Mən professor Vaqif Sabir oğlu Quliyevlə 2000-ci ildə
aspirantlardan birinin dissertasiyasının müzakirəsində
təsadüfən tanış olmuşam. Həmin aspirantın elmi işi
yaxınlaşma nəzəriyyəsində ümumiləşmiş Heqenbauyer
sürüşməsindən istifadə edərək bu nəzəriyyədə mühüm rol
oynayan ümumiləşmiş hamarlıq modulunun qurulması və onun
vasitəsi ilə yaxınlaşma nəzəriyyəsinin düz və tərs
teoremlərinin isbat edilməsinə aid idi. Müzakirədən
sonra Vaqif müəllim mənə yaxınlaşaraq dedi ki,
Heqenbauyer sürüşməsinin Bessel sürüşməsi ilə oxşarlığı
var və təklif etdi ki, həmin sürüşmənin vasitəsi ilə
maksimal funksiyası qurum. Açığını desək, mən belə
təklifi gözləmirdim. Onun bu təklifi məni bir yandan
təəccübləndirdi, o biri yandan maraqlandırdı, çünki bu
məsələyə heç kim tərəfindən baxılmamışdır. Buna görə də
çox həvəslə məsələnin həllini axtarmağa başladım.
Təxminən iki ilə yaxın çalışdım, hər dəfə də aldığım
nəticələr Vaqif müəllimi qane etmirdi. Növbəti görüşdə
professora bu məsələdən uzaqlaşmaq istədiyimi dedim.
Bildirdim ki, heç nə alınmır. Amma Vaqif müəllim təkidlə
dedi ki, "mən bilirəm, sən bu məsələnin həllini
tapacaqsan". Bu sözdən sonra bir qədər sakitləşərək,
fikirləşdim və bu qənaətə gəldim ki, onların metodu
burada işləmir. Deməli, mən öz yolumu tapmalıyam. Bəli,
burada Vaqif müəllimin yüksək alim və pedaqoji
hissiyyatı şübhəsiz, öz rolunu oynadı. Onun "inadlı
inamı" mənə yeni təkan verdi və mən qoyulan məsələnin
həllini tapdım...
Vaqif Sabir oğlu Quliyev 1957-ci ildə Salyan şəhərində
anadan olub, 1978-ci ildə Bakı Dövlət Universitetinin
mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə
bitirib, 1983-cü ildə namizədlik, 1994-cü ildə isə
Moskva şəhərində V.A.Steklov adına Riyaziyyat
İnstitutunun ixtisaslaşdırılmış müdafiə şurasında
doktorluq dissertasiyasını müdafiə edərək
fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini,
1997-ci ildə isə professor elmi adını alıb. O, iki
monoqrafiya (1996, 1999) və 160-dan çox elmi əsərin
müəllifidir ki, bu elmi əsərlərin 100-dən çoxu
impakt-faktorlu ən nüfuzlu xarici jurnallarda çap
edilib.
V.Quliyev 1995-1997-ci illərdə AMEA Riyaziyyat və
Mexanika İnstitutunda fəaliyyət göstərən
ixtisaslaşdırılmış müdafiə şurasının üzvü olub, 1997-ci
ildən 2002-ci ilədək və 2011-ci ildən indiyə kimi
Azərbaycan Respublikasının Prezidenti yanında Ali
Attestasiya Komissiyasının riyaziyyat və mexanika üzrə
ekspert şurasının üzvüdür. O, Azərbaycan Respublikası
Riyaziyyat Cəmiyyətinin idarə heyətinin üzvü, bu
cəmiyyətin əsərlərinin 2-ci cildinin və 2006-2008-ci
illərdə "Khazar Journal of Mathematics" jurnalının məsul
katibi olmuşdur. Professor V.Quliyev "Eurasian
Mathematical Journals" beynəlxalq jurnalının və
"Proceedings of İnstitute of Mathematics and Mechanics
of NAS of Azerbaijan" respublika jurnalının redaksiya
heyətinin üzvüdür.
2000-ci ildə yüksək ixtisaslı kadrların hazırlanmasında
səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə
təltif edilib. V.Quliyevin rəhbərliyi ilə 10 aspirant və
dissertant namizədlik, 4 nəfər isə fəlsəfə doktoru
dissertasiyası müdafiə edib.
V.Quliyevin daxilolma teoremləri nəzəriyyəsindəki
tədqiqatları və parabolik inteqral operatorların
xassələri haqqındakı nəticələri göstərdi ki, müəyyən
riyazi məsələlərdə meydana çıxan sinqulyar inteqral və
potensial tipli inteqral operatorlar bu tipli klassik
inteqral operatorların malik olduğu xassələrlə yanaşı,
həm də keyfiyyətcə yeni xassələrə malikdirlər. Bu fakt
mütəxəssislər tərəfindən adıçəkilən inteqral operatorlar
üçün çəkili bərabərsizliklər nəzəriyyəsində yeni effekt
kimi qiymətləndirilib. Bu tədqiqatların köməyi ilə
çəkili Sobolev fəzalarında prinsipcə daha ümumi şərtlər
daxilində daxilolma teoremləri alınıb. Xüsusi halda,
H.Tribelin (Almaniya) "çəkili Sobolev fəzalarında
eksponensial tipli çəki funksiyaları üçün daxilolma
teoremlərini almaq olarmı" sualına müsbət cavab verilib.
V.Quliyev bu nəticələrlə 1991-ci ildə professor
H.Tibelin rəhbərlik etdiyi elmi seminarda bir neçə dəfə
çıxış edib və onun məruzələri yüksək qiymətləndirilib.
O, 1992-ci və 2001-ci illərdə Almaniya Federativ
Respublikasının Fridrixroda və Teystungen şəhərlərində,
1996-cı ildə Kaluqa şəhərində (Rusiya), 1995, 1998, 2003
və 2005-ci illərdə Moskva şəhərində (Rusiya) keçirilən
beynəlxalq elmi konfranslarda məruzə edib, elmi
bölmələrin rəhbəri olub. 1997-ci ildə Delaver
Universitetində (ABŞ), 1999-cu ildə Fukuoka
Universitetində (Yaponiya), 2001-ci ildə Berlin Açıq
Universitetində (Almaniya Federativ Respublikası),
2003-cü ildə York Universitetində (Kanada), 2007-ci ildə
Otto Universitetində (Türkiyə) 2009-cu ildə London
İmperial Kollecində (İngiltərə) keçirilən "Analiz,
tətbiq və kompüterləşdirmə" adlı I-VII SAAC Beynəlxalq
Konqresində iştirak və məruzələrlə çıxış edib.
1993-cü ildə elmi işlərinin yüksək səviyyəsinə görə
V.Quliyev Amerika Riyaziyyat Cəmiyyətinin "Soros
Foundatıon" mükafatına layiq görülüb.
V.Quliyev 2001-ci ildə Kardif Universitetinin professoru
V.İ.Burenkov ilə birgə hazırladığı "Weighted spaces of
differentiable funktions,weighted inequalities for
integral operators and applications" adlı iki illik
NATO SCIENCE PROGRAMME, COLLABORATIVE LİNKAGE GRANT-ını
qazanıb. O, bu qrant çərçivəsində 2002-2003-cü illərdə
Kardif Universitetində dörd dəfə elmi məzuniyyətdə olub
və burada yaradılan şərait hesabına bu layihəni
müvəffəqiyyətlə işləyib.
2004-cü ildə V.Quliyev (NATO-D) Konuk Bilim Adami
Destekleme Programı qrantı çərçivəsində Harran
Universitetində 1 ay tədqiqat işləri aparıb.
2003-cü ildə həmçinin Azərbaycan-Amerika ikitərəfli
Qrant Proqramı çərçivəsində (Award from Azerbaijan -
U.S.Bilateral Grants Program Competition U.S.Civilian
Research & Development Foundation) V.Quliyev Alabama
Universitetinin professoru Zhijian Wu ilə birgə
hazırladığı "Holomorphic and harmonic function spaces,
their boundary values and operator theory" adlı layihə
müsabiqəsində qalib gəlib. O, bu qrant çərçivəsində
2004-2006-cı illərdə Alabama Universitetində iki dəfə
elmi məzuniyyətdə olub və burada bu layihə
müvəffəqiyyətlə işlənib.
2006-cı ildə V.Quliyevin rəhbərliyi altında tədqiqat
qrupunun İNTAS Open Call 2005-2006 for Research
Projects Proposal Programme çərçivəsində yerinə
yetirdiyi layihə Avropanın 10 komandası ilə birlikdə
müsabiqənin qrantını qazanıb.
2007-2008-ci illərdə onun tədqiqat qrupu bu layihə
çərçivəsində tədqiqat işlərini müvəffəqiyyətlə aparıb.
İstedadlı alim 2007-2008-ci illərdə də bir sıra qrant
layihələri müsabiqəsinin qalibi olub və həmin layihələr
uğurla icra edilib.
Vaqif müəllim təbiətcə çox mülayim olsa da, elmdə
inadcıl və tələbkar insandır, bunu bütün tələbələri
təsdiq edə bilər. Mən fəxr edirəm ki, Vaqif müəllimin
tələbəsi adını daşıyıram və çalışacağam bu ada həmişə
layiq olum. Vaqif müəllimin çox təmiz qəlbi var və
onunla ünsiyyətdə olan insanlar daxilən paklaşır.
Vaqif müəllim tələbkarlığı ilə yanaşı, öz tələbələrinə
əsl dostluq münasibəti və qayğı göstərir.
Yuxarıda qeyd etdiklərim bundan xəbər verir ki,
V.Quliyev beynəlxalq səviyyəli alimdir və bizim
vətənimiz Azərbaycan Respublikasını dünya miqyasında
ləyaqətlə təmsil edə bilir.
Dövlət Mükafatları Komissiyası bu yaxınlarda elm,
texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 2014-cü
ilin Dövlət mükafatına təqdim olunmuş işlərin siyahısını
açıqlayıb. Siyahıda professor Vaqif Quliyevin "Yeni
funksional fəzalarda harmonik analizin operatorları"
elmi nəşrlər silsiləsi də var. Təqdimat Azərbaycan Milli
Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu
tərəfindən olunub. Bizim fikrimizcə, professor Vaqif
Əliyev Dövlət mükafatını almağa ən layiqli
namizədlərdəndir. Mən professor V.Quliyevə uzun ömür,
yeni axtarışlar və nailiyyətlər arzu edirəm.
Elman İBRAHİMOV,
fizika-riyaziyyat elmləri namizədi |