Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

Beynəlxalq simpoziumda Türkiyə və Azərbaycan alimləri bir araya gəldilər

 

Böyütmək üçün şəkili seçinBakı və Naxçıvan şəhərlərinin elm-təhsil müəssisələrini təmsil edən nümayəndə heyəti 8-10 may 2014-cü il tarixində Qarsda keçirilən "Uluslararası tarix boyunca Türk idarəsində ermənilər" məsələsi üzrə beynəlxalq simpoziumda iştirak etdi. AMEA Naxçıvan bölməsinin rəhbəri, akademik İsmayıl Hacıyev səfərə yola düşməzdən əvvəl alimlərlə görüşüb elmin inkişafı ilə bağlı fikir mübadiləsi apardı.

"Uluslararası tarix boyunca Türk idarəsində ermənilər" məsələsi üzrə beynəlxalq simpoziumda Azərbaycandan iyirmi iki nəfər alim iştirak edirdi. Azərbaycan alimləri tarix, etnoqrafiya, mədəniyyət, incəsənət, ədəbiyyat sahələrində erməni şovinizminin yaratdığı problemləri elmi prizmadan beynəlxalq simpoziumun iştirakçılarının nəzərinə çatdırmaqla yanaşı, bu sahələrdə problemlərin həlli yollarına da işıq saldılar. AMEA-nın Ədəbiyyat İnstitutundan Tahirə Məmməd, Könül Nəhmətova,  AMEA-nın Fəlsəfə və Hüquq İnstitutundan Ramilə Dadaşova,  Folklor İnstitutundan Tahir Nəsibli, Tarix İnstitutundan Tofiq Mustafazadə, Fəridə Əliyeva, Nigar Gözəlova, Qasım Hacıyev,  Arxeologiya və Etnoqrafiya İnstitutundan Bəhmən Əliyev, Azərbaycan AAK-dan Pərvanə İsayeva, BDU-nun tarix fakültəsindən Ziyad Əmrahov və başqaları simpozium iştirakçılarının diqqətini ermənilərin dünya çapında mədəniyyətimizdə apardıqları təhriflərin üzərinə yönəltməyə çalışdılar. Alimlərin bu təşəbbüsü təsirsiz qalmadı. Tahirə Məmmədin "XIX əsr Azərbaycan ədəbi mühitinin təsiri ilə yetişən erməni yazarları və Azərbaycan ədəbiyyatını mənimsəmə faktları" mövzusunda məruzəsinin nəticəsi olaraq ermənilərin "Çırpınırdı Qara dəniz" adlı məşhur Azərbaycan mahnısının Sayat Novanın adına özəlləşdirilməsi gündəmə gəldi və Türkiyədə etiraz olaraq öz əks-sədasını tapdı. Türkiyədə Azərbaycan səfirliyi bu barədə bəyanat ilə çıxış edərək təhrifin qarşısını almaq istiqamətində ciddi addım atdı: "Əsilsiz bilgilerin kopyalanarak xəbər verilməsi ve iki ölkə qardaşlığının simvollarından biri halına gəlmiş əsərin "ermenilere verilmesi cəhdləri'" qəbul edilə  bilməz...".

Simpoziumun yekunu olaraq mayın 10-da Sarıqamış şəhidliyinin ziyarəti zamanı iştirakçılara 1914-cü ildə törədilmiş dəhşətli qətliam haqqında daha ətraflı məlumatlar verildi. Sarıqamış əfsanələri dilə gətirildi. Sonra Anı Örən yeri ilə tanışlıq oldu.

Sultan Alparslan tərəfindən 1064-cü ildə 25 günlük mühasirədən sonra fəth edilən Anı Anadoluda türklərin ilk ələ keçirdiyi şəhər ünvanını almışdır. Böyük bir zəlzələ 1319-cu ildə şəhəri yaşanmaz hala gətirsə də, bu günə qədər türklərin öz maddi-mənəvi sərvətlərinə sahib çıxması sayəsində zəlzələnin dağıdıcı zərbələrindən qurtularaq qalan qədim abidələr tarixiliyi ilə heyrətamiz gözəllik sərgiləyir. Lakin bunun əksi olaraq, Anı Örəndə ermənilərin tarixi abidələrə barbar münasibətinin şahidi də oluruq. 1064-cü ildə tikilən Mənuşöhr camisindən sonra bu ərazidə ikinci cami olaraq tanınan Çarşı camisi XX əsrin əvvəllərində erməni keşişi tərəfindən dinamit vasitəsilə partladılmışdır. Bu gün həmin caminin yerində torpağın altından qazılıb çıxarılan kərpic kütləsi bir xatirə olaraq qorunub saxlanmaqdadır.

Qarsda və Sarıqamışda təşkil olunan bu gəzintilər sayəsində simpozium boyunca elmi aspektdən işıqlandırılan Türk dünyası ərazisində erməni problemləri əyani surətdə öz təsdiqini bir daha tapmış oldu.  

K.NƏHMƏTOVA,
"Azərbaycan müəllimi"  

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov