Mayın
10-da Cəmşid Naxçıvanski adına hərbi liseydə ümummilli
lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə
həsr olunmuş "Şahinlər" hərbi idman oyununun Respublika
final yarışı keçirilib. Əvvəlcə tədbir iştirakçıları
ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik
sükutla yad ediblər.
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və
Turizm Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti və Respublika Veteranlar Şurasının
birgə qərarı ilə keçirilən yarışda ümumtəhsil
məktəblərinin X-XI sinif şagirdləri mübarizə aparıblar.
"Şahinlər" hərbi idman oyununun Respublika final
yarışında 18 komanda iki mərhələdə qüvvələrini sınayıb.
Yarışın I mərhələsində komandalar təntənəli marşla mahnı
sədaları altında tribuna önündən keçib və onların sıra
hazırlığının səviyyəsi yoxlanılıb. Yarışın ikinci
mərhələsində isə "Şahinlər" müxtəlif sədlərdən keçərək
maneələri dəf etməklə öz fərdi bacarıqlarını nümayiş
etdiriblər.
Nəticələrə görə Bakı şəhəri Nərimanov rayon komandası
I, Nizami rayon komandası II, Yasamal rayon komandası
isə III yerə layiq görülüblər. Qalib komandalar Təhsil
Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |