Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi altında son illər ölkəmizin
modernləşməsi, insan kapitalının inkişafı istiqamətində
böyük işlər görülür. Bütün sahələrdə olduğu kimi,
təhsildə də islahatlar getdikcə dərinləşir və
genişlənir, dövrün çağırışlarına cavab verməyə qabil
müasir təhsil sisteminin yaradılmasını hədəfləyən ciddi
addımlar atılır. Bu baxımdan başa çatmaqda olan tədris
ilini təhsil sistemimizdə əsl dönüş ili, bilavasitə
təhsilalanların mənafeyinə yönəldilmiş, təhsilin
keyfiyyətini yüksəltməyə hədəflənmiş inkişafyönlü
tədbirlərlə zəngin il kimi xarakterizə etmək olar.
Bəs valideynlər bu haqda nə fikirdədir? Sualımıza cavab
almaq üçün bir neçə valideynlə söhbətləşdik.
Gülnarə
ASLANOVA,
Bakı şəhər A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin
Valideyn-Müəllim Assosiasiyasının prezidenti
Əvvəla onu deyə bilərəm ki, Təhsil Nazirliyinin yeni
rəhbərliyinin son bir ildə həyata keçirdiyi qətiyyətli
tədbirlər, təhsil sahəsinin bir sıra köklü məsələləri
ilə bağlı sərgilənən yeni yanaşma və baxışlar bütün
ictimaiyyətdə, o cümlədən də bu məsələlərdə ən çox
marağı olan biz valideynlərdə nikbinlik və ümid
yaratmışdır. Biz valideynlər bu addımları bəyənir və
dəstəkləyirik. Mən bunlardan bəzilərini xüsusilə qeyd
etmək istərdim.
Biz valideynlərin xüsusi rəğbətlə qarşıladıqları
məsələlərdən biri Təhsil Nazirliyi tərəfindən
məktəblərdə baş verən neqativ hallara qarşı qətiyyətlə
mübarizə aparılması, aşkarlanan bu cür faktlarla bağlı
təsirli tədbirlərin görülməsidir. Açığını deyim ki, bu
mübarizə kifayət qədər effektli nəticə verib.
Məktəblərdə əvvəllər geniş yayılmış və valideynləri ən
çox narazı salan hər xırda şey üçün pul yığılması
halları aradan qalxıb. Məsələn, bizim məktəbdə son bir
ildə çoxlu tədbirlərimiz olub, bir neçə bayram qeyd
etmişik, lakin onların heç birində valideynlərdən pul
yığılmayıb. Təhsil Nazirliyi təsərrüfat məqsədləri üçün
məktəblərə xüsusi vəsaitlər ayırıb ki, bunlar da
ehtiyacı, əsasən, ödəyir. Bu addım məktəbin, təhsilin
imicini xeyli yüksəldib.
Təhsil Nazirliyinin son vaxtlar müəllimlərin peşəkarlıq
səviyyəsinin artırılması yönündə gördüyü tədbirlər də
bir valideyn kimi məni məmnun edir. Bu baxımdan, mən
təhsil nazirinin bu günlərdə imzaladığı "Müəllimlərin
bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə"
əmrini ayrıca qeyd etmək istərdim. Fikrimcə, uzun illər
müəllimlərin attestasiyasının keçirilməməsi bir
arxayınlıq, süstlük yaratmış, nəticədə onların öz
peşəkarlıqlarını artırmaq həvəsi və səyi azalmışdır.
Ümid edirəm və inanıram ki, ümumtəhsil müəssisələrində
çalışan müəllimlərin bilik və səriştəsinin sınaq
qiymətləndirilməsinin aparılması müəllimlərin
məsuliyyətini, öz fəaliyyəti üçün cavabdehlik hissini
daha da yüksəldəcək, onları öz üzərlərində müntəzəm
işləməyə sövq edəcək və müəllimin əmək fəaliyyətinin
daha da optimallaşdırılmasına səbəb olacaqdır.
Nə gizlədək, müəllimlərimiz arasında hazırlıqsız,
dərslərini şablon və pimitiv formada keçən,
qeyri-ixtisaslılar az deyil. Bu problemi aradan
qaldırmağın ən optimal yolu müəllimlərin attestasiyadan
keçirilməsi ola bilər. Attestasiya müəllimlərin nə
dərəcədə öz üzərində çalışdığını, inkişaf etdiyini
aşkarlayan göstəricidir.
Biz valideynlər təhsilimizdə baş verən bu yeniliklərin,
inkişafın, islahatların davamlı olmasını istərdik və
Təhsil Nazirliyi tərəfindən götürülən xətt bunun belə də
olacağına bizi inandırır.
Lalə
İSBATOVA,
akademik Zərifə Əliyeva adına liseyin VMA prezidenti
Təhsil cəmiyyətin demək olar ki, bütün təbəqələrinin
daim diqqət mərkəzində olan bir sahədir. Səbəb aydındır.
Çünki hamının yolu təhsildən, məktəbdən keçir. Ona görə
də bu sahədə gedən bütün proseslər, quruculuq işləri,
inkişaf ölkə ictimaiyyəti tərəfindən yaxından izlənilir,
mövcud problemlər hamını narahat edir. Əlbəttə, övladını
gələcəkdə yüksək təhsilli, cəmiyyətin layiqli üzvü kimi
görmək istəyən hər bir valideyn kimi mən də hazırda
ölkəmizin təhsil sistemində aparılan və onun
keyfiyyətini yüksəltməyə, təhsil mühitinin
sağlamlaşdırılmasına yönəlmiş islahatların gedişi ilə
yaxından maraqlanıram. Buna görə də əminliklə deyə
bilərəm ki, son illər təhsil sistemimizin inkişafı, onun
dünya təhsilinə inteqrasiyası üçün çox iş görülüb. Son
bir ildə isə bu işlər daha da sürətlənib. Təhsilimizin
keyfiyyətini yüksəltmək üçün daha qətiyyətli addımlar
atılmasına başlanıb ki, bu da bizi çox sevindirir. Mən
bu addımlardan Təhsil Nazirliyi tərəfindən təhsil
müəssisələrindəki neqativ hallara qarşı qətiyyətlə
aparılan mübarizəni xüsusi qeyd etmək istərdim. Məhz bu
mübarizə nəticəsində son illər daha çox hallanan və
valideynlərdə narazılıq yaradan məktəblərdə şagirdlərdən
müxtəlif məqsədlərlə pul yığılması halları demək olar
ki, aradan qalxıb. Bu cəhətdən bütün valideynlər kimi,
mən də Təhsil Nazirliyini alqışlayıram.
Bir valideyn kimi mənim rəğbətimə səbəb olan addımlardan
biri də xaricdə təhsillə bağlı görülən işlərdir. Xaricdə
təhsil almağa göndərilən tələbələrin seçim proseduru
əvvəlki dövrlərə nisbətən ötən il daha yaxşı və şəffaf
təşkil olunmuşdu. Nəticədə də əvvəlki illərdəkindən
xeyli çox azərbaycanlı gənc - bizim övladlarımız bu
şansı qazana bildi. Yeri gəlmişkən qeyd edim ki, mənim
oğlum - Baxşıyev Suad Fuad oğlu da bu şansdan
bəhrələnənlər sırasındadır. Akademik Zərifə Əliyeva
adına liseyin məzunu olan oğlum hazırda Amerikanın
Kolorado ştatının Kolorado Dövlət Universitetinin
tələbəsidir.
Məktəbləri bitirən bütün məzunlara göstəricilərindən
asılı olmayaraq attestatların verilməsini təqdirəlayiq
hal kimi qiymətləndirirəm. Attestatların verilməməsi
neqativ hallara gətirib çıxarırdı. Bütün şagirdlərə
attestatların verilməsi ictimaiyyət tərəfindən rəğbətlə
qarşılandı. Digər tərəfdən, bu fakt qiymətləndirmə
sisteminin də mükəmməl olmadığını üzə çıxardı. Həmin
şagirdlərdən yüksək göstəricilərlə, hətta 599 balla ali
məktəblərə qəbul olunanlar da oldu.
Ucqar kəndlərdən, rayonlardan paytaxta gəlib vaxt
itirməsinlər deyə 6 yaşdan aşağı olan xüsusi istedadlı
uşaqların məktəbə qəbulunun yerlərdə, bölgələrdə
komissiyalar vasitəsilə həyata keçirilməsi də
valideynlər tərəfindən bəyənilən addımlardandır.
Bütün bu işlərə, təhsilimizə göstərdiyi qayğıya görə biz
ölkə Prezidenti İlham Əliyevə minnətdarlığımızı
bildirir, Təhsil Nazirliyinə də "sağ olun" deyirik.
Zeynal
MEHDİYEV,
Bakıdakı 6 nömrəli tam orta məktəbin valideyn
komitəsinin sədri
Bu gün respublikamızda bütün sahələrdə islahatlar
aparılır. Təhsil sahəsində də köklü dəyişikliklər baş
verməkdədir. Bakı şəhərində və eləcə də bölgələrimizdə
yeni-yeni, müasir tipli məktəblər tikilir və ya əsaslı
təmir olunur. Bu sahədə, yaradılmasının 10 illiyini qeyd
etdiyimiz Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi
qeyd etmək istəyirəm. Fondun Prezidenti, ölkənin birinci
xanımı Mehriban Əliyevanın təşəbbüsü və köməkliyi ilə
uşaq bağçaları, məktəblər və mədəniyyət ocaqları
tikilir.
Dövlət başçısı, cənab İlham Əliyevin sərəncamı ilə
M.Cabbarov təhsil naziri təyin olunduqdan sonra təhsil
sahəsində islahatlara yeni prizmadan yanaşılır.
Təhsilin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət
yetirilir. Nazirliyin son dövrlərdə atdığı addımları, o
cümlədən nazirin "Müəllimlərin bilik və səriştəsinin
sınaq qiymətləndirilməsi haqqında" əmrini, "Ümumtəhsil
müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi
haqqında Müvəqqəti Qaydalar"ı, orta məktəbləri bitirən
şagirdlərin hamısına attestatların verilməsini həm
müəllimlər, həm də valideynlər razılıqla qarşılayıblar.
Uzun illər narazılıq mənbəyi olan məktəb fondlarının
ləğv edilməsini, valideynlərdən pul yığılması hallarının
aradan qaldırılması və təsərrüfat məqsədləri üçün
plastik kartların verilməsinə başlanmasını təqdirəlayiq
hal kimi qiymətləndirirəm. Nazirlik tərəfindən irəli
sürülən tələblər 6 nömrəli tam orta məktəbdə rəhbərliyin
və valideyn komitəsinin iştirakı ilə yerinə yetirilir.
Belə ki, məktəb valideyn komitəsinin üzvləri mütəmadi
olaraq məktəbin ümumi vəziyyətinə, sanitar-gigiyenik
şəraitinə və məktəbə gətirilən qida məhsullarının
keyfiyyətinə nəzarət edirlər. Cənab nazirin qarşıya
qoyduğu vəzifələr məktəb rəhbərliyi və məktəb valideyn
komitəsi tərəfindən komitənin iclaslarında geniş
müzakirə olunur və valideynlərə çatdırılır. Bütün
valideynlər də təhsil sahəsində aparılan islahatları
bəyənir və dəstəkləyirlər. |