Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

Peşə təhsilində yeniliklər

 

Böyütmək üçün şəkili seçin"Müasir Azərbaycan Peşəkarları" layihəsi 18 nömrəli Bakı Peşə Liseyində uğurla həyata keçirilir 

Son illər respublikamızda həyata keçirilən təhsil islahatlarında prioritet məsələlərdən biri də texniki peşə təhsili sisteminin təkmilləşdirilməsidir. Bu məqsədlə respublikamızda adıçəkilən sahənin inkişafı üçün Təhsil Nazirliyi tərəfindən müxtəlif layihələr həyata keçirilir, yeni təlim metodları, interaktiv təlim üsulları geniş şəkildə tətbiq olunur. Belə layihələrdən biri də "Müasir Azərbaycan Peşəkarları"  layihəsidir. Layihəni uğurla reallaşdıran ilk peşə-ixtisas məktəblərindən biri də 18 nömrəli Bakı Peşə Liseyidir. Layihənin və onun icrası yönündə görülən işləri təbliğ etmək və işıqlandırmaq üçün redaksiyamız 18 nömrəli Bakı Peşə Liseyi ilə əməkdaşlığa başlamışdır. Qeyd edək ki, əməkdaşlıq çərçivəsində liseydə  fəaliyyət göstərən müxtəlif ixtisaslar üzrə qabaqcıl nəzəri təlim müəllimləri və ustaların iş təcrübəsini yaymaq məqsədilə bu nömrəmizdən başlayaraq silsilə yazıları oxucularımıza təqdim edirik. 

Təhsil Nazirliyi peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə "Müasir Azərbaycan Peşəkarları" Layihəsinin icrasına başlamışdır. 18 nömrəli Bakı Peşə Liseyi də layihəyə ilkin qoşulanlar sırasındadır. 2013-2014-cü tədris ilində "Müasir Azərbaycan Peşəkarları"  layihəsi çərçivəsində görülən işlərdən biri də 18 nömrəli Bakı Peşə Liseyində  Almaniyanın BOSCH şirkəti ilə birlikdə BOSCH Resurs Mərkəzi və Tədris emalatxanası yaradılmasıdır. Müqaviləyə uyğun olaraq BOSCH şirkəti liseyin nəzdində tədris emalatxanası və nəzəri təlim kabinetini yüksək səviyyədə maddi-texniki baza ilə təchiz etmişdir.

BOSCH şirkətinin təşəbbüsü ilə liseydə müəllim və istehsalat təlimi ustalarına BOSCH  şirkətinin istehsal etdiyi alətlərlə tanışlıq məqsədilə  treninq keçirilmişdir. Liseyin 9 nəfər əməkdaşı BOSCH şirkətinin sertifikatını almışdır.  Hazırda həmin şəxslər tələbələrə  BOSCH  şirkətinin istehsalı olan  alətlərdən istifadə qaydalarını  öyrədirlər.

BOSCH elektrik alətləri barəsində nəzəri biliklər BOSCH Resurs Mərkəzində verilir. Nəzəri təlim dərsləri üçün 16 saat vaxt ayrılmışdır. Mərkəz BOSCH elektrik alətləri,  informasiya kommunikasiya texnologiyaları (kompüter, proyektor) və digər lazımi əyani vəsaitlərlə təchiz edilmişdir  ki, bu da tələbələrin bilik və bacarıqları müasir təlim metodları ilə  mənimsəməsinə gətirib çıxarır.

Tədris proqramı BOSCH firmasının tövsiyəsi əsasında hazırlanmış və Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsi və Təhsil Problemləri İnstitutu İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzi ilə razılaşdırılaraq 18 nömrəli  Bakı Peşə Liseyinin Pedaqoji Şurasında təsdiq edilmişdir. Proqrama əsasən nəzəri təlim dərslərinə 16 saat, istehsalat təlimi üçün isə 24 saat vaxt ayrılmışdır.

İstehsalat təlimi proqramı 4 əsas mövzunu əhatə edir:

Birinci mövzu - peşə modulunun proqram pasportu əsasında qurulmuşdur. Burada  proqramın tətbiq edilmə sahələri, modulun məqsədi və vəzifələri, təhlükəsizlik texnikası və əməyin mühafizəsi tələbələrə öyrədilir. Bu mövzu üçün 4 saat vaxt ayrılmışdır.

İkinci mövzu - "Peşə modulunun mənimsənilməsinin nəticələri" adlanır. Bu mövzu üçün 5 saat vaxt ayrılmışdır və burada BOSCH elektrik alətləri ilə burğulanmanın, mişarlanmanın, cilalanmanın, frezerlənmənin aparılması qaydaları və eləcə də bu alətlərlə işləyən zaman təhlükəsizlik texnikası qaydaları öyrədilir. 

Üçüncü mövzu - "Peşə modulunun strukturu və məzmunu" adlanan mövzuda ağac emalı üçün BOSCH elektrik avadanlıqları, peşə modulu təliminin məzmunu və ümumilikdə 18 nömrəli Bakı Peşə Liseyində olan BOSCH elektrik alətləri barəsində məlumatlar verilir. Bunun üçün 8 saat vaxt ayrılmışdır.

Dördüncü mövzu - "Peşə modulunun həyata keçirilməsi" adlanır və bu mövzu üçün 7 saat vaxt ayrılmışdır.  Bu mövzuda istehsalat təliminin aparılması üçün maddi-texniki təchizat tələbləri və təlimin məlumatla təchiz edilməsi tələbələrə aşılanır.

İstehsalat təlimi BOSCH  elektrik avadanlıqları emelatxanasında aparılır. Burada istehsalat təlimi zamanı tələbələrə  ilk növbədə iş yerinin saxlanması tələbləri, təhlükəsizlik texnikası qaydaları və eləcə də əməyin mühafizəsi barəsində məlumat verildikdən sonra mövzuya uyğun olaraq alətlərdən istifadə qaydaları başa salınır və tələbələr  həmin alətlərdən istifadə etməklə təlimə başlayırlar. Burada müəllimin əsas rolu tələbələrə bəzi bacarıqları aşılamaqdır ki, onlar həmin alətlərlə müstəqil işləmək bacarığına yiyələnsinlər.

BOSCH elektrik alətlərinin öyrədilməsinə  16 saat nəzəri təlim üçün vaxt ayrılmışdır.

Birinci mövzu üçün 2 saat ayrılmışdır ki, burada proqramın tətbiqedilmə sahələri modulun məqsədi və vəzifələri, təhlükəsizlik texnikası və əməyin mühafizəsi öyrədilir.

İkinci mövzuya 3 saat nəzəri təlim ayrılmışdır. Bu mövzuda BOSCH elektrik alətləri ilə mişarlama, cilalama, frezerləmə əməliyyatları aparılması qaydaları öyrədilir.

Nəzəri təlim üçün 5 saat vaxt ayrılmış üçüncü mövzuda ağac emalı üzrə BOSCH elektrik alətləri və avadanlıqları peşə modulu təliminin məzmunu və ümumi olaraq BOSCH elektrik avadanlıqları və alətləri haqqında məlumat verilir.

Dördüncü mövzu üçün 6 saat nəzəri təlim ayrılmışdır ki, burada minimum material-texniki təchizat tələbləri, materialların növləri, təsnifat təliminin məlumatlarla  təchiz edilməsi öyrədilir.

BOSCH elektrik alətlərinin öyrədilməsi 3 əsas istiqamət üzrə aparılır. Bu istiqamətlər "Avtomobil təmiri çilingəri", "İnşaatda tamamlama işləri" və "Xarrat-dülgər,  parket ustası"  ixtisasları üzrədir.

Qeyd etmək lazımdır ki, bu alətlərin öyrədilməsi göstərilən hər bir ixtisas üzrə müxtəlif üsullarla aparılır. Belə ki, tədris prosesinə hər bir ixtisas üzrə lazım olan avadanlıqların öyrədilməsi zamanı üstünlük o alətlərə verilir ki, tələbələr ixtisasa yiyələndikdən sonra həmin alətlərdən daha çox istifadə edəcəklər.

Məsələn, avtomobil təmiri çilingəri ixtisası üzrə təhsil alan tələbələrə əsas etibarı ilə cilalama maşınları  (onların növləri və istifadə sahələri),  dəmir və plastik kəsən kəsici alətlər, yonucu alətlər, metal axtaran alətlər və s. alət və avadanlıqlar barəsində daha geniş məlumat verilir və onların təsnifatı, işləmə prinsipləri, işləmə sahələri, texniki göstəriciləri, onlarla iş zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi  və s. öyrədilir.

Nəzəri təlim zamanı müasir təlim metodlarından istifadə edilir ki, bu da, ilk növbədə, keçilən mövzu üzrə dərs planının hazırlanması və təlim nəticələrinin müəyyənləşdirilməsinə  gətirib çıxarır.

Məsələn, birinci mövzu olan "Peşə modulunun proqram pasportu" tədris edilən zaman aşağıdakı dərs planından istifadə edilir.

Modulun adı: Peşə modulunun proqram pasportu

Bu  aşağıdakıları əhatə edir:

Təlim nəticəsi 1: Peşə modulunu və pasportunu bilir.

İcra meyarları:

a)  Proqramın tətbiq edilmə sahələrini bilir. 

b) Modulun məqsədini bilir .

c) Modulun vəzifələrini bilir. 

d) Təhlükəsizlik texnikası qaydalarını bilir.

e) Əməyin mühafizəsini bilir.

Açıqlama:

Tətbiq edilmə sahələri: inşaat işləri, xarrat, dülgər, parket işləri, nəqliyyat sahələri

Modulun məqsədi: tətbiq edilən sahələr üzrə hər bir alətdən  istifadə bacarığının aşılanması

Modulun vəzifəsi:  öyrənənlər tam kursu bitirdikdən sonra bacarığa tam yiyələnərək  işəgötürənlərin tələblərinə cavab verir.

Təhlükəsizlik texnikası qaydaları: hər bir alət və avadanlıqla işləyən zaman təhlükəsizliyin təmin edilməsini bilir.

Əməyin mühafizəsi: işə götürənlərlə müqavilə zamanı onun  hüquq və vəzifələrini bilir.

Nəzəri təlim dərsləri zamanı əsas üstünlük təhsilalanların daha fəal olmasına yönəldilir. Tələbələrə tapşırıq verilən zaman müəllim müasir təlim metodlarına uyğun olaraq  yalnız müşahidəçi rolunu oynayır ki, bu da mövzunun mənimsənilməsi zamanı tələbələrin diqqətini problemin qoyuluşuna yönəltmək,  axtarış aparmaq, diskussiyalara  girmək, informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək lazım olan məlumatların toplanması şəraitini  yaradır.  Bu da onların daha aktiv olmasına gətirib çıxarır.

Nəzəri təlim zamanı həm də tələbələrin bilik və bacarıq  səviyyələrinin qiymətləndirilməsi aparılır. Qiymətləndirmə əsas etibarı ilə test tərtib etməklə  və ya şifahi sorğu yolu ilə həyata keçirilir.

Nəzəri təlim zamanı tələbələrin fəallığını artırmaq məqsədi ilə dərsdə tələbələr 4-5 nəfərdən ibarət qruplara ayrılır və hər qrupa ayrılıqda tapşırıqlar verilir.  Qruplar lazımı material və alətlərlə təchiz olunurlar. Tapşırıqlar verildikdən sonra hər qrup öz tapşırıqlarını yerinə yetirərək onların icrasını təqdim edirlər. Burada məqsəd ənənəvi tədris metodundan fərqli olaraq tələbələrin fəallığını artırmaq, onları müstəqil  axtarışlara cəlb etməkdir.

Yerinə yetirilmiş tapşırığı qrup lideri təqdim edir. Bu zaman digər qruplar təqdimata qoşulur və suallarla qrup liderinə  müraciət edirlər. Bu isə bütün tələbələr tərəfindən  mövzunun tam mənimsənilməsi ilə nəticələnir.

Qeyd edək ki, digər müasir  təlim metodlarını (klaser, karusel, BİBÖ və s.) tətbiq etməklə də mükəmməl nəticə əldə etmək mümkündür.

Belə təlim metodu zamanı qiymətləndirmə dərsin sonunda fəallıq və təqdimetmə əsasında aparılır. Bu zaman seçilmiş mövzu əsasında aşağıdakı meyarlar nəzərə alınır:

Təqdimetmə, fərqləndirmə, nəticə çıxartma, əməkdaşlıq, ünsiyyət.

İstehsalat təlimi liseydə BOSCH firmasının alət və avadanlıqları ilə təchiz edilmiş emalatxanada aparılır. İstehsalat təlimi dərslərində tələbələr əsasən BOSCH firmasının alət və avadanlıqları ilə təmasda olur və bu da onların bacarıqlarının artmasına, müasir avadanlıqlarla yaxından tanışlığa  səbəb olur.  İstehsalat təlimi zamanı, ilk növbədə, tələbələrin istifadə edəcəkləri alət və avadanlıqlardan təhlükəsizlik texnikasına riayətetmə qaydaları aşılanır və sonra isə onlara tapşırıqlar verilir.

Tapşırıqlar zamanı alət və avadanlığın istifadə sahəsinə uyğun olaraq hər bir tələbə lazımi materiallarla təchiz edilir və onlar istehsalat təlimi ustasının nəzarəti  ilə verilmiş tapşırıqları yerinə yetirirlər. Təlimin sonunda tələbələrin bacarığı qiymətləndirilir. Nəzəri təlimdə olduğu kimi, istehsalat təliminin sonunda  da qiymətləndirmə zamanı aşağıdakı meyarlar nəzərə alınır:

* Tələbələr tərəfindən təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi.

* Alət və avadanlıqlardan istifadə qaydalarına əməl edilməsi.

* Hazırlanmış məhsulun keyfiyyəti.

* İş yerinin sanitar qaydalarına əməl etməklə saxlanılması.

* Verilmiş tapşırığın yerinə yetirilməsi bacarığı.

Qeyd etmək lazımdır ki, liseyin Pedaqoji Şurasının qərarı ilə 2013-2014-cü tədris ili "İşəgötürənlərlə əlaqə ili" elan edilmişdir. Bu səbəbdən tələbələrin istehsalat təcrübəsi keçdiyi müəssisələrlə  müqavilələr bağlanılmış, müntəzəm olaraq onlarla əlaqələr saxlanılmış, istehsalat təlimi ustaları tərəfindən  təcrübə təşkil olunmuş müəssisələrdə   tələbələrə təlimlər keçirilir.

İlk peşə-ixtisas təhsili müəssisələri üçün ilk dəfə olaraq  nəzərə alınmışdır ki, tələbələrin sınaq işləri istehsalat təcrübəsi keçirilən müəssisələrdə götürülməsin və buna görə həmin  müəssisələrlə razılıq əldə edilmişdir.

Bu da tələbələrin həm məsuliyyətini artırır, həm də işəgötürənlərlə əlaqələri genişləndirməyə imkan verir.

Məqsədimiz tələbələrin bilik və bacarıqlarının daha da artırılması və işəgötürənlərin peşə bacarığı tələblərinə cavab verməsidir ki, bu da tələbələrin gələcəkdə işlə təminatı deməkdir. 

Tofiq MƏMMƏDOV,
18 nömrəli Bakı Peşə Liseyində nəzəri təlim müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov