Valideynlər
övladlarının sayından asılı olmayaraq təmənnasız və
əbədi sevgi ilə onları sevirlər. Hətta onlar belə bir
bənzətmə verirlər: "Beş barmağım var, hansını kəsərəmsə,
incidər". Tarixən valideyn-övlad sevgisinə dair müxtəlif
fikirlər var. Valideynlər çox zaman ilk uşağın, bəziləri
isə ailənin sonbeşiyinin daha sevimli olduğunu qeyd
edirlər. Normal valideyn sevgisinə malik olan ata və ana
övladlarını seçmədən və hər hansı bir fərqlilik qoymadan
sevməli və onlara bu sevgini göstərməyi bacarmalıdır.
Müxtəlif valideyn tipləri var: sevgisini göstərə bilən
və göstərməyən, valideynlik hissiyyatı yüksək olan və ya
olmayan və s. Bəzən valideyn övlad sahibi olmaq anında
özünü həmin situasiyaya tam hazır hiss etmir. Onun
valideynlik hissiyyatı bu zaman yaxşı inkişaf etmir.
Belə hal əsasən ilk övladın dünyaya gəldiyi zaman olur.
Həmin ata-ana bəzən də ikinci övladı dünyaya gəldikdə
tamam fərqli hisslər keçirirlər. Bəzi valideynlər çox
təəssüf ki, uşaqları arasında fərq qoymağa başlayırlar.
Ətrafdakıların tənqidlərinə cavab olaraq bu yanlış
hərəkətlərini "bu uşaq çox qurudur... digəri isə adama
yovuşur... öpür, qucaqlayır" kimi sözlərlə izah edirlər.
Uşaqlar arasında ayrı-seçkilik qoyulmasının səbəblərini
psixoloji baxımdan bu cür şərh edə bilərik:
* Valideynlik hissiyatının natamam olması.
* Uşaqlar arasında cinsi ayrı-seçkiliyin qoyulması.
* Uşaqların neqativ xatirəli qohumlara bənzədilməsi.
* Uşaqlardan hər hansı birinin valideynlərindən birinə
daha çox bənzəməsi.
* Uşaqda utancaqlıq, adaptasiya problemlərinin müşahidə
olunması.
* Uşaqda ünsiyyət çətinliklərinin olması.
*
Ailədə digər övladın diqqətçəkmə mexanizminin güclü
olması.
* Uşaqlardan birinin həddindən artıq davranış problemli
olması.
* Uşaqlardan birinin daha sakit olması.
* Uşaqlara dünyasını dəyişən nənə-baba adlarının
qoyulması.
* Uşaqlar arasında doğmalıq olmadıqda.
Ailədə yeni övlad dünyaya gələn kimi valideynlərin
diqqəti ona yönəlir, alınan hədiyyələr daha çox onun
üçün olur, gələn qonaqlar həmin körpəyə diqqət
göstərirlər. Bu zaman diqqətdən kənarda qalan böyük
uşağın psixoloji durumunu düşünən valideyn və ya
qohumlar az olur. Məhz bu andan etibarən dünənədək
gününün böyük hissəsini ona ayıran valideynlərinin niyə
diqqətin, qayğının digər uşağa yönəldiyinin səbəbini
anlamayan uşaq "valideynlərim məni sevmirlər, qardaşımı
və ya bacımı məndən daha çox sevirlər" düşüncəsi ilə
psixoloji travma yaşayırlar. Valideynlər isə bunun
fərqinə çox gec varırlar. Həmin uşağın əvvəlcə
qardaşının və ya bacısının oyuncaqlarını vurmasını, onun
üzünə əl atmasını, paltarlarını tullamasını uşaq
şıltaqlığı kimi qəbul edən valideynlər övladları
arasında qısqanclığın yaşanıldığından çox gec xəbər
tuturlar. Zaman keçdikcə uşaqlar arasındakı qısqanclıq
oyun situasiyasında özünü daha qabarıq göstərməyə
başlayır. Valideynlərinin diqqətindən uzaqda qaldığını
hesab edən uşaq oyun zamanı bütün oyuncaqlara
sahiblənir, heç kimlə paylaşmır, təklikdə oynamağa meyl
göstərir, tez-tez digər uşağı qıcıqlandırmaqdan zövq
alır. Belə uşaqlar valideynlərinin ondan uzaq olduğu
anlarda daha böyük davranış problemləri ortaya
çıxarırlar.
Sadaladığımız əlamətlər göründüyü qədər də yüngül
problemlər deyildir. Məhz valideyn diqqətsizliyi
nəticəsində uşaqlar arasında yaranmış qısqanclığın
aradan qaldırılması üçün bir çox hallarda psixoloqlar
ailə ilə birlikdə illərlə iş aparmalı olurlar. Uşaqları
arasında qısqanclığın yaranmaması üçün valideynlərin
aşağıda qeyd olunanlara diqqət yetirmələri daha
məqsədəuyğun olar:
1. İlk övladınıza onu sevən yeni bir qardaş və ya
bacının gələcəyi haqqında nağıllar danışın.
2. Səhərlər uşağınızın yatağına kiçik açıqca qoyun və
ona: "yeni körpəmiz göndərib" - deyin.
3. Övladınızı yeni dünyaya gələcək körpənin adından
salamlayın.
4. Doğulacaq körpənin əşyalarını övladınızın seçməyinə
imkan yaradın.
5. Doğulmamışdan öncə və ondan sonra "Bu sənin
qardaşındır və ya bacındır" deməyi unutmayın.
6. Yeni doğulmuş körpəyə qulluğu onunla birlikdə edin.
Övladınızı tərifləyərək "Afərin, bunu sən etdin" -
deyin.
Ailədə bəzi hallarda övladlarının psixi inkişafında,
fiziki göstəricilərində, görünüşündə və.s məsələlərdə
fərqlər müşahidə olunduğu halda valideynlər uşaqlarının
ala biləcəyi psixoloji travmadan xəbərdar olmadan onları
müqayisə etməyə başlayırlar. Çox zaman birinin yanında
digərinə "Sən dünyanın ən ağıllı qızısan", "Sən çox
gözəlsən" kimi ifadələr səsləndirirlər. Əslində
valideyn xəbərsizdir ki, situativ işlətdiyi bu kəlmələr
digər övladında aşağıdakı problemləri yarada bilər:
1. Özünəinam hissinin azalması.
2. İnamsızlıq.
3. Valideynlərə qarşı küskünlük.
4. Qardaş-bacı qısqanclığı.
5. Komplekslər.
6. Natamamlıq hissləri.
7. Aqressiya və daxili gərginlik.
8. Neqativizm (Uşaq "mən onsuz da yaxşı uşaq deyiləm" -
deyə düşünür).
Qeyd etdiyim kimi, övladların fərqləndirilməməsi və
onların yaxınlaşdırılması əsas məqsədlərimizdən
olmalıdır. Valideynlər əgər bu məsələyə etinasız
yanaşıblarsa və nəticədə uşaqları arasında ayrı-seçkilik
yaranıbsa, bu zaman aşağıdakı nüanslara diqqət
yetirməlidirlər:
* Övladlarınızdan birini digərinin yanında tərifləyib və
ya tənqid etməyin.
* Uşaqlarınızla eyni səs tonunda danışın.
* İstifadə etdiyiniz əzizləyici sözləri uşaqlar
arasında çox fərqləndirməyin.
* Övladlarınızla birlikdə oyun oynayın.
* Hədiyyə aldıqda onu fərqləndirməyin.
* Hədiyyələrin "bizim" olduğunu vurğu
layın.
* Uşaqlarınızın bir-birinə hədiyyələr verməsinə şərait
yaradın.
* Övladlarınıza bir-birlərinə xoş arzular yazmalarını
öyrədin.
Bir psixoloq kimi sonda valideynlərə tövsiyəm budur ki,
övladlarınız arasında ayrı-seçkilik qoymayın. Bu zaman
övladlarınız sizi daha çox sevəcəklər!
Aidə NƏBİYEVA,
Müasir Psixologiya Mərkəzinin baş psixoloqu |