisəsini yaratmağa başladılar. Bu gün mən bu zalda 
						vaxtilə "Veso-Petrol" müəssisəsində çalışmış bəzi 
						şəxsləri görürəm, Məhəmmədov Tofiq Quliyeviç, Rəfiyev 
						Namiq və başqaları. Hansı ki, onlar mənim dostum və 
						müəllimim olublar. Eyni zamanda, Azərbaycan 
						neftçilərinin bizə göstərdikləri köməyi heç vaxt 
						unutmuruq. Bilirsiniz ki, bizim baş ofisimiz yerləşən 
						Hun Tau şəhərinin ən böyük küçəsi Bakının adını daşıyır.  
						
						
						***  
						
						Vyetnamın Birlik və Dostluq Təşkilatının sədri Vu Xuan 
						Honq sözü bir daha Prezident İlham Əliyevə verdi. 
						Dövlətimizin başçısı dedi: 
						
						- Mən ilk növbədə ölkəmiz və xalqımız haqqında səmimi 
						qəlbdən çıxış edənlərə, öz fikirlərini söyləyənlərə, bu 
						görüşə gələnlərə, yaddaşında bu dövrü əziz xatirə kimi 
						saxlayanlara minnətdarlığımı bildirmək istərdim. 
						Həmçinin bu gün burada olmayanlara, ölkəmizdə yaşayan və 
						təhsil alan və əminəm ki, bu gün bizimlə birgə olmağı 
						arzulayan yüzlərlə, minlərlə vyetnamlıya minnətdarlığımı 
						bildirmək istəyirəm. Düşünürəm ki, Bakıda forumun 
						keçirilməsi bu gün burada olmayanlara da bizim birgə 
						tədbirlərimizdə iştirakına imkan yaradacaqdır. Bu gün 
						çox vacib və təsiredici gündür. Ona görə vacibdir ki, 
						bu, mənim sizin ölkənizə ilk səfərimdir. Bu səfər 
						əməkdaşlıq üçün böyük perspektivlər açır. 
						
						Biz bu gün sizinlə və Prezidentlə neft-qaz sahəsində 
						əməkdaşlıq, birgə əməliyyatlar, qarşılıqlı 
						investisiyalar, iqtisadi perspektivlərlə bağlı razılığın 
						əldə ediləcəyinə əmin olduğum bugünkü biznes forum 
						barədə müzakirələr apardıq. Eyni zamanda, bu gün çox 
						təsiredici bir gündür, çünki bu, köhnə dostların 
						görüşüdür, bu zalın ab-havasında dostluq, sevgi, 
						xatirələr hiss olunur. Münasibətlərimizin tarixində elə 
						bir gündür ki, hisslər siyasi və iqtisadi maraqlarla 
						qarışır. Düşünürəm ki, bu, elə bizim münasibətləri 
						təcəssüm etdirir. Bu münasibətlər qarşılıqlı rəğbətə, 
						dostluğa, qarşılıqlı anlaşmaya əsaslanır. Eyni zamanda, 
						bu münasibətlər ölkələrimizin və xalqlarımızın 
						maraqlarına cavab verir. 
						
						Həmçinin onu da demək istəyirəm ki, yalnız vyetnamlılar 
						Azərbaycanda deyil, azərbaycanlılar da Vyetnamda 
						yaşayıb, işləyiblər və bu gün mənim nümayəndə heyətimin 
						tərkibində Vyetnamda işləyən və həyatları bu ölkə ilə 
						bağlı olan Azərbaycanın neft-qaz sahəsinin təmsilçiləri 
						də vardır. Yəni, bu proses qarşılıqlı olub. Yəqin məhz 
						bu səbəblərdən bənzərsiz dostluq və qarşılıqlı anlaşma 
						mühiti yaranıb. Həmçinin, bugünkü belə səmimi ab-havanı 
						nəzərə alaraq, protokolun, müəyyən olunmuş çıxışların 
						çərçivəsindən kənara çıxaraq, həm Vyetnamla bağlı olan, 
						həm də Azərbaycanın neft-qaz sahəsinin inkişafı üçün 
						töhfələr verən şəxsə söz vermək istərdim. Bu, nəzərdə 
						tutulmamışdı. İndi qərara aldım ki, bu, bir çox 
						səbəblərə görə düzgün olacaqdır. Məhz ona görə ki, biz 
						onunla 9 il ərzində bir-birimizdən iki metrlik məsafədə 
						oturub işləmişik. Mən təhsilcə neftçi deyiləm, amma 
						taleyim elə gətirib ki, 9 il mən Azərbaycanın neft 
						şirkətində işləmişəm və mənimlə Xoşbəxt Yusifzadənin 
						kabinetinin eyni qəbul otağı olub. Biz hər gün 
						bir-birimizlə ən azı iki dəfə görüşürdük. Mən artıq 11 
						ildir ki, neft şirkətində işləmirəm, o isə hələ orada 
						çalışır. Onun bilikləri və zəngin təcrübəsindən xüsusi 
						danışmaq olar, yəqin ki, buna bir gün vaxt sərf etmək 
						lazım gələrdi. Çünki o, qazma üçün yerin 
						müəyyənləşdirilməsində, dünyanın aparıcı neft şirkətləri 
						ilə mübahisələrdə səhv etmir. Onların avadanlığı, 3D 
						seysmik qurğuları, müxtəlif yeni texnologiyaları vardır. 
						Onun gücü isə təbii istedadı və Xəzərin havası ilə 
						bağlıdır. O, həmişə haqlı olur və tarix bunu dəfələrlə 
						təsdiqləyib. Mən 1994-cü ildə neft şirkətinə gələndə 
						Xoşbəxt müəllimdən çox öyrənmişəm. Mən əvvəllər 
						bilmədiyim bir çox məsələləri öyrəndim. Həm peşəkarlıq, 
						həm də həyati təcrübə baxımından Xoşbəxt Yusifzadə ilə 
						ünsiyyət mənim üçün çox qiymətli, faydalı olub. 
						
						Mən münasibətlərimizi çox yüksək dəyərləndirirəm. Biz 
						hazırda eyni binada fəaliyyət göstərmirik, amma 
						kabinetlərimiz arasında məsafə təqribən 100-150 metr 
						təşkil edir. Bu baxımdan biz yenə də yaxınlıqda 
						fəaliyyət göstəririk. Yeri gəlmişkən, o, xidmətlərinə 
						görə Vyetnam Sosialist Respublikasının yüksək ordeni ilə 
						təltif olunub. Mən istərdim ki, yekun sözü Xoşbəxt 
						Yusifzadə desin, çünki bizim xalqları daha bir vacib 
						xüsusiyyət - böyüklərə, ağsaqqallara hörmət birləşdirir. 
						Ağsaqqallara hörmət əlaməti olaraq istərdim ki, Xoşbəxt 
						Yusifzadə bugünkü görüşümüzə yekun vursun.  
						
						
						***  
						
						Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci 
						vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə dedi: 
						
						- Bilmirəm nədən başlayım. Bu xoş sözlərə görə təşəkkür 
						edirəm, cənab Prezident. Kadrların hazırlanmasına görə 
						"Dostluq" ordeni ilə məni təltif edən Vyetnam 
						Prezidentinə minnətdarlığımı bildirirəm. Bu, xüsusi 
						münasibətdir. İş ondadır ki, biz indi neçə nəfərin 
						Azərbaycan Sənaye İnstitutunu bitirdiyindən danışırıq. 
						Onların hazırlanmasında mənim də zəhmətim vardır. Bu gün 
						buraya gətirdiyim sənəddən də görünür ki, mən 69 
						vyetnamlı mütəxəssis hazırlamışam. Bu sənədlərdə onların 
						hansı qiymətlər aldıqları da əksini tapıb. Son zamanlar 
						yataqların yeri barədə danışıqlarla bağlı mənim yanıma 
						gələnlərə deyirəm: gözləyin, burada mənim qeyd dəftərim 
						var, baxım görüm, soyadınız, adınız necədir, sizə hansı 
						qiyməti vermişəm. Əgər beşdirsə, danışıqlar aparmaq 
						olar. Mən bu gün onları burada görəndə fəxr etdim ki, 
						Vyetnam üçün nə isə etmişəm. 
						
						Mən neft müqavilələri haqqında danışmıram, amma 
						kadrların hazırlanması başqa məsələdir. Sənəddəki 
						qiymətlərə baxanda görürük ki, hamısı əla oxuyub, çox 
						yaxşı. Mən düşünürəm ki, məhz buna görə onlar nazir, 
						nazir müavini olublar. Əla oxumaq o mənanı verir ki, 
						insan çalışmağı bacarır, insan özünü səylə işləməyə 
						məcbur edə bilir. Əgər o, təhsildə səylə çalışırsa, 
						deməli, öz işində də o cür olacaqdır. Təsadüfi deyil ki, 
						əla qiymət alanlar Vyetnamda və ölkənin neft sənayesində 
						yüksək vəzifələrdə qərarlaşıblar. 
						
						Onu da demək istəyirəm ki, Vyetnamda neft sənayesinin 
						inkişaf tarixi mənim gözlərimin qarşısından kinolenti 
						kimi keçir. 1980-ci illərdə Sovetlər İttifaqı Vyetnamda 
						işləri təşkil etməyə başlayanda, - nəzərə alsaq, dənizdə 
						neft işlərini Azərbaycandan yaxşı bilən yox idi, - demək 
						olar ki, Vyetnamdakı mütəxəssis kontingentinin 
						əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Burada 
						adlar çəkildi, hətta baş direktor da Azərbaycandan idi - 
						Məmmədov Cəlal Heydər oğlu. Demək istəyirəm ki, indiyə 
						qədər necə işlədiklərini onlar da xatırlayırlar. 
						Münasibət çox gözəl idi, dostcasına. Bizim həmişə 
						Vyetnama münasibətimiz gözəl olub. Mən bunu ona görə 
						demirəm ki, Vyetnamdayam. Prezidentin də dediyi kimi, 
						mən elə adamam ki, hər şeyin düzünü deyənəm. 
						
						Bizim vyetnamlılarla sıx dostluq münasibətlərimiz 
						vardır. Danışıqlar aparırıq. Onu da demək istəyirəm ki, 
						əgər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə 
						danışıqlardan söhbət açsaq, bizim elə bir böyük 
						layihələrimiz yoxdur. Amma biz danışıqları davam 
						etdiririk. Burada əyləşən mütəxəssislər Muradxanlı 
						yatağı barədə məlumatlıdırlar. Bu, çox mürəkkəb 
						yataqdır. Vyetnam mütəxəssisləri bizimlə birgə orada 
						işləmək istəyirlər. Vyetnam bizə dost olduğundan mən bu 
						yatağın mürəkkəbliyini onlara bir daha xatırlatdım. 
						Məlumatlandırdım ki, bu, elə də asan iş deyil, 
						öhdəsindən gələ biləcəksiniz, ya yox? Onlar Mezazoy 
						qatında çox işlədiklərinə görə bunun öhdəsindən gələ 
						biləcəklərinə əmin idilər. Amma məncə bu, heç də belə 
						deyildir. İqtisadi baxımdan bu, əlverişli deyildir. Amma 
						danışıqlar hələ davam edir. Düşünürəm ki, gələcəkdə 
						Muradxanlıda deyil, hansısa digər yataqlarda vyetnamlı 
						mütəxəssislərlə birgə çalışa bilərik. 
						
						Nə deyə bilərəm?! İlk növbədə, Azərbaycan Prezidentinə 
						məni nümayəndə heyətinin tərkibinə daxil etdiyi üçün 
						minnətdarlığımı bildirirəm. Bu, məni çox təsirləndirdi 
						ki, dostlarımla bir daha görüşüb, söhbət edəcəyəm. 
						Vyetnam Prezidentinə məni "Dostluq" ordeni ilə təltif 
						etdiyi üçün minnətdaram. Düşünürəm ki, "Dostluq" ordeni 
						yalnız Xoşbəxt Yusifzadənin deyil, Azərbaycan neftçiləri 
						və alimlərinin xidmətinə verilən mükafatdır. Fikrimcə, 
						cənab İlham Əliyevin Vyetnama budəfəki səfəri də dostluq 
						xarakteri daşıyır. Bu səfər, keçirilən görüşlər 
						Azərbaycan-Vyetnam dostluğunun gələcəyinə dəlalət edir. 
						Hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram. Siz 
						neft-qaz sənayesində sıfırdan başlayaraq hazırkı 
						səviyyəyə qədər gəlib çatmısınız. Böyük miqdarda neft, 
						qaz hasil edirsiniz. Düşünürəm ki, gələcəkdə bu həcm 
						daha da artacaqdır. Sağ olun, xoşbəxt olun, öz 
						xalqınızın rifahı naminə çalışmaqda davam edin.  
						
						
						***  
						
						Sonda məzunlardan bir qrupu Azərbaycan dilində "Tələbə" 
						mahnısını ifa etdilər. 
						
						Azərbaycan dövlətinin başçısına xatirə hədiyyəsi təqdim 
						edildi. Prezident İlham ƏLİYEV dedi: 
						
						- Bugünkü görüşə görə sizə təşəkkür edirəm, dostlar. 
						Sizə minnətdarlığımı çatdırıram. Qardaş Vyetnam xalqına 
						tərəqqi, firavan həyat, sülh arzulamaq istəyirəm. 
						Yaşasın Vyetnam-Azərbaycan dostluğu!  
						
						
						***  
						
						Sonda xatirə şəkli çəkdirildi.  
						
						
						AzərTAc |