Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

Şagirdlər ümummilli liderin siyasi irsini maraqla öyrənirlər

 

Ümumtəhsil məktəblərinin Xl sinif şagirdlərinə müstəqil Azərbaycan tarixi üzrə "Ulu öndər Heydər  Əliyev müstəqil  Azərbaycanın  qurucusu  və memarıdır" və "Ümummilli lider  Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının  təminatçısıdır"  mövzularının  tədrisi ilə əlaqədar Biləsuvar rayonunda geniş tədbirlər  planı  təsdiq olunaraq  həyata keçirilməsinə başlanılıb.

Heydər Əliyev Mərkəzində keçilən dərslər  rayonun 26  tam orta məktəbinin  41 XI sinfində təhsil alan  929 nəfər   şagirdi əhatə edəcəkdir.

Məktəblilərin çox böyük maraq göstərdikləri məşğələlərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin,  rayon təhsil şöbəsinin,  Yeni Azərbaycan Partiyası  rayon təşkilatının məsul işçiləri  fəal iştirak edir, ümummilli liderin zəngin siyasi irsinin,  xalqımız qarşısında misilsiz xidmətlərinin daha dərindən  öyrənilməsində  səylərini əsirgəmirlər. 2013-cü ildə  istifadəyə verilmiş  və  Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyevin  açılış mərasimində  şəxsən iştirak etdiyi  Heydər Əliyev Mərkəzi ilə tanışlıq  da  şagirdlərdə  sonsuz maraq  doğurur.  XI sinif şagirdləri mərkəzdə  ulu öndərin  həyat və siyasi fəaliyyətini  əks etdirən kitab sərgisi, fotostend və digər eksponatlarla yaxından tanış olurlar.

Artıq bu dərslərdə  fevral ayı ərzində 13 XI sinifdə  təhsil alan  287 nəfər,   mart ayı ərzində isə 10 XI sinifdə oxuyan  237 nəfər olmaqla ümumilikdə 524 nəfər şagird iştirak edib. 

Müdrik siyasətçi, görkəmli siyasi xadim Heydər Əliyevin bir rəhbər kimi  misilsiz xidmətlərinin şagirdlərə  daha dərindən  öyrənilməsi qarşıya məqsəd kimi qoyulur.   Azərbaycanda hüquqi və demokratik  dövlət quruculuğunun   müvəffəqiyyətlə  həyata keçirilməsində, ən böyük sərvətimiz olan  müstəqilliyimizin daimi, əbədi və sarsılmaz olmasında  Heydər  Əliyev kimi dahi şəxsiyyətin əvəzsiz rolu, təməli ümummilli lider tərəfindən qoyulmuş  uğurlu inkişaf strategiyasının möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilməsi, Azərbaycanın günbəgün yeni-yeni  qələbələrə imza atması  tarixi faktlarla  izah olunur.

 Məşğələlər zamanı  ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən  videogörüntülərdən,  müxtəlif  əyani  vəsaitlərdən və digər  təbliğat xarakterli  vasitələrdən geniş istifadə olunur.

***

Müstəqil Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə fevral-may ayları ərzində Göygöl rayonundakı Heydər Əliyev Mərkəzində də Xl sinif şagirdlərinə dərsdənkənar vaxtlarda  "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" və "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzularında dərslərin tədrisi təşkil olunub.

Məşğələlərin yüksək səviyyədə aparılması məqsədilə rayonun ümumtəhsil məktəblərinin peşəkarlığı və metodik hazırlığı ilə fərqlənən 6 nəfər Azərbaycan və 1 nəfər rus bölmələri olmaqla 7 nəfər tarix müəllimi seçilib. Dərslər Göygöl Rayon Təhsil Şöbəsində tərtib olunmuş xüsusi cədvəl əsasında həmin müəllimlər tərəfindən tədris olunur.

Dərslərdə 39 tam orta məktəbin Xl siniflərində təhsil alan 645 şagirdin iştirak edəcəyi nəzərdə tutulub. Hər bir mövzunun tədrisi üçün 2 akademik saat müəyyən edilib.  Bu günədək 20 məktəbdə hər 2 mövzu üzrə dərslərin tədrisi başa çatdırılıb. 19 ümumtəhsil müəssisəsində isə bu iş davam etdirilir.

Məşğələlərə Kəlbəcər rayonunun Göygöldə fəaliyyət göstərən 8 məcburi köçkün məktəbinin 63 Xl sinif şagirdi də cəlb olunub. 

Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov