Təhsil Nazirliyinin Nizami rayon Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzinin "Azəri inciləri" rəqs qrupunun və
"Çiçəyim" uşaq teatr studiyasının üzvləri aprelin 20-dən
26-dək Türkiyənin İstanbul şəhərində səfərdə olub.
İstanbulun Baxçalıevlər Kaymakamlığı İlçə Milli Təhsil
Müdirliyi tərəfindən 23 aprel Beynəlxalq Uşaq
Festivalına dəvət alan Yaradıcılıq Mərkəzinin 33
nəfərdən ibarət nümayəndə heyəti tədbirdə türk və
liviyalı uşaqlarla birgə çıxış ediblər. Festivala
toplaşan kaymakamlıq, bələdiyyə və təhsil şöbəsindən
olan qonaqlar, sakinlər, uşaqlar və valideynlər ifa
olunan "Azərbaycan suitası", "Şənlik" rəqsi və
"Azərbaycan" mahnısını məmnuniyyətlə dinləyiblər. Teatr
studiyasının üzvü, 9 yaşlı Rüfət Məmmədovun çıxışı ilə
bağlı isə yerli mətbuatda maraqlı məqalə dərc olunub.
Baxçalıevlər Kaymakamlığı, bələdiyyə və təhsil
şöbəsinin rəhbərləri Azərbaycan nümayəndə heyəti ilə
görüşüblər. Görüş zamanı türkiyəli rəsmilərə Azərbaycan
bayrağı, milli geyimdə olan gəlincik, müxtəlif
suvenirlər və Azərbaycan miniatür xalçaları hədiyyə
olunub. Baxçalıevlər Kaymakamı Mehmet Ali Özyiğit də öz
növbəsində mərkəzin rəhbərliyinə və uşaqlara festivalda
fəal iştirakına görə öz təşəkkürünü bildirib və onlara
müxtəlif mükafat, diplom və hədiyyələr təqdim edib.
Aprelin 25-də isə Baxçalıevlərdəki liseydə festivalın
final konserti təşkil olunub. Konsertdə Azərbaycan
rəqqasları rəngarəng rəqslər nümayiş etdiriblər.
Balacaların hazırladıqları səhnəcik və kompozisiyalar da
maraqla qarşılanıb.
Konsertin ən maraqlı çıxışı isə dərnək üzvü Şahin
Tağızadənin ifa etdiyi "Çırpınırdı Qara dəniz" mahnısı
olub. Mahnının final hissəsində "Azərbaycan bayrağını
Qarabağdan asacağız" sözlərini zala toplaşanlar
əllərində Azərbaycan bayraqları ayağa qalxaraq, xorla
ifa ediblər.
www.edu.gov.az |