Türkiyə
Respublikasının Milli Təhsil Nazirliyi tərəfindən
İstanbul şəhərinin Sarıyer rayonunda fəaliyyət
göstərən Feyziyə Məktəbləri Fondunun Özəl Ayazağa İşıq
Liseyi və Türk Mədəniyyət Fondunun əməkdaşlığı ilə
"Spectrum of Edication III- Creativity" adı altında
konfrans keçirilib. Konfransa - Amerika, İngiltərə,
İtaliya, İspaniya, Macarıstan, Türkiyə, Əlcəzair,
Rusiya, Çexiya, Norveç, Serbiya, Hindistan və sair
ölkələrdən nümayəndələr qatılıb. Ölkəmizi isə Bakı
şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin
direktor müavini Kəmalə Əncümənur və rəsm dərnəyinin
rəhbəri Nərmin Abdullayeva təmsil ediblər.
Beynəlxalq konfrans "Yaradıcılıq" mövzusuna həsr olunub.
Feyziyə Məktəbləri Fondunun Özəl Ayazağa İşıq Liseyinin
müdiri Ömər Orxan konfrans nümayəndələrini salamlayıb,
onlara öz işlərində uğurlar arzulayıb. İki gün davam
edən konfransda ayrıca iclaslar keçirilib. Bu iclaslarda
yaradıcılıqla bağlı suallara cavab axtarılıb. Müxtəlif
ölkələrdən gələn nümayəndələr bu mövzu ilə bağlı
çıxışlar ediblər. Paytaxt təmsilçisi Kəmalə Əncümənurun
çıxışındakı fərqli fikirlər konfrans nümayəndələrinin
diqqətini cəlb edib. O, konfransın təşkilatçılarına
milli süvenir və hədiyyələri təqdim edib. Konfransın
sonunda bütün iştirakçılara sertifikat verilib.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |