Mayın 15-də Təhsil Nazirliyinin nümayəndələri
Azərbaycan Dillər Universiteti ilə Bakı Slavyan
Universitetinin tələbələrinə SABAH qruplarının
təqdimatını keçiriblər.
Təqdimatda qeyd olunub ki, SABAH qruplarına tələbələr
Təhsil Nazirliyinin tabeliyindəki və özəl ali təhsil
müəssisələrindən seçiləcək. Ümumilikdə ali təhsil
müəssisələrində tədris 148 ixtisas üzrə aparılır. SABAH
qrupları 52 ixtisası əhatə edəcək. Bu ixtisaslardan
ikisi - rus dili və ingilis dili müəllimliyi ixtisasları
üzrə SABAH qrupları Azərbaycan Dillər Universitetində və
Bakı Slavyan Universitetində yaradılacaq. Başqa sözlə,
33 ali təhsil müəssisəsinin hər hansı birində rus dili
və ya ingilis dili müəllimliyi ixtisasları üzrə təhsil
alan və SABAH qrupuna qəbul olan birinci kurs tələbələri
növbəti tədris ilindən təhsilini müvafiq olaraq Dillər
Universitetində və ya Bakı Slavyan Universitetində davam
etdirəcəklər. Bu zaman onların hamısı SABAH təqaüdü
alacaq, aztəminatlı tələbələr yataqxana və qida ilə
təmin olunacaq.
SABAH qrupuna qəbul olmaq üçün isə iyunun 12-dək
www.sabah.edu.az saytında qeydiyyatdan keçmək
lazımdır. Ancaq bu zaman 2 şərt irəli sürülür: birinci
semestr üzrə ən azı 61 bala malik olmaq və SABAH
qruplarına uyğun ixtisasda təhsil almaq. Bu şərtlərə
uyğun gələn və elektron qeydiyyatdan keçən tələbələr
məntiq və xarici dilə aid suallardan ibarət imtahana
dəvət olunacaq. Ən yüksək nəticə göstərənlər SABAH
qruplarına qəbul ediləcəklər.
SABAH-ın məzunları davamlı peşəkar və akademik karyera
üçün zəruri olan fundamental bakalavr təhsilinə, yerli
və beynəlxalq əmək bazarında rəqabətədavamlı peşəkarlıq
səviyyəsinə malik olacaqlar. Bu isə Azərbaycanın
inkişafına töhfə verə biləcək savadlı, bacarıqlı və
hazırlıqlı gənc mütəxəssis deməkdir.
Sonda Təhsil Nazirliyinin nümayəndələri tələbələrin və
müəllim-professor heyətinin çoxsaylı suallarını
cavablandırıblar. |