Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

Xaricdə təhsil alan tələbələrimiz

"Türkiyədə öyrəndiklərimin Azərbaycanda tətbiqi faydalı olacaq"

 

Ankara Universitetinin tibb fakültəsində təhsil alan Əhməd Abdullayevlə söhbət

Abdullayev  Əhməd  Piralı oğlu  1987-ci il mayın 21-də  Bakı şəhərində  anadan olub.  2004-cü ildə Bakıdakı  286  nömrəli tam orta məktəbi bitirib.  Elə həmin ildə də Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə  daxil olub. 2010-cu ildə universiteti qırmızı diplomla bitirərək  uzmanlıq təhsili almaq üçün  Türkiyə Respublikasına gedib. Bir  il Ankarada hazırlıq  keçdikdən sonra 2011-ci ilin noyabr  ayında Ankara Universitetinin tibb fakültəsinin göz xəstəlikləri kafedrasında uzmanlıq təhsilinə başlayıb.  Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Ankara Universitetinin tibb fakültəsində oftalmologiya ixtisası üzrə rezidentura təhsili alır.  Əhmədlə söhbətimizə onun məktəb illərindən və onda həkimliyə   marağın necə yaranmasından başladıq.

-  Orta məktəbdə oxuyarkən daha çox biologiya fənni ilə maraqlanırdım. Yəqin ki, gələcəkdə həkim olmaq istəyən hər kəs üçün bu, ortaq cəhətdir.  Orta məktəb illərində  biologiya üzrə  keçirilən  fənn olimpiadalarında  fəal iştirak etməyə  çalışırdım. Digər tərəfdən, mən həkim ailəsində anadan olmuşam.  Atam Piralı Abdullayev M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında (indiki Klinik Tibbi Mərkəz) cərrah işləyib. Anam Respublika Uşaq Xəstəxanasında işləyir. Bacım da həkimdir. Ona görə də, ailə ənənəsinin və valideynlərimin mənim həkim ixtisasını seçməyimdə xüsusi rolu olduğunu deyə bilərəm.  Ailəmizdə tez-tez tibbə aid söhbətlər olardı və mən uşaqlıqdan istər-istəməz bu söhbətlərə qulaq kəsilərdim. Özümü tibb aləmində çox erkən gördüm. Artıq  VI sinifdə oxuyarkən  həkim olmağa qərar verdim.

- Bəs, xaricdə təhsil almağa nə vaxtdan qərar verdiniz?

Böyütmək üçün şəkili seçin-  ATU-da təhsil illərimdən. Xaricdə təhsil hər bir tələbə üçün  təkmilləşmək, öz biliklərini artırmaq, ən müasir praktik təcrübə əldə etmək mənasında çox gözəl imkandır.  Bu imkanı isə biz gənclərə dünyada analoqu olmayan xaricdə təhsil üzrə dövlət proqramı yaradır. Biz tələbələr üçün  yaradılmış bu imkan və şəraitə, diqqət və qayğıya görə Azərbaycan dövlətinə,  Prezident İlham Əliyevə minnətdarıq.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nı  dövlətimizin siyasətinin əsas uğurlarından biri kimi qiymətləndirirəm. Bu proqram sayəsində istedadlı gənclərimiz öz istək və arzularını həyata keçirmək üçün böyük şans əldə edirlər. Mən də ilk dəfə idi ki,  Dövlət Proqramının seçim turunda iştirak edirdim. Ümumilikdə, qeyd edim ki,  Təhsil Nazirliyi seçim prosesini çox uğurlu təşkil edib.

- Artıq neçə ildir ki, Türkiyədə təhsil alırsınız? Yəqin ki, təhsilimizdə baş verən dəyişiklikləri də izləyirsiniz?

-  Əlbəttə, biz Azərbaycan təhsilinin yetirmələriyik. Milli təhsil sistemimizdə baş verən son keyfiyyət dəyişiklikləri bizi sevindirir. Təhsilimiz günü-gündən inkişaf edir. Ali təhsil müəssisələrimizin maddi-texniki bazası, dünyanın reytinq cədvəllərində yer alan nüfuzlu universitetlərlə əlaqələri möhkəmlənir. Təhsilimizə yeni innovativ ideyalar, tədris proqramları daxil olur. Təhsilimizin yeni inkişaf üfüqlərini müəyyən edən strategiyalar işlənib hazırlanır. Ötən ilin oktyabrında qəbul olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" milli təhsil sistemimizin inkişaf prioritetlərini müəyyən edən önəmli fəaliyyət proqramıdır. Bütün bunlar sevindiricidir.  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"  irəliyə   atılmış ən böyük addımlardan biridir. Təhsil Nazirliyi bu işə çox ciddi yanaşır. Hər il nazirlikdə xaricdə təhsil alan tələbələrlə görüş keçirilir. Tələbələrin təhsili və problemləri ilə yaxından maraqlanırlar.  Biz tələbələrə  göstərilən bu  diqqət və qayğı təqdirəlayiq bir haldır.

- Seçdiyiniz ixtisas barədə məlumat verərdiniz...

- Hazırda Ankara Universiteti tibb fakültəsinin göz xəstəlikləri kafedrasında uzmanlıq təhsili alıram. Klinikamız Türkiyənin ən böyük göz xəstəxanasıdır. Kafedrada 8 professor, 1 dosent və 1 uzman həkim var.  Hazırda 17 rezident uzmanlıq təhsili almaqdadır. Türkiyədə oftalmologiya ixtisası üzrə 4 il rezidentura keçilir. Bu müddət ərzində rezidentlər sərbəst xəstə qəbul edir və əməliyyatlara girirlər. Oftalmologiya tibbin spesifik sahələrindəndir və sürətlə inkişaf edir. Bu ixtisas üzrə uzmanlıq təhsili almaqdan çox məmnunam. Təhsilimlə yanaşı, oftalmologiyanın aktual problemlərinə dair elmi tədqiqatlarla da məşğulam.  

Türkiyədə müəllim və həkimləri  "hoca" deyə çağırırlar. Hocalarımızla çox yaxşı münasibətdəyik. Təhsilimizə çox önəm verirlər.  Müəllimlərimizin əksəriyyəti Avropa və Amerikada təhsil alıb. Onların yanında oftalmologiyanın sirlərini öyrənmək, eləcə də təcrübə keçmək mənim üçün böyük şansdır.

Uzmanlıq təhsili dövründə  universite

tdə professorlar tərəfindən ildə bir neçə dəfə təşkil olunan kafedradaxili imtahanlar veririk. 4 illik təhsilin sonunda isə uzmanlıq imtahanı olur. İmtahanı keçdikdən sonra uzmanlıq dərəcəsi verilir.

- Seçdiyiniz ixtisas Azərbaycan üçün nə dərəcədə önəmlidir?

- Tibbin hər sahəsi kimi, oftalmologiyanın da Azərbaycan üçün önəmli olduğunu düşünürəm.  Hazırda bu sahə bütün dünyada  çox sürətlə  inkişaf edir. Yeni müalicə metodları və texnologiyalar yaradılır. Düşünürəm ki, Türkiyədə öyrəndiklərimin Azərbaycanda tətbiqi faydalı olacaq.

- Tələbə həyatınız necə keçir?

- Ankara Türkiyədə yaşaya biləcəyiniz ən sakit şəhərlərdəndir. Ölkənin ən böyük universitetləri və dövlət qurumları bu şəhərdə yerləşir. Yerli əhali Ankaranı məmur şəhəri adlandırırlar. Türklər ilə bir çox ortaq cəhətlərimiz olduğu üçün Ankaraya adaptasiyam çox da çətin olmadı.

Tələbə həyatım çox intensivdir. Gün ərzində ən azı  9 saat klinikada oluram.  Buradakı rezidentura təhsilini çox yüksək qiymətləndirirəm. Həm nəzəri,  həm də praktiki olaraq hər gün təcrübələrimiz daha da artır. Yalnız həftə sonları asudə vaxtımız olur.   Onda da yaxın dostlarımla görüşürük. Dostlarım əsasən  həkim olduğu üçün, demək olar ki,  söhbətlərimizin əsas mövzusu yenə də tibb, seçdiyimiz ixtisasla bağlıdır. Futbol həvəskarı olduğumdan imkan tapdıqca futbol oynayıram.  Hobbimə gəlincə, boş vaxtlarımda musiqiyə qulaq asmağı  və kitab oxumağı çox sevirəm.

- Azərbaycan diasporası  ilə əlaqələriniz...  

- Xarici ölkələrdə təhsil alan hər bir azərbaycanlı gənc ölkəmiz haqqında əsl həqiqətlərin dünyaya çatdırılmasında yaxından iştirak etməlidir. Türkiyənin bir çox bölgəsində səfirliyimizin dəstəyi və  tələbələrimizin iştirakı ilə keçirilən tədbirlərdə mən də fəal iştirak etməyə çalışıram.   Digər mühüm  tədbirlərdən biri kimi, Türkiyədə təhsil alan tələbələri bir araya gətirən  və artıq   son 3 ildir ki, keçirilən  "Nümunəvi həkim olmağa doğru" forumunu qeyd edə bilərəm. Azərbaycanın Türkiyədəki səfirliyinin və Ankara Universitetinin tibb fakültəsinin təşkilatçılığı ilə təşkil olunan bu forumda tələbələrimiz fəal iştirak edirlər. Forumda Azərbaycan və Türkiyədən olan tibb alimləri elmin əhəmiyyətli problemlərinə dair çıxışlar edirlər.  Bu tədbirlərin Azərbaycan tibb elminin inkişafında önəmli rol oynayacağına inanıram. Bundan əlavə,   tibb sahəsində təhsil alan tələbə və rezidentlərlə bayramlarda bir araya gəlməyə çalışırıq. Türkiyədə azərbaycanlı tələbələr çoxdur. Demək olar ki, bütün  ixtisaslar üzrə təhsil alan tələbələrimizə  rast gəlmək mümkündür. Klinikada işlərin çoxluğu ilə əlaqədar tələbə təşkilatları ilə çox da ünsiyyətdə ola bilməmişəm. Daha çox tibb sahəsində təhsil alan rezidentlərlə görüşürük. Bu sahədə təşkilatlanma yaxşı səviyyədədir deyə bilərəm. Hər il keçirilən "Nümunəvi həkim olmağa doğru" tədbiri buna nümunədir.

- Sizcə, xarici ölkədə təhsil almaq nə deməkdir?

- Xaricdə təhsil gənclərimizin  peşəkar kadr kimi yetişməsində önəmli faktordur.  Dünyanın bu və ya digər nüfuzlu universitetində oxumaq yeni imkanlar deməkdir.  Xaricdə təhsilin bizə verdiyi töhfələrdən biri tibdə olan yenilikləri, müasir texnologiyaları  öyrənməkdir. Bununla yanaşı xaricdə təhsil həm də bizə  həyatda daha məsuliyyətli  olmağı öyrədir və dünyagörüşümüzün  artmasında önəmli rol oynayır.

Hələ Bakıda tələbəykən bir çox tanışım xaricdə təhsil barədə düşünürdü. Hazırda  onların əksəriyyəti Türkiyə və Almaniyada, digər ölkələrdə  təhsillərini davam etdirir. Bunu yüksək qiymətləndirirəm. Bu istək gənclərimizin hədəflərinin yüksək olduğunu göstərir.  Qloballaşan və sürətlə dəyişən dünyada Vətənimizə  məhz savadlı, peşəkar mütəxəssislər çox vacibdir.

- Gələcək üçün hansı planlarınız var?

-  Arzum Türkiyədə  uzmanlıq təhsilini uğurla başa vurmaqdır. Daha sonra əsas məqsədim vətənə dönərək  Türkiyədə təhsil illərində əldə etdiyim bilikləri, təcrübəni, yenilikləri ölkəmizdə tətbiq etmək və Azərbaycan tibbinin inkişafında rol oynamaqdır.

- Biz də sizə təhsil həyatınızda yeni-yeni uğurlar arzu edirik. 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov