Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi məktəbdə
aparılan təlim-tərbiyə işinin ən vacib
istiqamətlərindəndir. Yeniyetmə və gəncləri
torpaqlarımızın müdafiəsinə hazırlamaq, onlarda Vətən
qarşısında şərəf və borc hissini qüvvətləndirmək
məqsədilə respublikamızın təhsil müəssisələrində
keçirilən tədbirlər mühüm əhəmiyyət daşıyır.
Belə tədbirlərdən biri bu günlərdə Bakının Xətai
rayonundakı A.Xəlilov adına 263 nömrəli məktəbdə təşkil
olunmuşdu. Məktəbin müəllim və şagird kollektivi Vətənə
sevginin, sədaqətin nümunəsi olan şəhid məzunlarından
altı nəfərinin - Allahverdi Xəlilov, Vasif Əliyev,
Zaur Cəfərov, Məmmədkərim İslamov, Rahid Məmmədov, Ayaz
İsmayılovun xatirəsini ehtiramla yad edirdi.
Tədbir iştirakçılarını foyenin bir guşəsində
çiyin-çiyinə dayanmış hərbi geyimli, qartal baxışlı
Vətən oğullarının şəkillərdən boylanan, elə ilk
tanışlıqdan hər kəsə doğma görünən baxışları qarşıladı.
Divar boyu sərgilənən əl işlərində doğma yurdun rəngləri
dil açmışdı. Məktəbli əllərinin sığalı ilə süslənən bu
zərif əl işlərinə uşaq arzularının tərcümanı da demək
olardı. İbtidai sinif müəllimi Yeganə Orucovanın
qeyri-adi bacarığı sayəsində canlandırılan Şuşa
mənzərələri ən ağrılı həsrətimizin ünvanı idi.
Tədbirin aparıcıları Şamillə Nərminə doğma məktəbə adı
verilən şəhid Allahverdi Xəlilovun hər bir Vətən
övladına örnək olacaq mənalı həyat və döyüş yolundan söz
açdılar. Azərbaycan adlı bir məmləkətdə doğulub
yaşamağın, işləməyin, yaratmağın, onu göz bəbəyi kimi
qorumağın, uğrunda candan belə keçməyin hər bir Vətən
övladı üçün fəxr, ömür andı olduğunu dedilər. Elnarə və
Aytac da məktəbli dostları ilə ifa etdikləri mahnını
əziz anamız Azərbaycana ünvanladılar.
Yenidən şəhidin döyüş yoluna nəzər yetirildi: 1992-ci
ildə Azərbaycan Ordusuna hərbi xidmətə çağırılan
Allahverdi Xəlilov Qubadlı, Zəngilan, Füzuli, Ağdam,
Ağdərə, Kəlbəcər, Qazax bölgələrində gedən döyüşlərdə
düşmənə qarşı cəsarətlə vuruşmuşdur.
Qəhrəmanların igidlik dastanı məktəblilərin Vətən
haqqında söylədiyi şeirlərlə davam etdi. Məktəbli Rəna
Nəhmətovanın şəhid Allahverdi Xəlilova həsr etdiyi şeiri
gözlərindən süzülən damlalar tamamladı. Şəhidin qardaşı
uşaqları da qəhrəman əmiləri ilə fəxr etdiklərini şeirlə
ifadə etdilər. Həmin anlarda hər kəsin yaşadığı kövrək,
duyğusal anları məktəbin balaca yazarlarının misralara
düzdüyü ümid dolu notlar əvəz etdi. Çiçəyin ifasında
"Əsgər marşı" qəlbləri riqqətə gətirdi. Leylanın şirin,
məlahətli səsində doğma Qarabağımıza mütləq
qayıdacağımıza olan inamımız əks olundu.
Məktəbin direktoru Nəsimi Abbasov çıxışında şagirdlərin
hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı məktəbdə belə
tədbirlərin tez-tez keçirildiyini, bunların həm
uşaqların mənəvi inkişafında, həm də təhsil səviyyəsinin
yüksəlməsində rolunun danılmaz olduğunu dedi.
Sonra qonaqlar tədbir haqqında təəssüratlarını
tamaşaçılarla bölüşdülər. Şəhid Allahverdi Xəlilovun
anası Sahibə xanımın, sinif rəhbəri Ulduz Zeynalovanın,
qəhrəmanla bir vaxtlar eyni sinifdə oxumuş Səadət
Həsənovanın xatirələri maraqla qarşılandı. Şəhid Zaur
Cəfərovun anası Əminə Əliyevanı dinləyənlərin ürəyində
Qarabağ həsrəti bir daha qövr etdi.
Tədbirin sonunda şəhid Allahverdi Xəlilovun xatirəsinə
həsr olunmuş inşa, şeir və rəsm müsabiqələrində
fərqlənən şagirdlərin adları elan edildi.
Rayon gənclər və idman idarəsinin rəisi Əfqan Rzayev
müsabiqədə fərqlənənləri təbrik etdi, onlara yeni
yaradıcılıq uğurları arzuladı.
Y.ƏLİYEV,
"Azərbaycan müəllimi" |