Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

"Müəllimlər hər cür zorakılığa qarşı" mövzusunda konfrans keçirilib

 

Mayın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində "Müəllimlər hər cür zorakılığa qarşı" mövzusunda konfrans keçirilib. Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası, "Zəngin Azərbaycan uğrunda mübarizə" İctimai Birliyi və ADPU-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, bir sıra dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, paytaxt məktəblərinin tanınmış müəllimləri iştirak ediblər.

Konfransı ADPU-nun prorektoru, professor  Vilayət Əliyev giriş sözü ilə açaraq universitetin qeyri-hökumət təşkilatları ilə birgə  mütəmadi olaraq  bir  sıra  tədbirlər həyata keçirdiyini bildirib. Bugünkü tədbirin olduqca aktual bir mövzuya həsr olunduğunu deyən prorektor müəllimliyə xas olan keyfiyyətlərdən söz açıb.

Gələcəyin müəllimləri olacaq tələbələrə bir sıra tövsiyələr verən Vilayət Əliyev mövzuyla bağlı öz fikirlərini söyləyib.

Çıxış üçün söz alan "Zəngin Azərbaycan uğrunda mübarizə" İctimai Birliyinin sədri İradə Əliyeva konfransın əsas məqsəd və məramından danışıb.

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova hər cür zorakılığa qarşı mübarizədə müəllimlərin rolunun vacibliyini vurğulayıb. Qeyd olunub ki, uşaqlarımızın, yeniyetmə və gənclərimizin məhz düzgün formalaşmasında, cəmiyyətimiz üçün yararlı bir vətəndaş kimi yetişməsində bağçanın, məktəbin, ali və orta ixtisas  təhsili müəssisələrinin əhəmiyyətli rolu xüsusi vurğulanıb.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Əliheydər Zülfüqarlı "Dində zorakılıq haqqında", ADPU-nun psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev "Zorakılığa qarşı münasibətin formalaşmasında müəllimlərin rolu", ADPU-nun dosenti Təranə Rəhimli "Azərbaycan ədəbiyyatında qadınlara qarşı zorakılıq məsələsi" mövzularında məruzələrlə çıxışlar ediblər.

Konfransda daha sonra qeyri- hökumət təşkilatları təmsilçilərinin, müəllimlərin, tələbələrin iştirakı ilə müzakirə olunan mövzu ətrafında geniş fikir mübadiləsi və diskussiya aparılıb.   

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov