Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

Bakıdakı üçüncü "rus-tatar" məktəbinin ilk müdiri

 

Azərbaycanın görkəmli pedaqoqlarının həyat və fəaliyyətinin öyrənilməsi və təbliği müasir dövrümüzdə mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Tarix səhifələrində qorunub saxlanılan böyük pedaqoji təcrübələr bu gün də öz əhəmiyyətini itirməmişdir. Çünki bu təcrübələr əldə olunmuş biliklərin formal tətbiqi olmayıb, məktəb quruculuğunda minimum maddi vəsait, maksimum mənəvi qüvvə sərfi ilə  başa  gəlib. Bu cəhətdən  həyat və fəaliyyətinin öyrənilməsi zəruri olan, Azərbaycan pedaqoqika tarixinin ilk səhifələrinə adı yazılmış maarif xadimlərindən biri də Mahmud bəy Mahmudbəyovdur. 

Müəllim, pedaqoq, folklorşünas və dövlət xadimi kimi 

Mahmud bəy Mahmudbəyov Bakıda ilk rus-tatar məktəbinin açılmasında təşəbbüskar olan Həbib bəy Mahmudbəyovun böyük qardaşıdır. O, 1863-cü ildə Şamaxı şəhərində maliyyə işçisi ailəsində anadan olmuş, ibtidai təhsilini də orada almışdır. M.Mahmudbəyov 1880-ci ildə müvəffəqiyyətlə imtahan verib dövlət hesabına Qori Seminariyasının birinci əsas sinfinə daxil olur. Onun ilk təyinatı 1883-cü ildə Yelizavetpol direksiyasının Padar kənd məktəbinə idi. 1883-cü ildə Ağcabədi məktəbində işləmiş, 1887-ci ildən 1888-ci ilə qədər Ağdam məktəbində, 1888-ci ildən Bakı quberniyasının Şamaxı qəzasında Dilman və Kəlbə kəndlərində müəllimlik etmişdir.

M.Mahmudbəyov Şamaxıda ana dili, rus dili, hesab, hüsnxət, rəsm, bağçılıq və bostançılıq fənlərini tədris edirdi. O, hələ Şamaxıda işləyərkən dərslik tərtibinə olan ehtiyacı qarşılamaq üçün əyani vəsait olaraq oxu mətnləri hazırlamışdır.  M.Mahmudbəyov bu mətnlərdən sonralar hazırladığı dərsliklərdə də istifadə etmişdir. O, bölgə məktəblərində işlədiyi illər ərzində şifahi xalq ədəbiyyatı nümunələrini toplamış və dərc etdirmişdir. M.Mahmudbəyovun folklorşünaslıqla bağlı "Zaqafqaziya tatarlarının şifahi ədəbiyyatı", "Qafqazda müridizm təriqəti" adlı elmi araşdırmaları olması, həmçinin "Aşıq Qərib" nağılını və "Atalar sözü və məsəllər"i dərc etdirməsi məlumdur.

M.Mahmudbəyov 1886-cı ildə Bakıya köçür və Sabunçuda 2 sinifli məktəbdə dərs deyir, 1887-ci ildə ikinci "rus-tatar" məktəbinin əsas müəllimi kimi fəaliyyətə başlayır. Xalqın təkidi ilə hökumət tərəfindən üçüncü və dördüncü "rus-tatar" məktəbləri açılır. M.Mahmudbəyov üçüncü "rus-tatar" məktəbinin müdiri təyin olunur. Qısa müddətdən sonra Bakı xalq məktəbləri inspektoru vəzifəsinə təyin edilir.

Məktəb direktoru olduğu müddətdə bu böyük maarifçi, ilk növbədə, məktəbin binasını qaydaya salır, şagirdləri dərslik, dərs vəsaiti və ədəbiyyatla təmin edir. M.Mahmudbəyovun fəaliyyətinin əsas istiqamətlərindən biri də ana dilinin təmizliyi uğrunda mübarizə aparmasıdır.

Sadə Azərbaycan dilində uşaq ədəbiyyatının yaranmasında təcrübəli pedaqoqun böyük rolu olmuşdur. Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq kimi şairləri uşaq şeirləri yazmağa həvəsləndirmiş, onların əsərlərini öz dərsliklərinə daxil etmişdir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri və onların əsərləri ilə məktəbliləri daha ətraflı tanış etmək məqsədilə "Rəhbər" jurnalının nəşrinə başlamışdır. M.Mahmudbəyov Azərbaycan ədəbiyyatını şagirdlərə sevdirməyə, təbliğ etməyə sərf etdiyi zəhmət qədər dünya ədəbiyyatına da maraq göstərmiş, ədəbiyyatımızı tərcümələrlə də zənginləşdirmişdir. Türk ədəbiyyatının öyrədilməsi də pedaqoqun əsas məqsədlərindən birini təşkil edirdi.

F.Ə.Seyidov M.Mahmudbəyovun dərslik nəşri ilə bağlı fəaliyyəti haqqında maraqlı məlumatlar verir. M.Mahmudbəyov 1907-ci ildə 24 illik müəllimlik təcrübəsi əsasında birinci siniflər üçün ilk "Yeni əlifba" dərsliyini nəşr etdirdi. Kitab 1923-cü ilə kimi 16 dəfə "Qiraət", "Birinci il", "Türk əlifbası" və "İlk qiraət" adları ilə yenidən nəşr edildi. O, 1908-ci ildə əsasını Qori Seminariyasının məzunları təşkil edən beş nəfərlə "İkinci il" dərsliyini yazır. 1909-cu ildə isə Abbas Səhhətlə birlikdə "Üçüncü il" dərsliyini nəşr etdirir. M.Mahmudbəyovun 1914-cü ildə nəşr etdirdiyi "Türk ədəbiyyatına ilk qədəm" adlı kitab ilk müntəxabat olmaqla, əsasən, ibtidai məktəbin yuxarı sinfində Azərbaycan və türk ədəbiyyatını öyrənmək üçün nəzərdə tutulmuşdu. Onun dərslikləri Azərbaycan orfoqrafiyasında hərc-mərcliyin hökm sürdüyü bir vaxtda əhəmiyyətli rol oynamışdır.

M.Mahmudbəyov Oktyabr inqilabına qədər məktəblərə ana dili müəllimi qəbul edən imtahan komissiyasının sədri olmuşdur.

İnqilabdan sonra M.Mahmudbəyov Xalq Maarif Komissarlığında işləmiş, məktəblərin yenidən qurulmasında, proqram, dərslik və tədris planlarının hazırlanmasında yaxından iştirak etmişdir. O, həyatının son illərində o zaman adlandırıldığı kimi, V.İ.Lenin adına APİ-də  işləmiş, yeni əlifba komitəsinin üzvlərindən biri olmuşdur. 

M.Mahmudbəyov 1923-cü il martın 13-də Bakıda vəfat etmişdir. 

Mahmud bəy Mahmudbəyov xatirələrdə 

Azərbaycanın mədəni həyatının inkişafı uğrunda Mahmud bəy Mahmudbəyovun ədəbi, pedaqoji, ictimai fəaliyyəti fraqmental olmamışdırsa da,    elmi tədqiqatlarda, ədəbi məcmuə və əsərlərdə bu yorulmaz maarif xadiminin öyrənilməsi və təbliği istiqamətində aparılan işlər  günümüzə qədər fraqmentlərdə görünür. Mahmud bəy Mahmudbəyovun həyat və fəaliyyətini işıqlandıran nəinki monoqrafiyaya, hətta geniş bir tədqiqat əsərinə də təsadüf etmək mümkün deyildir. Amma nə yaxşı ki, xatirələr yazılır... Bu böyük müəllimin, publisistin, xeyriyyəçinin, folklorşünasın, ədibin  ədəbi portretini qismən də olsa, xəyalımızda canlandıra bilməmiz üçün xatirələr köməyimizə çatır.

Görkəmli yazıçı Abdulla Şaiq Sabirə həsr etdiyi "İki dost" xatirəsində Mahmud bəy Mahmudbəyovun ədəbi portretini də epizodik olaraq yaradırdı: "Sabirin, Səhhətin ikinci səmimi dostu Bakıda müəllimlik edən Mahmud bəy Mahmudbəyov idi. Mahmud bəy az danışan, çox çalışan, təmiz və vicdanlı bir insan idi. İpək kimi yumşaq xasiyyəti var idi. Yaşca bizdən böyük olduğuna görə müəllimlər ona "Mahmud əmi" deyirdi. O, çox fəal maarif xadimi idi. Pedaqoqikanın son nailiyyətlərindən xəbərdar olan bu qayğıkeş müəllim yeni dərsliklərin yaranmasında da çox böyük xidmətlər göstərmişdir.

Yay tətili münasibətilə şamaxılı müəllimlər Şamaxıya toplandıqları zaman Sabir və Səhhətə sanki bayram gəlirdi. Müəllimlər, eləcə də, Mahmud əmi hər ikisinin ruhuna və zövqünə müvafiq rus yazıçıları və şairləri ilə onları tanış etməyə çalışırdı. Sabir və Səhhəti uşaq ədəbiyyatı ilə maraqlandıran Mahmud əmi olmuşdur. Mahmud əmi hər iki şairin uşaqlar üçün yazdıqları əsərləri və tərcümələri öz dərsliklərində çap edirdi".

Seyid Hüseynin xatirəsində Mahmud Mahmudbəyovun yüksək insani keyfiyyətlərinin sözdə deyil, müəllimlik adına fəxarət olan bu insanın öz əməlləri vasitəsilə şahidi oluruq: "Sabir öz kitabını sağlığında görə bilmədi. Bir tərəfdən maddi vəsaitinin kifayətsizliyi, digər tərəfdən xəstəliyinin get-gedə inkişafı ona imkan vermədi. Onun beş-altı çap listi həcmində, birinci dəfə 1912-ci ildə nəşr olunan "Hophopnamə"si yaxın dostu Mahmud əminin Sabir oxucularından topladığı ianə vasitəsilə meydana çıxmışdır. Bu kitab az bir zaman zərfində satılıb qurtardı.  Kitabın satışından hasil olan mədaxil tamamilə mərhumun ailəsinə verilmişdi. Buna görə bir il sonra, 1913-cü ildə Sabir külliyyatını çap etmək məsələsi təkrar Mahmud əmi tərəfindən qaldırıldı. Bu məqsəd üçün bir komissiya təşkil olundu. Bu komissiyaya "İqbal" qəzeti redaksiyasından mən, "Kaspi" qəzetindən Mehdi bəy Hacınski, bir də Mahmud əmi daxil edilmişdi. Hər iki qəzetə Sabir külliyatının nəşri üçün ianə dəftəri açdı. Bu ianə yalnız Bakıda deyil, Azərbaycanın başqa yerlərində də toplanırdı. Çox təəssüf olsun ki, toplanan ianələrin hamısı gəlib Bakıya çıxmadı...

Komissiya "Hophopnamə"nin ikinci təbi üçün smeta tərtib etdi. Onu rəngli şəkillərlə buraxmaq üçün min manata qədər xərci vardı. Komissiyanın əlində nəqd olaraq, ancaq üç yüz manata qədər pul vardı. Biz bu paranı ianə təriqilə İsa bəy Aşurbəylinin icarəsində olan "Kaspi" mətbəəsinə verib üç min nüsxə kitab üçün doqovor bağladıq. Kitabın təshihi, tərtibi, buraxılışı mənə həvalə olundu. Mahmud əmi Sabirin üç il əvvəl, 1910-cu ilin yazında "Zənbur" redaksiyasında gördüyüm üzü yaşıl kağızlı papkasını mənə təhvil verdi".

 "Dəbistan" jurnalının redaktorlarından biri olan Əli İsgəndər Cəfərzadə də öz xatirəsində M.Mahmudbəyovun Sabirlə dostluğundan xəbər verir, eyni zamanda, bu böyük maarifpərvər insanın pedaqoji mətbuatla ünsiyyətinin araşdırılmasında əhəmiyyətli informasiya çatdırır: "1904-cü ilin payızı idi. Bakı məktəblərində dərslər yeni-yeni başlanmışdı. Mən də məktəbdə vəzifəmi görüb evə qayıtmışdım. Axşamüstü idi, zəng vuruldu. Uşaqlardan biri qapıya getdi, qayıdıb iki kişi məni sorduğunu xəbər verdi. Mən qapıya çıxıb gördüm ki, arxadaşım müəllim Mahmud bəy Mahmudbəyovdur, yanında da qara nizami çuxalı, qaraxətli, başında papaq, balacaboylu, arıq bir adam var idi. Əlbəttə, çox məmnuniyyətlə bunları qəbul edib içəri girmələrini təklif etdim. Evə daxil olub oturdular. Mahmud əmi məni bu tanımadığım adamla tanış etdi. Məlum oldu ki, bu, şamaxılı Ələkbər Tahirzadə Sabir təxəllüslü şair imiş. Şamaxıdan Bakıya gəlib, Mahmud əmigilə düşübmüş. Mahmud əmi də fürsətdən istifadə edərək mənimlə Sabiri tanış etmək məqsədilə görüşümə gəliblərmiş.

Mən Sabirin adını yoldaşlarım - şamaxılı müəllimlərdən eşitmişdim. Bununla görüşüb rubəru danışmaqdan nəhayət dərəcədə şad olduq. Bu görüşə səbəb olan Mahmud əmidən də çox razı qaldım".

Mahmud bəy Mahmudbəyovun Bakıda Sabirlə dostluq əlaqəsi, cavan şairə himayədarlığı fraqmental, qısamüddətli xarakter daşımamışdır. Bu böyük ürək sahibi şairin ölümünə qədər paytaxtda ona ən yaxın dost, belə də demək mümkündür ki, qəyyum olmuşdur. Bu münasibətin ardıcıllığını dövrün tanınmış ziyalılarının xatirələrindən açıq-aydın izləyirik. Əli İsgəndər Cəfərzadənin xatirəsi bu cəhətdən də böyük əhəmiyyət daşıyır. 1904-cü ildə Sabirlə Mahmud bəy vasitəsilə tanış olduğunu söyləyən ədib onların 1906-cı ildə də sıx ünsiyyətindən bəhs edərək yazırdı: "Əlan Bakıda heykəli duran "Sabir bağçası" yerində "Kaspi", "Həyat" və "Füyuzat" qəzet və jurnalının idarə və mətbəəsi yerləşirdi. Nəşr etdiyim, cocuqlara məxsus ikihəftəlik azərbaycanca "Dəbistan" jurnalı idarəsi də orada kiçik bir otaqda idi.

1906-cı ilin dekabr ayı idi. "Dəbistan"ın növbəti 17-ci nömrəsinin materiallarını oturub redaktə edirdim ki, onları mətbəəyə nabor etmək üçün verim. Qapı açıldı. Baxdım gördüm ki, Sabir ilə Mahmud əmidir. Buyurunuz - dedim, içəri girdilər. Oturdular. Görüşdük. Əhvalpürsanlıqdan sonra Sabirə xitabən dedim ki, "Sabir, şəbədəçi qardaş! İndi zənn edirəm ki, kefin yaxşıdır. Qəzetlər, jurnallar var, istədiyin şeirini yaza bilərsən...

...Söhbətimiz qurtardıqda mən Sabirə stolun üstündəki məqalələri göstərib dedim ki, bu materiallar "Dəbistan"ın 17-ci növbəti nömrəsindəndir. Bu gün mətbəəyə nabora verəcəyəm. Çox yaxşı olardı ki, sizin Bakıda olmanızdan istifadə edərək "Dəbistan"a bir töhfə kimi məktəbə dair şeir yazıb verəsiniz ki, hənin nömrədə dərc olunsun.

Sabir dərhal stolun üstündəki qrankalardan birini götürüb karandaşını cibindən çıxardı. Əlüstü bu aşağıdakı "Məktəb şərqisi" adlı şeiri: 

Məktəb, məktəb, nə dilgüşasan,

Cənnət, cənnət desəm, səzasən!

Şadəm, şadəm təfərrücündən,

Əlhəq, əlhəq, gözəl binasən!  

və i.a. - yazıb mənə verdi. O da "Dəbistan"ın yuxarıda zikr olunan nömrəsində dərc olundu".

 Abdulla Şaiqin, Seyid Hüseynin Əli İsgəndər Cəfərzadənin qələmə aldıqları xatirələrdə Mahmud Mahmudbəyov qayğıkeş müəllim, sadiq dost, xeyirxah bir insan kimi səciyyələndirilir. Mahmud bəy yalnız bir pedaqoq olaraq dərs deməklə, dərslik yazmaqla, jurnal nəşr etməklə kifayətlənmirdi. Bütün bunları o, təmənnasız olaraq millətinin savadlanması uğrunda həyata keçirməklə yanaşı, həll olunmadan qaldığını görən problemlərin çözümünə çalışır, yarı yolda qalmış bir işin sona çatdırılması uğrunda əlindən gələni əsirgəmirdi. Mahmud bəy Mahmudbəyovu XX əsrin əvvəllərində əksər xeyriyyə tədbirlərinin önündə görürük. 

"Rəhbər" jurnalının müdiri və naşiri 

1906-cı ildə məktəblilərin mütaliəsi üçün nəşr olunan "Rəhbər" jurnalının müdiri və naşiri Mahmud bəy Mahmudbəyov idi. "Rəhbər" jurnalı yalnız beş nömrə çıxa bilmişdir. Jurnalın birinci nömrəsi 1906-cı ilin sentyabrında, sonuncu, 5-ci nömrəsi isə 1907-ci ilin yanvarında çıxmışdır. Bu jurnalda Mirzə Ələkbər Sabir, Abbas Səhhət və başqaları çıxış edirdilər.

"Rəhbər" jurnalının birinci nömrəsində Firudin bəy Köçərlinin "Seyid Əbülqasim Nəbati" məqaləsi dərc olunmuşdur.

Məcmuədə "Dəbistan"la bağlı elanlara da yer verilirdi.

Jurnalın redaksiyası "Dəbistan"la bir yerdə - H.Z.Tağıyevin pasajında yerləşirdi.

"Rəhbər" jurnalının siması "təlim və tərbiyədən bəhs edən aylıq türk jurnalı" kimi müəyyənləşdirilirdi.  Məcmuənin əhatə edəcəyi mövzular yalnız Azərbaycan məişətinə və ədəbiyyatına deyil, Qafqazın və hətta "tamam Rusiya müsəlmanlarının məişətinə, bilaxüsus ədəbiyyatına" dair nəzərdə tutulurdu. 

Yazdığı dərsliklər elmi dairənin diqqətini çəkdi 

AMEA Məhəmmməd Füzuli adına Əlyazmalar İnstitutunda XX əsrin əvvəllərində nəşr olunmuş dərsliklərin transfoneliterasiya ilə bağlı işə başlanmışdır. Diqqətimizi çəkən məsələlərdən biri budur ki, bu istiqamətdə nəzərdə tutulan plana ilk olaraq Mahmud bəy Mahmudbəyovun tərtib etdiyi "Türk ədəbiyyatına ilk qədəm" müntəxabatı transfoneliterasiyaya daxil edilmişdir. Yaxından maraqlandığımız zaman məlum oldu ki, bu işə institutun əməkdaşı Səadət Nəsirova öz təşəbbüsü ilə başlayıb və illik plan işinə daxil etdirib. O, pedaqogika tarixinin yazılmasında  dərslik tərtibi və nəşrinin öyrənilməsini əhəmiyyətli hesab edərək, bu işin məsuliyyətini öz üzərinə götürdüyünü söyləyir. S.Nəsirova dərslikləri transfoneliterasiya etmək kimi ciddi bir işin məsuliyyətini üzərinə götürməklə yanaşı, onların məzmununu elmi təhlillərə çəkən məqalələri ilə də diqqəti cəlb edir. S.Nəsirovanın 7-9 may 2012-ci il tarixində Türkiyədə keçirilən "Bir fikir hərəkətinin yüz ili: Türk ocaqları" adlı beynəlxalq simpoziumun materiallarında dərc olunan "Türk ədəbiyyatına ilk qədəm" kitabı və cocuq eyitimində türkçülük" adlı məqaləsi öz məzmunu ilə  böyük maraq doğurur. Tədqiqatçı müntəxabatın mündəricəsinə xüsusi incəliklə yanaşmış, kitabın ehtiva etdiyi ideya istiqamətlərini doğru müəyyənləşdirməyə nail olmuşdur. Tədqiqatçıya görə, XX əsrin başlanğıcında şagirdlərin yetişdirilməsində humanitar elmlərin əsas məqsədi onlara "vətən eşqi, millət sevgisi və bu kimi uca mənəvi dəyərlər"in aşılanmasından ibarət idi. "Bir türk olaraq özünü, millətini daha yaxşı tanıması, sevməsi üçün ibtidai məktəblərdən başlayaraq, Azərbaycan uşaqlarına bütün bunlar ən yaxşı şəkildə öyrədilmişdir" fikri ilə çıxış edən S.Nəsirova dərsliklərdə verilən bədii mətnlərlə öz fikrini isbat etməyə çalışır. Türk və Azərbaycan ədəbiyyatında ən görkəmli şair və yazıçılardan Ziya Göyalp, Xalid Ziya bəy, Namiq Kamal, Mehmet Əmin, Əhməd Cavad, Əhməd Ağaoğlu, Tofiq Fikrət, Natəvan xanım, Rza Tofiq, Əbdülhəq Hamid, Nigar xanım, Əli Aləvi, Halim Sabit bəy və b. ədiblərin müxtəlif məzmunlu əsərləri şagirdlərə yüksək mənəvi hisslərin aşılanması məqsədi ilə xüsusi ustalıqla seçilərək dərsliyə daxil edilmişdir.

"Türk ədəbiyyatına ilk qədəm" müntəxabatında Xalid Ziya bəyin "Sınıq savça" hekayəsi mənalı məzmunu ilə diqqətimizi çəkdi. "Sınıq savça" hekayəsi uşaqlara elmin faydasını sadə bir məzmun əsasında  anlatması baxımından çox maraqlıdır. Bir axşam soyuq havada savçanın (bardağın) öz-özünə sınması ilə evdəkilərin hamısını xürafata qapılara həyəcanlasa da, azyaşlı məktəb şagirdi təəccüblənmir. Məktəbdə aldığı dərs hadisənin səbəbini anlamaqda ona yardım edir. Soyuq havada bardağın öz-özünə sınması səbəbini aydın dillə anasına başa salması evdəkilərin xoşuna gəlir. Anası qürur duyub, oğlunu qucaqlayaraq onunla fəxr etdiyini söyləyir. Müntəxabatda verilən belə hekayələr vasitəsilə ibtidai sinifdə oxuyan şagirdlərə həyat hadisələrinin öyrədilməsinin əhəmiyyəti vurğulanırdı.

 "Türk ədəbiyyatına ilk qədəm" müntəxabatının tərtibatı Mahmud bəy Mahmudbəyovun boyük pedaqoji səriştəsindən xəbər verir. Azərbaycanın bu kimi pedaqoqlarının həyat və fəaliyyətinin öyrənilməsi pedaqoqların yetişdirilməsi baxımından bu gün də aktualdır. XX əsrin əvvəllərində nəşr olunan  dərsliklər isə ideya baxımından hələ də əhəmiyyətini itirməmişdir.  

Könül NƏHMƏTOVA,
filologiya üzrə fəlsəfə doktoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov